image-qanunla-reklam
image-389a0-1639834349

Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib

image-lady-day-az

Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib.

BÜTÜN DÜNYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ QARABAĞI AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİ KİMİ TANIYIR

Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak edən ölkə başçısı İlham Əliyev İspaniyanın “El Pais” qəzetinin müxbirinə geniş müsahibə verib. Sammitdə və çoxsaylı görüşlərdə Azərbaycan Prezidentinin kifayət qədər uğurlu çıxışları, inamla verilən mesajları dünya mediasının diqqətini cəlb edib. Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinin verdiyi suallara həmişə olduğu kimi, son dərəcə təmkinlə, arqumentlərlə, faktlarla cavab verdi və Ermənistanın riyakar siyasətini ifşa etdi.
Azərbaycan Lideri ölkəsinin haqlı mövqeyini bir daha ortaya qoydu. Ən əsası odur ki, ölkəmizin mövqeyi dəstəkləndi. Ölkə Prezidenti çox peşəkarcasına regionla, postkonflikt dövrü ilə, regionda açılacaq kommunikasiyalar, yollarla, Zəngəzur dəhlizi ilə, Laçın dəhlizi ilə bağlı son dərəcə ciddi, qətiyyətli mesajlar verdi və bu mesajlar birmənalı şəkildə əvvəlki mesajları bir daha möhkəmləndirən, bir daha əsaslandıran mesajlar idi. Brüsselə səfər son dərəcə uğurlu bir səfər, uğurlu bir görüş oldu. Ölkə Prezidentinin Avropa Birliyində bütün görüşləri Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir. Müsahibədə qeyd edilib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hərbi əməliyyatlar başa çatdıqdan və birgə Bəyanat imzalandıqdan sonra isə saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar.
Dövlət başçısı qeyd edib ki, həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir: “Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib”. Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidir və bu, istənilən ölkədə belədir. İlham Əliyev müsahibəsində qeyd edib ki, postmüharibə vəziyyətinin gedişatından göründüyü kimi əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır.
Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibə verən İlham Əliyev bir daha vurğulayıb ki, Ermənistana dəfələrlə mesaj ünvanlasa da, rəsmi İrəvan köhnə ampluasından əl çəkmir. Bu onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir.
Prezident ümid etdiyini bildirib ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Əks təqdirdə Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər.

Könül Rəhimova – Zərdab rayonu Heydər Əliyev Mərkəzinin direktoru

 

30 İL ƏRZİNDƏ ERMƏNİSTAN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ AZƏRBAYCAN MƏDƏNİ İRSİNƏ QARŞI SOYQIRIMI TÖRƏDİB

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər və etdiyi çıxışlar, eyni zamanda, Avropanın bir sıra ölkələrinin liderlərinin çıxışları onu göstərdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaratdığı yeni reallıq çox şeyi dəyişib. Dövlətimizin başçısının ifadə etdiyi kimi, beynəlxalq oyunçular artıq yeni reallığa görə mühakimə yürütməyə başlayıblar. Görüşlər əsnasında Avropa İttifaqı bölgədə sülhün bərqərar olması, bütün kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində birmənalı mövqe ifadə etdi. Yəni, müharibəyə hər hansı bir şəkildə qayıdış imkanlarının ortadan qalxmasına yönələn mövqe sərgilədi. Bütün bunlar onu göstərir ki, əvvəllər Azərbaycanın əleyhinə mövqe sərgiləyən dövlətlərin təmsilçiləri artıq hiss edirlər ki, münaqişənin hər hansı bir şəkildə yenidən alovlanması onlar üçün də ciddi problemlər yaradacaq.
Bu gün bütün dünya, o cümlədən Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanın yaratdığı yeni regional reallıqları qəbul edir və Cənubi Qafqazda öz təşəbbüslərini məhz bu reallıqlar əsasında formalaşdırmağa meyllənirlər. Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu da bütün Avropa ictimaiyyəti üçün kifayət qədər böyük maraq doğurur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibənin mövzusu da əsasən məhz marağın doğurduğu suallar ətrafında formalaşmışdır. Qeyd etmək lazımdır ki, bu müsahibə post-müharibə dövründə regionda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, tərəflərin imzaladıqları üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri hansı səviyyədə yerinə yetirmələri və digər bu kimi vacib məsələlər barədə məlumatların Avropa və dünya ictimaiyyətinə çatdırılması baxımından böyük siyasi əhəmiyyət kəsb edir.
Ermənistan otuz ilə yaxın zaman kəsiyində işğal etdiyi ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədərək, şəhər və kəndlərimiz yerlə-yeksan etmişdir. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdikləri vandallığı öz gözləri ilə görmüşlər. Ağdam, Füzuli mövcud deyil, kəndlərimiz və qəsəbələrimiz tamamilə yerlə-yeksan edilmişdir. Meşələrimiz ekoloji soyqırımına məruz qalmışdır. XXI əsrdə belə vəhşiliklərin törədilməsi heç bir vəchlə unutdurula bilməz. Bu tarixin üz qarasıdır və bunları törədənlər də özlərin “ən qədim sivilizasiyaya malik olduqlarını” elan edən ermənilərdir.
Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, irəliləyiş üçün şans var.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev mərkəzinin muzey bələdçisi

 

AZƏRBAYCAN XXI ƏSRİN MÜHARİBƏSİNİ APARDI VƏ BU, BEYNƏLXALQ HƏRBİ MÜTƏXƏSSİSLƏRİN ÜMUMİ DƏYƏRLƏNDİRMƏSİDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə vermişdir. Ali Baş Komandan həmin müsahibəsində bir çox məsələlərə toxunmuş və onları cavablandırmışdır.
44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.
Müharibədən sonra Azərbaycan tərəfi humanistlik göstərərək, bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunun əyani iştirakçıları olduğu üçün, bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndərilmişdilər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar. Bu cür proseslər Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmuşdur.
Məlum olduğu kimi Azərbaycan 44 gün ərzində XXI əsrin müharibəsini apardı və bu, beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsidir. Səmərəliliyin səbəbi təkcə dronlarda deyil, eyni zamanda yüksək peşəkarlıqla aparılmış kəşfiyyat işləri ilə əlaqədardır. Kəşfiyyat dronları, kamikadze dronları və qırıcı dronlar effektiv şəkildə Ordumuz tərəfindən istifadə olunmuşdur. Cənab Prezident İlham Əliyevin mövqeyi tamamilə açıq və aydındır. Azərbaycan sülh istəyir, müharibə yox. Azərbaycan İkinci Qarabağ müharibəsinin qalib dövlətidir və bu reallıq nəzərə alınmalıdır.
Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, irəliləyiş üçün şans var.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

Rəsmi İrəvanın hərbi cinayətləri davam edir.

Qədim tarixə, qüdrətli dövlət ənənələrinə, zəngin milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı özunun 5 min illik tarixi ilə fəxr edir. Yaxın və Orta Şərq ölkələrinin, eləcə də, türkdilli xalqların tarixində ilk dövlətçilik ənənələri qurub inkişaf etdirən Azərbaycan xalqı hazırki müasir dövrümüzdə də hüquqi, dünyəvi, demokratik dövlət yaradaraq dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrilmişdir.
Dünyanın bir çox dövlətləri tərəfindən qəbul edilən və təsdiqlənən bu həqiqətlər bədnam qonşularımızın qanını qaraldır, antiazərbaycan siyasətini daha da gücləndirirdi. Xalqımızın ən qədim zamanlardan bu günə qədər keçdiyi şərəfli tarixə kölgə salmağa, öz zəhərli ideologiyalarını bütün dünyaya yaymağa cəhd göstərirdilər.
Əsrlər boyu Azərbaycan və Türkiyə torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək “dənizdən dənizə” böyük imperiya yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər.
Tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə, hətta mətbəximizə belə göz dikərək, mənimsəmək, özününkiləşdirmək istəmişlər. İşğal altında olan tarixi abidələrimizi – Azıx mağarasını, Hünərli kəndindəki Alban məbədini öz tarixi nümunələri kimi dünyaya təqdim etmək məqsədi ilə yazılar yazmış, lakin məqsədlərinə nail ola bilməmişlər.
Rəsmi İrəvanın hərbi cinayətləri bu gün də davam etməkdədir. Baxmayaraq ki, ordumuzun tutarlı zərbəsindən sonra iflic olmuş düşmən hər vəchlə öz çirkin, mənfur əməlindən əl çəkmir. Bütün Ermənistan siyasi, psixoloji böhran içərisindədir və onlar heç cür öz məğlubiyyətləri ilə barışa bilmirlər. Lakin düşmənin son çırpınışları heç bir nəticə verməyəcək və heç bir qüvvə bizim böyük qələbəmizə kölgə sala bilməz.
Şükürlər olsun ki, bu gün Ali Baş Komandanın qətiyyəti, xalqımızın əzmi və ordumuzun rəşadəti sayəsində düşmən məğlub edilmiş, tarixi ədalət bərpa olunmuşdur.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

 

Ermənistan region üçün təhlükə və təhdid mənbəyidir

Azərbaycan müstəqilliyini bərpa etməklə yanaşı, həm də ərazi bütövlüyü uğurunda mübarizə aparıb. Bu dövrdə Xalq Cümhuriyyəti dövründə olduğu kimi Azərbaycanın dostları və düşmənləri eynidir. Erməni havadarları, türk düşmənləri Azərbaycanın tarixi və dədə-baba torpaqlarında “Ermənistan” adlı qondarma dövlət yaratdı. Bu ölkə mövcud olduğu illərdə region üçün təhlükə və təhdid mənbəyidir. Gürcüstan, İran, Türkiyə və Azərbaycana ərazi iddiası ilə çıxış edir, region dövlətləri arasında qarşıdurma yaradır.
Sovet İttifaqının son illərində və ondan sonra bu qondarma dövlət Azərbaycana qarşı açıq fəaliyyətə başladı, havadarlarının yardımı və bütün sahələrdə dəstəyi ilə onun ərazilərini işğal etdi. Beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın ərazi bütövlüyü pozuldu. Beynəlxalq təşkilatların bütün tədbirlərində rəsmi Bakı ərazi bütövlüyü məsələsini diqqətə çatdırıb. Bunun nəticəsində BMT məsələ ilə bağlı 4 qətnamə qəbul edib. Məsələnin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Minsk Qrupu və həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyıblar. Bu, həm də ölkə ərazilərinin işğaldan təmizlənməsinin dəstəklənməsi demək idi.
Bütün bu kimi məsələləri əsas götürən Azərbaycan tərəfi Ermənistanın atəşkəsi pozmasına, yeni ərazilər ələ keçirməsi iddialarına cavab olaraq öz torpaqlarını işğaldan azad etdi.
44 günlük müharibənin nəticəsi olaraq Rusiyanın vasitəçiliyi, həmsədrlərin dəstəyi əsasında Azərbaycan, Rusiya və Ermənistan liderləri üçtərəfli atəşkəs bəyanatını imzaladı. Həmin sənəddə Ermənistan hərbçilərinin Azərbaycan torpaqlarından çıxması, qaçqınların öz yurdlarına qayıtması, Zəngəzur nəqliyyat dəhlizinin açılması kimi regionun inkişafına, əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına təkan verəcək məsələlər öz əksini tapıb.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Ermənistanın sülh bağlamaqdan imtinası Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi deməkdir

Ötən ilin sonlarında Fransa da daxil olmaqla Ermənistanın başqa havadarları regional əməkdaşlıqdan daha çox bəhs edirdilər. Belə hesab olunurdu ki, Cənub Qafqaza sabitlik, rifah və sülh gəlir.
Ancaq Ermənistanın Azərbaycanla sülh sazişini imzalamağa hazır olmaması, iki ölkə arasında sərhədlərin müəyyənləşməsində təxribat törətməsi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin atəş açması rəsmi İrəvanın regionda sabitliyi yenidən pozmağa cəhdi kimi də dəyərləndirilə bilər.
Ermənistanın sülh bağlamaqdan imtinası Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi deməkdir. Belə olan şəraitdə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü niyə tanımalıdır? Yuxarıda da qeyd etdiyimiz kimi bu qonşu dövlət Azərbaycan torpaqlarının üzərində qurulub. Başqa sözlə, İrəvan, Zəngəzur və Göyçə Azərbaycanın tarixi, əzəli əraziləridir. Ermənilərin, Ermənistanın və havadarlarının Azərbaycanın ərazi bütövlüyünə mövcud münasibəti adekvat hadisəni yaradır.
Bu baxımdan Ermənistanın ərazi məsələsi ilə bağlı Azərbaycana qarşı atacağı addımların da cavabsız qalmayacağı istisna edilmir. Bu isə Azərbaycanın öz tarixi torpaqlarını azad etməsi ilə də nəticələnə bilər.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Ermənistan və havadarları Azərbaycana qarşı təbliğat kampaniyası aparmağa çalışırlar

Son zamanlar Ermənistan Azərbaycanla dövlət sərhədində vəziyyəti qəsdən gərginləşdirir. Azərbaycanın işğaldan təmizlənən ərazilərinə Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilər atəş açır. Bütün bu təxribat, pozuculuq fəaliyyəti Azərbaycan tərəfi daha sərt addımlar atmağa təhrik etməyə hesablanıb. Ermənistan və havadarları bu yolla Azərbaycana qarşı təbliğat kampaniyası aparmağa çalışırlar.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənub Qafqaza səfərindən əvvəl Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdikləri, Qarabağda atəşkəsi pozması heç də təsadüfi deyil. Rəsmi İrəvan və havadarları Avropa İttifaqı ilə ABŞ-ın regionda əməkdaşlığı dəstəkləməsinə qarşı atılan addımdır.
Qeyd edək ki, Şarl Mişel əməkdaşlıqla bağlı tvitter hesabında yazıb: “Azərbaycan və Ermənistanda etimad tədbirlərinin təşviqi Avropa İttifaqı və ABŞ arasında səmərəli əməkdaşlıq nümunəsidir”. O, Aİ və ABŞ-ın Cənubi Qafqazda münaqişələrin həlli üzrə birgə iş apardığını qeyd edib.
Göründüyü ki, Şarl Mişelin açıqlaması Azərbaycanın regional əməkdaşlığa dair tutduğu mövqeyin doğruluğunu bir daha təsdiqləyir. Ermənistan və havadarları isə təxribat və pozuculuq fəaliyyəti göstərərək ABŞ-la Avropa İttifaqının regional əməkdaşlıq məsələlərə dair istəklərinə qarşı çıxırlar. Bu da Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın pozulması ilə nəticələnə bilər. Odur ki, Ermənistan və havadarları dünyada, eləcə də regionda baş verən dəyişikliklərdən dərs çıxarmaq istəmir. Cənub Qafqazda gərginliyi artırmağa çalışırlar. Dünya dövlətlərinin təhlükəsizliyi isə artıq çoxdandır bir-birindən asılıdır. Deməli, Ermənistan Azərbaycanla sülh bağlamamaq, ərazi bütövlüyünü tanımamaqdan imtina etməklə beynəlxalq təhlükəsizliyi təhdid edir, əməkdaşlığa və inkişafa mane olmaq istəyir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Bu gün dünya siyasətçiləri İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir.

Bir il öncə Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayırdı. Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq.
Bu gün dünya siyasətçiləri İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir. Xarici siyasəti necə məharətlə həyata keçirməsindən fəxarətlə söz açır. Vətən müharibəsi bizə bir daha sübut etdi ki, cənab Prezident xalqını sevən, ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir. Cənab Prezident üçün bu il heç də asan keçmədi: bir tərəfdən dünyanı cənginə alan koronavirusun yaratdığı çətinliklər, bir tərəfdən dünya iqtisadiyyatında baş verən çətinliklərin Azərbaycana təsir etməməsi üçün görülən işlər, digər tərəfdən nankor düşmənlə müharibə etmək. “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini tapdı. Ölkə başçımız ötən il noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı. “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi” söyləyən dövlət başçısı İlham Əliyev diplomatik uğurları ilə də sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. İşğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yeri vardır. Dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı.
“Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Nailə Əliyeva Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib

Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz və işğalçılıq siyasətinin eyni zamanda Azərbaycanın mədəni irsini hədəf aldığı məlumdur. Ermənistanın işğalçılıq siyasətinin məqsədlərindən biri də qəsdən Azərbaycan xalqının milli irsinin dağıdılmasıdır. Bu, etnik və mədəni təmizləmə, müharibə cinayətləridir. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən mədəni soyqırımı Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, dünya mədəniyyəti abidələrinə qarşı edilən hücumlardır.
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı, mədəni irsini talan etdiyi, tarixi abidələrini dağıtdığı Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir. Zəngin mədəni irsə malik Qarabağın Azərbaycana Pənahəli xan Cavanşir, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Molla Pənah Vaqif, Bülbül, Əbdürrəhim bəy Haqverdiyev kimi dahi şəxsiyyətlər və mədəniyyət xadimlərini bəxş etmişdir. Ənənəvi Qarabağ atüstü oyunu Çovqanın, əsasən Qarabağda formalaşan Azərbaycan muğamının və Azərbaycan xalçasının UNESKO-nun müvafiq siyahılarına daxil edilmişdir.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan tarixi abidələrin dağıdılması, mədəni irsin talan edilməsi bu ərazilərdə azərbaycanlıların mədəni kimliyini məhv etmək məqsədi güdür. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında azərbaycanlı əhalinin əsrlərlə yaşamasına dəlalət edən tarixi abidələrin dağıtmaq bu izləri itirmək, azərbaycanlıların mədəni kimliyini yox etmək cəhdidir.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru

 

 

Azərbaycanın artan iqtisadi qüdrəti

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Fərqli mədəniyyətlərin, Şərq və Qərb sivilizasiyalarının təmas mərkəzidir. Aydın strateji baxışı, faydalı təşəbbüsləri ilə ümumilikdə dünyamızın bugünü və gələcəyinə dəyərli töhfələr verən ölkədir. Belə bir səviyyəyə Azərbaycan, ilk növbədə, iqtisadi inkişafı sayəsində nail ola bilib. Çünki iqtisadi imkanlar, maliyyə resursları bütün inkişaf proseslərinin təməl qaynağıdır. Azərbaycanın getdikcə yüksələn iqtisadi imkanları, qazanılan sosial-iqtisadi nailiyyətlər ölkəmizin bu günü və gələcəyi üçün bir sıra strateji qərarların icrasına həyat verir. Onların reallaşdırılmasına imkan yaradır. 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə, təxminən 30 ildən sonra torpaqlarımızın düşməndən təmizlənməsində də iqtisadi amillər çox mühüm rol oynadı. Azərbaycan ötən onilliklərdə əsas imkanlarını sosial-iqtisadi inkişafa yönəltdi. Həyata keçirilən inkişaf proqramları ilə işğalçı Ermənistan üzərində böyük üstünlüklər qazandı. Zaman ölkəmizin xeyrinə işlədi. İşğalçılıq siyasəti üzündən getdikcə daha böyük problemlərlə üzləşən, əhalisinin böyük hissəsi ölkəni tərk etdiyindən demoqrafik böhran yaşayan, vətəndaşları səfil gününə düşən, başqa ölkələrdən asılılığı artan yoxsul Ermənistandan fərqli olaraq Azərbaycan bu illərdə dünyanın ən yüksək inkişaf dinamikasına malik ölkələrindən biri statusunu qazandı.
Malik olduğumuz iqtisadi imkanlar beynəlxalq münasibətlər sistemində də ölkəmizin mövqelərini getdikcə gücləndirməkdədir. Bu, bir tərəfdən kim güclüdürsə, əksəriyyətin məhz onun yanında olmağı üstün tutması ilə bağlı tarixi reallıqlardan irəli gəlirsə, digər tərəfdən də Azərbaycanın yaratdığı faydalarla bağlıdır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Rəsmi İrəvanın hərbi cinayətləri davam edir

Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın mənfur siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kimlərinsə arxasında gizlənən bu xain millət, başqa xalqların qanının axıdılmasından daim həzz almışdır. Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir.
Hazırda Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir. Belə ki, Azərbaycan artıq  törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın təhlilləri aparılır. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri addımlar atılacaqdır. Ermənistan hərbi-siyasi rəhbərliyi və tərəfindən müharibə dövründə çoxsaylı humanitar hüquq normalarının kobud şəkildə pozulması halları baş verib. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir. Düşmən açıq şəkildə bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirərək beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmuşdur.
Son günlər rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədində süni şəkildə gərginlik yaradır. Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşməsinə və bu proseslərin adi rejimdə, sistematik qaydada icra olunmasına baxmayaraq, qarşı tərəf məsələni siyasiləşdirərək təxribatçı mövqe sərgiləyir.

 

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün zəminin yaradılmasına çoxlu töhfə verir

Brüsseldə Prezident cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü göstərdi ki, ölkəmizin bu təşkilatla əlaqələrinin uğurla inkişaf etdiyi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində önəmli dəstək göstərir.
Konstruktiv mühitdə keçən bu görüşdə bir sıra önəmli məsələlər–Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi, Avropa İttifaqının bu istiqamətdə respublikamıza texniki yardım göstərməyə hazır olması, Ermənistan–Azərbaycan dövlət sərhədinin delimitasiyası məqsədilə hər iki tərəfin iştirakı ilə müvəqqəti işçi qrupun yaradılması barədə razılığa gəlinməsi, eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ermənistan tərəfi öz ərazisindən dəmiryolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edərək, bu layihənin icrasına tezliklə start verəcəyini bildirib və burada gömrük və sərhəd nəzarət prosedurunun qarşılıqlı prinsip əsasında reallaşacağı barədə razılığa gəlib. Avtomobil yolu marşrutunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin isə davam etdiriləcəyi nəzərdə tutulub. Bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyini təsdiqlədiyini nümayiş etdirir.

Şəhla Eminova –əməkdar müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki