image-qanunla-reklam
image-eliyev-shusha2

Prezidentin Şuşa sərəncamının 3 məqsədi

image-lady-day-az

Builki 8 may səhəri yəqin ki, ermənilər üçün elə də asan açılmayıb. Axı ermənilər illərdir, daha dəqiq desək, 1992-ci ildən bəri 8 mayı qürurla, fəxrlə Şuşanın işğal günü kimi qeyd edirdilər.

Bu sözləri Qanunla.Az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” sərəncam imzalamasını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Prezidentin sərəncamı 7 may tarixində imzalaması təsadüfi deyil:

“Əvvəla onu qeyd etmək lazımdır ki, Azərbaycana qarşı başlatdığı ədalətsiz, namərdcə hərbi təcavüz nəticəsində Ermənistan 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmişdi. Ermənilər Şuşa şəhərinin bizim üçün nə dərəcədə önəmli, vacib olduğunu yaxşı bilirdilər. Şuşa o vaxt rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtı elan edilməmişdi, lakin bu şəhər ölkənin mədəniyyət, sənət ocağı idi.

Təsadüfi deyil ki, Şuşanın işğalı Azərbaycanda böyük rezonans doğurdu və psixoloji olaraq ciddi sarsıntı yaratdı. Xalq olaraq 8 may tarixini hər il böyük hüzn və kədərlə qeyd edirdik.

Olduqca sevindirici və qürurlu haldır ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun şücaəti, əzmi, xalqımızın fədakarlığı nəticəsində 44 günlük müharibə gedişində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Şuşa şəhəri noyabrın 8-də işğaldan azad olunsa da, onun məhz işğal tarixi günündə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin təbii ki, bir sıra səbəbləri var.

Birincisi, bu, Prezident İlham Əliyevin düşmənə növbəti psixoloji zərbəsidir.

İkincisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlməsi artıq heç kəsə sirr deyil. Ərdoğanın Şuşaya səfər etməsi dünya mediasının gündəmində olacaq. Beləliklə, Ərdoğan Azərbaycanın mədəniyyət paytaxtına getmiş olacaq.

Üçüncüsü, Prezident İlham Əliyev bu sərəncamla bir daha Şuşaya atılan İsgəndər-M raketlərinə diqqət çəkdi. Məsələ ondadır ki, bütün dünya Rusiyanın ən məxfi silahlarından olan “İsgəndər” raketlərinin Azərbaycanın mədəniyyət paytaxtına atıldığını bilməlidir. Bu o deməkdir konkret bir xalqın mədəni irsinə qarşı soyqırım törədilməyə cəhd edilib. Yəni bəlkə də Şuşa şəhərinə atılan İsgəndər-M raketləri unudula bilərdi, lakin artıq bu raketlərin Azərbaycanın mədəniyyət paytaxtına atılması unudulmayacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki