image-qanunla-reklam
image-1506112937_2

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxış edib

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23.09.2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxış edib

Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsi beynəlxalq aləmdə müsbət nümunə kimi dəyərləndirilir

İnkişafın milli modelini yaratmış Azərbaycan, eyni zamanda, koronavirus pandemiyasına qarşı effektiv mübarizə nümunəsi ortaya qoyub. Sirr deyil ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi respublikamızda epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına imkan verib. Xüsusilə də, respublikamızın öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilir.
Ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və onların inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini yolverilməz hesab etdiyini açıq şəkildə bildirib. Ölkəmiz tərəfindən Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı irəli sürülmüş qətnamənin yekdilliklə qəbul olunması da Azərbaycanın qətiyyətli mövqeyinin obyektivliyini və dəstəkləndiyini göstərir.
Beləliklə, pandemiya ilə mübarizə məsələsində Azərbaycanın təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir, örnək göstərilir. Koronavirus pandemiyasının müşahidə edildiyi ilk zamanlardan etibarən Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycan dünyada sosial öhdəliklərini vaxtında tam yerinə yetirən yeganə ölkələrdəndir

“Azərbaycan dünyanın az saylı dövlətlərindəndir biridir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görüb, həyata keçirilən düzgün strategiya nəticəsində istədiyinə nail olub. Ona görədir ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə hesab olunur.
COVID-19 pandemiyasının bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam etməsinə baxmayaraq, Azərbaycan hökuməti əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirib: “Azərbaycanda pandemiyanın ilk günlərindən COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Pandemiya zamanı məşğulluğa, sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edilib. Aztəminatlı işsiz şəxslərə aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edilib, 90 min ödənişli ictimai iş yerləri yaradılıb, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailəyə kiçik təsərrüfatlarını qurmasına şərait yaradılıb, 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailə ərzaq yardımı ilə, 20 minədək şəxs işsizlikdən sığorta ödənişi ilə əhatə olunub. Onu da qeyd etmək yerinə düşər ki, ilk sərt karantin zamanı 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilib. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb və bu işə 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödənilib və buna da 40 milyon manat xərclənib. Bütün bu tədbirlərin ümumiləşdirilmiş təhlili onu deməyə əsas verir ki, Azərbaycan dünyada sosial öhdəliklərini vaxtında tam yerinə yetirən yeganə ölkələrdəndir. Hazırda isə ölkəmizdə peyvəndləmə kampaniyası gedir və bu gün hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu bütün addımlarında nümayiş etdirib

Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb, ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb və bütün bu fəaliyyət Azərbaycanın özünün maliyyə resursları hesabına həyata keçirilib. Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb. Bunu BMT-nin, ÜST-ün rəhbərliyinin açıqlamalarından da görmüşük. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib. Eləcə də Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu bütün addımlarında nümayiş etdirib. Bu mənada, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il 3-4 dekabr tarixlərində BMT-nin xüsusi sessiyası baş tutub. Azərbaycan dəfələrlə açıq şəkildə “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını ifadə edib. Məhz, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Uzaq məqsədlərə hesablanmış məkrli qərar

Azərbaycan bu günlərdə böyük qürur hissi ilə milli tariximizdə silinməz iz qoymuş Vətən müharibəsinin başlanmasının, Azərbaycan torpaqlarında 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin ilk ildönümünü qarşılayır. Müstəqilliyimizi bərpa edəndən sonra ilk dəfədir ki, biz rayonlarımızın işğal tarixini yox, azad edilməsini qeyd edəcəyik. Tarixçilər, hüquqşünaslar, siyasi texnoloqlar, hərbi ekspertlər, sənət adamları və digərləri bu əlamətdar və heyrətamiz hadisəni müxtəlif baxış bucaqlarından təhlil etməyə çalışırlar.
Lakin, düşünürəm ki, Qarabağın azadlığı uğrunda Vətən müharibəsinin başlanmasına zəmin yaradan amilləri müstəqilliyimizin əldə olunması, dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpası aspektində araşdırmadan onu dolğun dəyərləndirmək və mahiyyətini tam şəkildə açmaq mümkün deyil.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi sonucda işğal amilini aradan qaldırmaqla haqqın və ədalətin bərpasına xidmət nümunəsi kimi tarixə yazıldı. Qatı millətçi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının kökü çox uzaq mətləblərlə bağlıdır. Tarix sübut etdi ki, həqiqətən də Sovetlər Birliyinin formalaşdığı ilk dövrdə, mərkəzi hakimiyyətinin təzyiqi altında 1923-cü ildə Azərbaycan SSR-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Ümummilli lider Heydər Əliyevin təbirincə desək, “Azərbaycanın içinə qoyulmuş və nə vaxtsa partlayacaq bir bomba idi”.
Düşmənə və onun dünyadakı havadarlarına qarşı bu mübarizədə ölkə Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin ilk gündən nümayiş etdirdiyi qələbə əzmi, mahir siyasətçi və sərkərdəlik məharəti, polad iradəsi Azərbaycan vətəndaşında iftixar hissini yaradan ali keyfiyyətlərdir. Əlbəttə, şübhə yoxdur ki, zaman ötdükcə Vətən müharibəsinin mahiyyəti və fəlsəfəsi araşdırıldıqca, hər kəs onun tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha dərindən dərk edəcək. Və “Qarabağ Azərbaycandır!” ifadəsi bir reallıq olaraq Ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinə sədaqət andı kimi əbədi olaraq səslənəcəkdir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Pandemiya ilə mübarizə

Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. Prezidentimiz çıxışında demişdir ki, “Bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma ən düzgün, ən humanist yanaşmadır. Hər bir yoluxmuş insana tibbi xidmət göstərilir və bu istiqamətdə əlavə addımlar atılacaq.”
İlk vaxtlar virusla mübarizə üçün zəruri olan tibbi avadanlıqların çatışmaması dövlətimizin başçısının diqqətini çəkdi və vacib addımlar atıldı. Bunun üçün ayrıca fabrik yaradıldı, təbii ki, vətəndaşların sağlamlığı, rifah halı yenə ön planda durdu. Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur.
Hər birimiz vətəndaş olaraq öz sağlamlığını qorumalıyıq. Bunun üçün vacib olan qayda və qanunlara riayət etməli, özünü və ətrafındakıları qorumalıdır.

Qnyaz Nağıyev-Dəli Quşçu kənd sakini, fəal gənc

 

Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə qəbul edilib

Azərbaycanın pandemiya ilə mübarizə məqsədi ilə təklifləri dünya dövlətləri və beynalxalq təşkilatlar tərəfindən nəzərə alınır. Azərbaycanın təşəbbüsü ilə bir neçə dəfə videokonfrans formatında beynəlxalq tədbirlərin keçirilməsi göstərdi ki, Azərbaycan digər dövlətlərlə dostluq və əməkdaşlığa önəm verir. Cənab Prezidentin vurğuladığı kimi, “Biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, – o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, – müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar”
Azərbaycan   bu çətin zamanda təkcə öz problemlərini həll etmir, başqa dövlətlərə də yardım göstərir. Prezident İlham Əliyevin dediyi kimi; “Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib”.

Rafiq Məmmədov-Zərdab şəhər sakini, ağsaqqal

 

Beynəlxalq kürsülərdən “peyvənd millətçiliyi”ni açıq tənqid edən Azərbaycan

Bildiyimiz kimi, pandemiya səhiyyə sahəsində qlobal problemlər yaratdı, bir çox ölkələr əvvəlcə zəruri tibbi ləvazimat və avadanlıqların, daha sonra isə COVİD-19-a qarşı vaksinlərin çatışmazlığı ilə üzləşdi. Xüsusən bəzi qərb dövlətlərinin lazım olandan dəfələrlə artıq sayda vaksin dozalarını əllərində cəmləşdirməsi bir sıra az inkişaf etmiş ölkələrdə peyvənd çatışmazlığı problemini yaradıb.
Belə bir qlobal səhiyyə böhranı fonunda Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı çıxış ediərək, buna yol verən dövlətlərin ədalətsiz davranışını açıq şəkildə tənqid edir. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.

Abuzər Xəlilov-Aşağı Seyidlər kənd sakini, ağsaqqal

 

Ədalətli savaş və haqlı Qələbə

Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımız qısa müddətdə – 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqımızda böyük sevinc və qürur hissi yaşatdı: “Hərbi quruculuq işi Prezidentimiz cənab İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindəndir. Prezidentiiz cənab İlham Əliyev demişdir: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir.” Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, kimi miflərə birdəfəlik son qoyuldu”.

Cavid Nuriyev-Vətən müharibəsi iştirakçısı

 

Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalqdır

Bütün fəaliyyəti dövründə Heydər Əliyev doğma xalqına, dilinə və dininə dərindən bağlılığını özünəməxsus mərdanəliyi, cəsarəti, dönməz iradəsi idə bariz şəkildə göstərmişdir.
Bu da bir həqiqətdir ki, Heydər Əliyev milli olduğu qədər, həm də bəşəri idi. O bilirdi ki, bəşəriyyətin yüksək mədəni səviyyəsinə bələd olmadan milli-mədəni irsə, dini adət-ənənələrə, mənəvi dəyərlərə layiqincə, səmərəli münasibət bəsləmək çətindir.
Bu ənənə böyük Heydər Əliyev yolunu uğurla, müasir dünyanın tələbləri səviyyəsində qura bilmiş çox müdrik Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya dövlət idarəçilik siyasətinə yaxşı bələd olan cənab İlham Əliyev öz fəaliyyətində həmişə milli kökə bağlılığa, islami dəyərlərin, insanların mənəvi kamilliyinin formalaşdırılmasında əhəmiyyətinə diqqət verir. Ona görə də xalq bu gün öz Prezidentinin milli dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir.
“Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalqdır. Mən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu ili “Nizami Gəncəvi İli” elan etmişəm. XII əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı deyib. Prezidentin dediyi kimi, Nizami Gəncəvinin 880 il bundan əvvəl dediyi hümanizm, ədalət, bərabərlik, sülh, toleranlıq BMT-nin mövcud prinsiplərinə uyğundur, hətta eynilik təşkil edir.
Prezident İlham Əliyev olduqca mühüm bir faktı gündəmə gətirib, beynəlxalq aləmin diqqətinə çatdırıb. Bu amil Azərbaycan mədəniyyətinin, mənəvi dəyərlərinin, sülh və humanizm prinsiplərinin beynəlxalq təqdimatında çox mühüm rola malikdir. Biz Nizami irsini təbliğ etməklə ölkəmizi, mədəniyyətimizi, ədəbiyyatımızı dünya çapında bir daha təbliğ etmiş, tanıtmış oluruq. “Əlbəttə, o xalq xoşbəxtdir ki, onun milli mentalitetində bütün həyatını insanların xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən dahilər var. Bizim dahilərin yaradıcılığında, görüşlərində hümanist dəyərlər həmişə öndə olub. Əlbəttə ki, bu cür dahiləri yetişdirən xalqın özü də məhz həmin dəyərlərə sahib olan bir xalqdır.
Azərbaycan müstəqil dövlət kimi özünü sübut edib, amma Ermənistan başqa dövlətlərin əlində oyuncaqdı. Bu da onun göstəricisidir ki, Ermənistanda Nizami çapında, Nizami səviyyəsində heç bir dahi yetişdirilməyib. Bu da ondan irəli gəlir ki, əsrlərdən bəridir ermənilər miflərlə, uydurmalarla yaşayırlar, keçmişi ideallaşdırırlar. Keçmişlərində də bir şey yoxdu. Ona görə də nağıllar quraşdırırlar. Amma Azərbaycanın bu cür dahiləri var, Azərbaycan o dahilərdən ilham alıb müstəqil dövlətçiliyini daha da inkişaf etdirir. Bu baxımdan, əlbəttə ki, bizə bu gün Nizaminin əsərləri, Xətainin əsərləri, Axundzadənin əsərləri və başqa dahilərimizin əsərləri lazımdı. Bütün bunlar Azərbaycan xalqının mədəniyyətinin qədimliyini, zənginliyini, xalqımızın böyüklüyünü göstərir. Bunun nəticəsidir ki, son zamanlar dünyada Azərbaycana çox böyük hörmət-ehtiram var. Bütün bunlar bizim müstəqil dövlətimizin mədəni irsimizə göstərdiyi yüksək qayğı və diqqətin nəticəsidir ki, dünya artıq bizi bu yöndən tanıyır.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Ermənistan hərbi cinayətkardır

Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı, səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım oldu. Prezidentimiz qalib dövlətin lideri kimi beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi.
Prezident İlham Əliyev BMT-nin yüksək kürsüsündən milli maraqlarımız naminə qətiyyətli mövqe sərgilədi, bütün dünyaya açıq şəkildə Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi cinayətlər, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsini və BMT Nizamnaməsini əsas götürərək Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi barədə məlumat verdi. Dövlətimizin başçısı Qarabağla bağlı tarixi həqiqətləri, Ermənistanın ölkəmizə qarşı 30 il ərzində təcavüzkar mövqe tutmasını, xalqımıza qarşı törədilən erməni terrorunu və digər həqiqətləri iştirakçıların diqqətinə çatdırdı. Prezident çıxışında ermənilər tərəfindən törədilən hərbi təxribatları vurğulayaraq, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaşın həlak olduğunu, eləcə də avqust ayında Ermənistanın diversiya qrupunun keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdiklərini, lakin bunun qarşısının uğurla alındığını bildirdi.
Sentyabrın 27-də Azərbaycan öz ərazisində Ermənistana qarşı genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Prezident öz çıxışında qeyd etdi ki, “44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi.
Prezident İlham Əliyev zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməklə erməni faşizmini ifşa etdi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı, etnik təmizləmə siyasətini faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Erməni cəmiyyəti etnik nifrət və düşmənçilik üzərində qurulub, Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Dünya dövlətləri neo-faşizmlə mübarizə apardığı bir dövrdə ermənilər nasist general Qaregin Njdenin simasında nasizmi vəsf edir. Beləliklə, Azərbaycan öz Qələbəsi ilə təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib, regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına nail olub.
“BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Prezident İlham Əliyevin təşkilata üzv dövlətlərin diqqətinə çatdırdığı mühüm məqamlardan biri də beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda yaranmış yeni reallıqlarla hesablaşması, Ermənistanda revanşizm və hərbiləşdirməyə hər hansı dəstəyin göstərilməməsinin vacibliyinin qeyd edilməsidir. Azərbaycan regionda tarixi ədaləti bərpa edib, yeni reallıq yaradıb. Ermənistan bu reallığı qəbul etməlidir. Beynəlxalq ictimaiyyət bu istiqamətdə müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Şahnaz Mustafayeva-Zərdab rayon tarix-diyarşünaslıq muzeyinin direktoru

 

Ədalətli savaş və haqlı Qələbə

44 günlük müharibədə çoxəsrlik dövlətçilik tarixinin ən parlaq və bənzərsiz qələbəsini qazanan Azərbaycan haqlı, güclü və qalib dövlət kimi möhtəşəm Zəfər salnaməsi yaradıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, dövlətimizin qüdrəti, xalqımızın həmrəyliyi, mübarizə əzmi və ordumuzun gücü sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunması şərəf və qürur tariximizdir. Bu qələbə, eyni zamanda, tarixi ədalətsizliklərin aradan qaldırılması, yeni reallıqların yaradılması və milli tərəqqinin gələcək konturlarının müəyyənləşdirilməsi baxımından da olduqca əlamətdardır. Müzəffər Ali Baş Komandanımız Ilham Əliyev çıxışlarında Azərbaycanın qələbəsinin necə möhtəşəm və əzəmətli, əhəmiyyətli olduğunu diqqətə çatdıraraq -“Bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”,-deyə vurğulayır. Həqiqətən də, bu gün dünyanın nüfuzlu ali hərbi məktəblərində və strateji tədqiqat mərkəzlərində öyrənilən İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Çünki bu müharibə Azərbaycan xalqının Qurtuluş savaşı olması ilə yanaşı, ədalətin və iradənin təntənəsi, həmçinin dövlətimizin regionda təhlükəsizliyin təmin olunması üçün  haqlı mübarizəsi və strateji qətiyyəti idi.  Azərbaycan həm dövlətimizin gücünün, həm də xalqımızın həmrəyliyinin rəmzi olan “Dəmir yumruq” vasitəsilə təkcə işğalçı Ermənistanı məğlubiyyətə uğratmadı, həm də döyüş meydanında erməni faşizminin başını əzdi – belini qırdı, separatizmi məhv etdi, beynəlxalq birliyin bəzi üzvlərinin ikili standartlara əsaslanan siyasətini iflasa uğratdı Bu, bütün təzyiqlərə və  ədalətsizliklərə baxmayaraq, bir dövlətin olduqca mürəkkəb beynəlxalq şəraitdə öz hərbi-siyasi qüdrəti vasitəsilə ərazi bütövlüyünü bərpa etməsi, BMT-nin uzun illər ərzində kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etməklə hüququn təntənəsinə və ədalətin öz yerini tapmasına müvəffəq olmasıdır.
44 günlük müharibə böyük bir qəhrəmanlıq dastanına çevrildi. Torpaqlarımız danışıqlar, müzakirələr yolu ilə yox, məhz hərbi yolla azad olundu. Xalqımız döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı, onların intiqamı düşməndən elə döyüş meydanında alındı. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində qısa vaxt ərzində qələbə qazandıq. Nəhayət, imzalanan bəyanatla düşmən məğlubiyyətini etiraf etdi.
Bəli, biz qələbə qazandıq… Ancaq itkilərimiz, şəhidlərimiz də az olmadı. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçdilər. Torpağı Vətən edən, vətənləşdirən də məhz onlardır.
Bu sevinci bizlərə yaşadan məhz Azərbaycan əsgəri, Azərbaycan zabiti oldu.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

Xanım İmanova-Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki