image-qanunla-reklam
image-save_20210409_124854

Prezident İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi

image-lady-day-az

44 günlük müharibə Zəfərlə başa çatdı. Tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atıldı. Bu müharibə bir daha Azərbaycanın əyilməz ruhunu göstərdi.

Müzəffər ordumuzun 44 günlük müharibədə gücünü və qəhrəmanlığını görmək hamımıza nəsib oldu. Bunları bizə bəxş edən, qatı düşmənə qarşı amansız döyüşlərdə qəhrəmanlıq göstərən ordumuz və adını tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandan İlham Əliyevdir.

Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən uğrunda canlarından keçən igidlərimizin qanı yerdə qalmadı. Qəhrəman ordumuz bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımının qurbanlarının qisasını aldı, düşməni darmadağın etdi. Torpaqlarımız 30 illik işğaldan sonra ana vətənə qovuşdu.

Vətən savaşından sonra ən mühüm hadisələrdən biri də Ali Baş Komandanın işğaldan azad olunmuş bölgələrə səfərləri oldu. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan səfərlərindən sonra möhtərəm Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri də olduqca əhəmiyyətli idi.

Dövlət başçımızın indiyədək işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə etdiyi səfərləri kimi, Şuşaya səfəri də Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür.

Prezident İlham Əliyev müharibə günlərində 30-a yaxın xarici KİV-ə müsahibə verərək Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırdı. Onların bir qismi erməni diasporundan tapşırıq alaraq təxribatçı suallar verirdilər. Amma cənab İlham Əliyev jurnalistlərin suallarını təmkinlə cavablandırdı, qətiyyətlə Azərbaycanın haqlı mövqeyini əsaslandırdı. Prezident təxribatçı suallara elə cavablar verirdi ki, jurnalistin mövzunu dəyişməkdən başqa yolu qalmırdı.

Bu müharibədə xalqımız milli həmrəylik nümayiş etdirdi, Prezidentin ətrafında səfərbər oldu. Xalqımız heç vaxt bu müharibədə olduğu kimi vətənpərvərlik nümunəsi göstərməmişdi. Buna görə bir daha azərbaycanlı olmağımızla fəxr etdik, qürur duyduq. Xalqımız həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdi və bu yumruqla düşmənin başı əzildi. Müharibə günlərində xalqımız hər gün səbirsizliklə İlham Əliyevin müraciətini gözləyir və ya “Twitter” hesabını izləyirdi. Çünki hamı bilirdi ki, Prezident yeni qələbə müjdəsini çatdıracaq.

20 Yanvar faciəsinin 31-ci ildönümündə xalqımız Şəhidlər xiyabanını vüqarla ziyarət etdi. Çünki bu dəfə müharibədə qalib gəlmiş xalq olaraq şəhidlərimizi ziyarət edirdik. Onların ruhu indi rahatdır, şaddır. Çünki qanları yerdə qalmadı, uğrunda canlarından keçdikləri ana torpaq azad edildi.

Ermənistanın itkiləri isə elan etdikləri rəsmi rəqəmlərdən qat-qat çoxdur. Çünki sıravi ermənilərin özləri də deyirlər ki, itkilərin sayı gizlədilir, düzgün hesablanmır. Hətta Ermənistanın aidiyyəti qurumları erməni əsgərlərinin cəsədlərinə yaxın durub aparmaq istəmirdilər. Çünki həm itkilərinin sayını gizlədirdilər, həm də əsgər valideynlərindən qorxurdular.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra həm də bütün dünya erməni vandallığını, barbarlığını gördü. Hətta bayrağımızı asmaq üçün Füzulidə bir dirək belə tapılmadı. Erməni vandalları Kəlbəcəri tərk edərkən evlərə, meşələrə od vurdular. Əllərinə keçən hər şeyi daşıyan, apara bilmədiklərinə od vurub yandıran bir xalqın nümayəndələrindən bundan artıq nə gözləmək olardı.

Ermənistan öz xislətindən irəli gələrək milli-mədəni, tarixi və dini abidələrimizi  dağıdıb, onları erməniləşdirməyə cəhd etmiş, məscidlərimizi murdarlamışlar. On minlərlə tarixi eksponat Ermənistana daşınmış, Azıx mağarasında qeyri-qanuni tədqiqatlar aparılmışdır. O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib, oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olmuş, meşələr, qiymətli ağac növləri kəsilmiş, tarixi Orta əsrlərə qədər uzanan ağaclar məhv edilmişdir. Qarabağ bölgəsinin hər qarışı qiymətli metallarla zəngindir. 30 ilə yaxın müddətdə Ermənistan onları talayaraq oğurlamış, cinayətkarcasına mənimsəmişlər.

Hazırda qarşıda duran əsas vəzifələrdən biri işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərin hesablanması və işğalçı barədə beynəlxalq hüququn tələblərinə uyğun ölçü götürülməsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək. Ermənistan müharibə cinayətlərinə görə cavab verəcəkdir.

İşğal altında olan şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət göstərmək nümunəsinə çevrildilər. Düşmənin 30 ildə qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə həkk olundu. Eyni zamanda Azərbaycan xalqı bu müharibədə yumruq kimi birləşdi, öz Prezidentinin ətrafında səfərbər oldu.

44 günlük müharibədə Azərbaycan ilk dəfə olaraq öz tarixi ərazilərini işğaldan azad etdi. Prezident İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Bu gün ermənilər özləri də etiraf edirlər ki, İlham Əliyevə qalib gəlmək mümkün deyil.

 

Mehman Xankişiyev

Şəki rayon prokuroru, ədliyyə müşaviri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki