image-qanunla-reklam
image-5624fdf2a66fed3aac7dc93ec10d8bfa

Putinin “hərbi mundir” mesajı Trampı qəzəbləndirdi: ABŞ yenidən Rusiyanın çökməsinə üstünlük verir

image-lady-day-az

Tramp administrasiyasının dəyişkən və ziddiyyətli manevrlərə meyilli olduğunu nəzərə aldıqda, Ağ Evin Kremlə qarşı sərt zərbə xarakter daşıya biləcək addımlar atmayacağına qətiyyən təminat yoxdur… Bu baxımdan, Kremlin Ağ Evə “hərbi mundir mesajı” verməklə, eləcə də, ABŞ-ın maraqlarına qarşı çıxmaq cəhdilə zəifləmiş Rusiyanın gələcək taleyini böyük risk altına atdığı qətiyyən şübhə doğurmur…

Ukrayna savaşı ətrafında yaranmış situasiya yenidən fərqli istiqamətlərə yönəlməyə başlayıb. Belə ki, son vaxtlar Tramp administrasiyası gözlənilməz addımlar atmaqla, diqqəti çəkir. Ən əsasısa, Ağ Ev artıq “qlobal biznes layihəsi”nə çevirdiyi Ukrayna savaşının dayandırılması prosesində yalnız ABŞ-ın maraqlarını ön plana çıxartmaqdadır. Tramp administrasiyasının bu hərbi böhranın nizamlanması istiqamətində ardığı addımlar məhz bu səbəbdən ziddiyyətli xarakter daşıyır. Və bu baxımdan, həm Ukrayna, həm də Rusiya ABŞ-ın kəskin dönüşlərlə müşayiət olunan manevrləri qarşısında aciz qalmış kimi görünürlər.

Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyası Kremlin maraqlarına uyğun davranmaqla, ABŞ-ın Rusiya ilə yaxınlaşa biləcəyinin mesajlarını verdi. Bununla da, bir tərəfdən Kremli arxayınlaşdırdı, digər tərəfdən isə Ukraynanı dolayısı ilə təhdid etmiş oldu. Hər halda, Tramp-Putin sövdələşməsindən sonra Kremldə hərbi zəfər əhval-ruhiyyəsi yaranmışdı. Və Rusiya siyasi dairələri nəhayət ki, Ukrayna savaşından qalib kimi çıxa biləcəklərinə əmin olmağa başlamışdılar.

_methode_times_prod_web_bin_642e7560-fead-40a3-9549-ad87b7244291.jpg (65 KB)

Digər tərəfdən, Ukrayna və Avropa Birliyi ABŞ-Rusiya yaxınlaşmasından ciddi şəkildə narahat olduqlarını biruzə vermək məcburiyyətində qaldı. Buna paralel olaraq, “Oval kabinet qalmaqalı” Ukraynanın gələcək taleyinin böyük təhlükə altına olduğunu ortaya çıxartdı. Çünki Tramp administrasiyası həmin “qalmaqal”dan dərhal sonra ABŞ-ın Ukraynaya hərbi dəstəyini və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırdı. Və rəsmi Kiyevə Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi barədə sazişin imzalanması ilə bağlı prinsipial şərt irəli sürüldü.

Təbii ki, Zelenski hakimiyyəti ABŞ-ın dəstəyi olmadan Ukraynanın Rusiya ilə savaşda uzun müddət davam gətirə bilməyəcəyini anlamamış deyildi. Üstəlik, bu dəstəyin itirildiyi bir vəziyyətdə Rusiya ilə savaşın davam etdirilməsi Ukraynanın tamamilə işğal altına düşmə təhlükəsini də yarada bilərdi. Yəni, Ukraynanın həm bütün ərazilərinin, həm də təbii sərvətlərinin Rusiyanın nəzarətinə keçmə ehtimalı aktuallıq qazanmağa başlamışdı. Ona görə də, rəsmi Kiyev Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi tələbi ilə razılaşmaq məcburiyyətində qalmış oldu. Və bu, indiki situasiyada fəlakətdən yayınmaq üçün təbii sərvətlərin qurban verilməsi anlamı daşıyır.

Bütün bunları nəzərə aldıqda, rəsmi Kiyevin ABŞ-ın Ukraynaya hərbi dəstəyini məhz Ukraynanın təbii sərvətləri hesabına “satın” almağa çalışdığını da düşünmək olar. Belə ki, son ABŞ-Ukrayna danışıqlarında rəsmi Kiyevin Ağ Evin istəklərini qəbul etdiyi barədə məlumatlar mövcuddur. Üstəlik, Ağ Ev həmin qeyri-rəsmi anlaşmadan dərhal sonra Ukraynaya hərbi yardımları və kəşfiyyat məlumatlarının ötürülməsini artıq bərpa edib. Və Ukrayna savaşının iştiraklçılarına 30 günlük atəşkəs təklif olunub.

00074fab1be46f43277c079f9cfd6d1f1.jpg (84 KB)

Maraqlıdır ki, rəsmi Kiyev atəşkəs təklifini artıq qəbul edib. Ancaq Zelenski Ağ Evin israr etdiyi təbii sərvətlər sazişinin imzalanmasının əvəzində ABŞ-dan Ukraynaya hərbi təhlükəsizlik təminatının verilməsini də istəyir. Ağ Ev isə təbii sərvətlər sazişinin imzalanması ilə Ukraynaya belə bir təminatın verilə biləcəyinə üstüörtülü eyham vurur. Və son vaxtlar olduqca ağır situasiyaya düşmüş rəsmi Kiyev hadisələrin belə inkişafından, xüsusilə də, ABŞ-ın təhlükəsizlik təminatı vədindən ciddi şəkildə məmnun görünür.

Ancaq Kremldən verilən mesajlardan belə anlaşılır ki, Rusiya Tramp-Putin sövdələşməsindən dərhal sonra ABŞ və Ukrayna arasında əldə olunmuş anlaşmalardan ciddi şəkildə narahatdır. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi Ağ Evdən ABŞ-Ukrayna anlaşmalarının Kremllə də müzakirə olunmasını tələb edir. Hətta Kreml belə müzakirələr olmayacağı təqdirdə, həmin anlaşmaların nəticələrini tanımaqdan imtina edəcəyini də qətiyyən gizlətmir.

Xüsusilə də, Kreml ABŞ-ın 30 günlük atəşkəs təklifinin və Ukraynaya təhlükəsizlik təminatı verilməsinin Rusiyanın maraqlarına zidd olduğunu qabardır. Prezident Vladimir Putinin hərbi mundirdə Kurska səfər etməsi də Rusiyanın maraqları təmin edilməzsə, savaşın davam etdiriləcəyinə yönəlik açıq mesaj xarakteri daşıyır. Və bu, o deməkdir ki, Kreml ABŞ-ı dolayısı ilə təhdid etməyə cəhd göstərir.

Təbii ki, Kremlin bu davranışı Rusiya üçün ciddi təhlükə riski də yarada bilər. Çünki Ağ Evdə tam dəqiqliyi ilə bilirlər ki, Rusiya iflas edərək, çöküş mərhələsinə böyük sürətlə yaxınlaşır. Kreml Ukrayna savaşına hər gün bir milyard dollardan çox maliyyə vəsaiti xərcləyir. Rusiyanın beynəlxalq sanksiyara məruz qaldığı bir şəraitdə bu, olduqca ağır maliyyə yüküdür. Və dərin böhrana yaxınlaşan Rusiya iqtisadiyyatı bu ağır yükü daşımaqda artıq ciddi şəkildə çətinlik çəkir.

2167686.jpg (50 KB)

Ona görə də, Ağ Evdə Rusiyanın savaşın davam etdiriləcəyi ilə bağlı təhdidlərindən qətiyyən narahat deyillər. Tramp administrasiyası Ukrayna savaşının uzanacağı təqdirdə, Rusiyanın çökərək, dağılmağa başlayacağını qətiyyən istisna etmir. Bu baxımdan, Ağ Ev Kremlin “böyük dövlət kaprizləri”nə əhəmiyyət vermək niyyətində deyil. ABŞ-ın dövlət katibi Marko Rubionun “əgər, Kreml 30 günlük atəşkəsi qəbul etməzsə, Ağ Evdə Rusiyanın savaş hədəfləri və sülhə hansı səviyyədə hazır olması barədə fəqrli təsəvvürlərin yaranacağını” vurğulayıb. Və bu, Kremlin şantaj məzmunlu təhdidlərinə xəbərdarlıq reaksiyası hesab oluna bilər.

Bütün bunları nəzərə aldıqda, Kreml Ağ Evin təyin etdiyi oyun qaydalarını pozmağa çalışarsa, ABŞ-ın Rusiyanı da Ukrayna qarşı olduğu kimi, küncə sıxışdıra biləcəyi qətiyyən istisna deyil. Belə ki, Tramp administrasiyasına Ukraynanın təbii sərvətləri lazım idi. Ağ Ev Ukrayna və Avropa Birliyini ABŞ-Rusiya yaxınlaşması görüntüsü ilə təhdid edərək, rəsmi Kiyevdən öz istədiyini artıq almaq üzrədir. İndi Kreml Ağ Ev üçün böyük önəm daşıyan bu prosesi pozmağa cəhd edərsə, ABŞ Rusiyanı cəzalandırmaq niyyətinə düşə bilər.

Məsələ ondadır ki, ABŞ-ın Ukraynaya hərbi dəstəyi artırması Rusiyanın mövcudluğunu belə, təhlükə altında qoya biləcək manevr olardı. Tramp administrasiyasının dəyişkən manevrlərə meyilli olduğunu nəzərə aldıqda, Ağ Evin Kremlə sərt zərbə xarakter daşıya biləcək addımlar atmayacağına qətiyyən təminat yoxdur. Və bu baxımdan, Kreml ABŞ-ın maraqlarına qarşı çıxmaq cəhdilə zəifləmiş Rusiyanın gələcək taleyini böyük risk altına atdığı qətiyyən şübhə doğurmur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki