“Tam məsuliyyətlə demək olar ki, COP29 komandası öz işinin öhdəsindən şərəflə gəldi”
Azərbaycanın mükəmməl təşkilatçılığı ilə reallaşan BMT-nin COP29 qlobal iqlim tədbiri uğurla başa çatdı. Təsadüfi deyil ki, sessiyanın sonuncu günü tədbirin yüksək səviyyəli təşkilinə görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə qəbul olundu. Ayrıca BMT Baş katibi Antoni Quttereş, ABŞ prezidenti Co Bayden, dünyanın bir sıra digər liderləri COP29-a uğurlu ev sahibliyinə görə ölkəmizə təbrik və təşəkkür etdilər.
“Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”.
Bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib.
“Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”, – deyə paylaşımda bildirilib.
Prezident habelə COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi adlandırıb.
Sirr deyil ki, Bakının ev sahibliyinə kölgə salmaq üçün anti-Azərbaycan çevrələr əlindən gələni etdi. Amma Prezidentin də vurğuladığı kimi, çirkin hədəflərinə çata bilmədilər. Təbii ki, Azərbaycan həm təşkilatçılıq, həm də təşəbbüskarlıq baxımından hər şeyi etdi ki, BMT konfransı qarşıya qoyduğu hədəfə xeyli yaxınlaşsın. Bunu bacardı.
Bakı konfransı bitdi, görəsən, Qərbdəki anti-Azərbaycan kampaniyası necə, heç olmasa, səngiyəcəkmi?
Günay Ağamalı
Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etməklə beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı bacardı: “Rəsmi Bakı dünya ölkələrinin, xüsusilə inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu üçün bütün qüvvəsini səfərbər etdi. Nəticədə Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu. Bu, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə, xüsusilə kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə bağlı mübarizədə hər il minimum 300 milyard dollar həcmində vəsaitin ayrılması deməkdir. BMG razılaşması COP29 çərçivəsində qəbul edilən ən önəmli qərarlardan biridir.
Ölkəmiz COP29-la planetimizin gələcəyini düşündürən taleyüklü məsələlərin həllinə öz töhfəsini verdi. Sessiyanın sonuncu günü tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi səviyyədə təşəkkür elan edilməsi, bununla yanaşı, Antoni Quttereş və Baydenin ölkəmizi təbrik etməsi Bakı platformasını ən möhtəşəm COP-lardan biri kimi tarixə həkk etdi. Lakin Azərbaycanda keçirilən COP29 tədbiri digərlərindən fərqli olaraq qərəzli və qarayaxma kampaniyaları fonunda baş tutdu. Təbii ki, bu, arzuolunmaz bir hal olmaqla yanaşı, konfransın mahiyyətindən kənar siyasi motivlərin canlandırılması idi. Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurları həzm edə bilməyən dövlətlər, xüsusilə erməni lobbisinin ayırdığı qrantlardan bəhrələnən siyasi dairələr COP29-dan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışdılar. Bütün bunlara baxmayaq onların bütün cəhdləri fiaskoya uğradı və ölkəmiz qarşıya qoyulan hədəflərə nail oldu. Bu, başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan diplomatiyasının növbəti uğuru idi. Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyalarının təkcə COP29-la əhatə olunmadığını nəzərə alsaq, hesab edirəm ki, dövlətimizin dünya siyasi arenasında nüfuzu yüksəldikcə anti-Azərbaycan qüvvələrin də fəallaşacağı istisna deyil. Bunun üçün haqq mübarizəmizə daha əzmlə davam etməliyik”.
Deputat Vüqar İsgəndərov Qərbdəki anti-Azərbaycan dairələrin ölkəmizə qarşı kampaniyasının bundan sonra dayanıb-dayanmayacağı barədə sualımıza belə cavab verdi: “Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Çünki bəhs edilən dairələrin anti-Azərbaycan kampaniyası təkcə COP29-la bağlı deyil. Bu dairələr bizə qarşı haqsız hücumları bir növ özlərinin gündəlik yaşam halına gətiriblər. Biz bunu COP29-dan əvvəl də müşahidə etmişik, çox güman bundan sonra da müşahidə edəcəyik. Əslində COP29-un Azərbaycanda keçirilməsinə və yüksək səviyyəli təşkilatçılığa görə həmin dairələr bizə minnətdar olmalı idilər. Axı COP29 bəşəriyyətin sabahı ilə bağlı bir qlobal əhəmiyyət kəsb edən tədbir idi. Özü də siyasi tədbir deyildi. Lakin biz nə gördük? Həmin bəhs edilən dairələr yenə də öz köhnə tezislərini “yeniləyərək” bu cür ali, iqlim, ekologiya, yaşıl enerji ilə bağlı tədbirdən də öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərdilər. Ancaq həmişəki kimi, bu dəfə də ölkəmizin qətiyyətli mövqeyi qarşısında məğlub oldular. Bununla belə, yuxarıda da qeyd etdiyim kimi, bunların anti-Azərbaycan kampaniyasından əl çəkəcəkləri inandırıcı görünmür”.
Deputat Elman Nəsirov bütün təzyiq xarakterli addımlara baxmayaraq, COP29 komandasının öz işinin öhdəsindən şərəflə gəldiyini söylədi: “Heç kimə sirr deyil ki, bu gün dünya üçün bir nömrəli təhdid daha beynəlxalq terrorçuluq yox, iqlim dəyişikliyi məsələsidir. Çünki bu problem istənilən ölkəni hədəfə alıb. Dünya bu ağır problemə qarşı birlikdə səylərini birləşdirməsə, onda planetimizi hansı təhlükələr və təhdidlərin gözlədiyini proqnozlaşdırmaq elə də çətin deyil. Bu nöqteyi-nəzərdən COP29 tədbiri dövlətimizin gücünü ortaya qoydu. Bir daha məlum oldu ki, Azərbaycan dünyada sülhün, təhlükəsizliyin, əmin-amanlığın təminatında nə qədər maraqlı idisə, bir o qədər də dünyamızın hifz olunmasında, onu təhdid edən iqlim dəyişiklikləri problemlərinin həllində ciddi rol oynamaqda maraqlıdır. COP29 Azərbaycanın demokratik inkişaf yolunu seçdiyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın bu xoş niyyətləri fonunda anti-Azərbaycan dairələr COP29-a ölkəmizə qarşı təzyiq kampaniyaları aparmaq üçün bir fürsət kimi yanaşdılar. Həm də koordinasiya olunmuş hücumlar təşkil edirdilər. Avropa İttifaqının təhlükəsizlik məsələlərinə cavabdeh olan Cozef Borrel “Avropa bir bağdır, dünyanın qalan hissəsi isə cəngəllikdir” deyəndən sonra onlardan nə gözləmək olar? Bu nöqteyi-nəzərdən anti-Azərbaycan dairələrin ölkəmizə qarşı təzyiq kampaniyası iflasa uğradı. Bu gün tam məsuliyyət hissi ilə demək olar ki, COP29 komandası öz işinin öhdəsindən şərəflə gəldi. Hesab edirəm, COP30 tədbirini keçirəcək dövlət Azərbaycanın bu təcrübəsindən yararlanacaq”.
Azər Badamov
Deputat Azər Badamov Azərbaycanın COP29-dan sonra dünyada yeni bir libasda göründüyünü diqqətə çatdırdı: “COP29-a ABŞ və Qərb mane olmaq məqsədilə tədbiri pozmağa çalışdı. Amma onların Azərbaycana qarşı nümayiş etdirdikləri qərəz və qarayaxmalar ayaq tutub yerimədi. Bayden Adıministrasiyası da COP29-dan bir fürsət kimi istifadə edərək 4 illik hakimiyyəti dövründə yarıtmaz fəaliyyətini ört-basdır etmək üçün Azərbaycanı Ermənistanla yarımçıq sülhə razılaşdırmağa və bu sənədi Vaşinqtonda imzalatdırmağa çalışdı. Amma Azərbaycan öz mövqeyini dəyişmədi və özünün əsas hədəfini COP29-un yüksək səviyyədə keçirilməsi üzərində qurdu. Son məqamda qlobal həmrəylik əldə olundu və iqlim maliyyəsini 300 milyard dollara razılaşdı. Həm də 2035-ci ilə qədər yeni hədəflər müəyyənləşdirildi. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və kiçik ada ölkələrinə iqlim maliyyəsi ilə bağlı həmrəylik əldə olundu. Beləliklə, deyə bilərik ki, Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu. COP29 Azərbaycan diplomatiyasının dönüş nöqtəsidr. Yəni Azərbaycan COP29-dan sonra dünyaya yeni bir libasda görünür. Bu, həm də Azərbaycanı beynəlxalq tədbirlərə yüksək ev sahibliyi edən, qlobal çağırışlara qoşularaq töhfə verən, qarşılıqlı hörmət əsasında əməkdaşlıq quran, dostlarının sayını artıran, etibarlı və məsuliyyətli tərəfdaş kimi dünyaya bir daha tanıtdı”.