Qanlı Yanvar qırğını.
XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil oldu. Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğı idi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar qırğını Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı. Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür.
Bu gün 35 ili arxada qoyan Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.
Xalqların tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də bu faciəni törədənlərə başçılıq edənlərin kimliyi bəlli oldu.
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi. Hadisələri analiz edəndə bu qənaətə gəlmək olur ki, 20 Yanvar hadisələri öncədən planlaşdırılmış cinayət hadisəsidir.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhalinin kütləvi etiraz aksiyaları ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdıldı. Bu olanlar süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması siyasətinin yeni şəraitdə davamı idi.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru
“Bakı əməliyyatı.”
XX əsrin sonlarında Azərbaycan xalqının yaşadığı 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına həkk olmuş ən ağır faciələrdən idi. Bu əməl həmçinin erməni şovinizminin xalqımıza qarşı növbəti etnik vəhşiliyi idi. Bu şovinizm 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya bir gecəlik çıxarılan xüsusi təyinatlı, xüsusi amansızlıqları ilə seçilən hərbi birləşmələrin milli tərkibinin erməni mənşəli olmasında və onların istifadə etdikləri silah-sursatın öldürücü xüsusiyyətlərinə görə beynəlxalq hüquq normaları ilə istifadəsi qadağan edilmiş hərbi təchizat olmasında özünü göstərirdi.
1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov İttifaq Konstitusiyasını kobud şəkildə pozmuşdu. Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat verilməsin.
Həmin gecə Bakıda 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçiriblər. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçib, ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək sovet ordusu öz dövlətinin vətəndaşlarına qarşı qəddar cinayət törətmiş, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməmişdi.
20 Yanvar günü Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldı. Bu, xalqın tarixi boyu üzləşdiyi ən amansız faciə idi. Lakin bu günü yalnız faciə, yas, və ya kədər kimi günü kimi səciyyələndirmək Azərbaycan xalqına qarşı böyük bir ədalətsizlik olardı. Çünki bu “Qara Yanvar” günü eyni zamanda, xalqın əsrlərlə davam edən azadlıq mübarizəsinin ən uca zivələrindən birinə də çevrildi, milli mənliyin millətin həyatına möhür vurduğu gün oldu.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru
Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir.
Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı bir çox çətinliklərlə, bəlalarla üzləşmişdir. Bu ağır bəlalardan biri də qan yaddaşımıza həkk olmuş 20 Yanvar faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun hərbi hissələri yeridildi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub.
Kütləvi insan qırğını törədildikdən sonra – 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.
Bütün bunlar xalqımızın mübarizə əzmini qırmadı. Xalq həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətnliyini nümayiş etdirməyi bacarmışdır.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin direktoru
1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi.
20 Yanvar faciəsi Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır. 35 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir və qan yaddaşımız olan 20 Yanvar faciəsi müstəqil Azərbaycan Respublikasının qurulmasında bir dönüş nöqtəsi olmuşdur.
1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət əməli idi.
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda keçmiş Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
Azərbaycan 1991-ci il 18 oktyabr tarixində öz dövlət müstəqilliyini bərpa etsə də xalqımız bunun sevincini 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Müstəqilliyinin bərpasının ilk illərində böyük faciələrlə üz-üzə qalan Azərbaycan 1993-cü ildən sonra yeni inkişaf yoluna qədəm qoydu. Yeni Azərbaycan quruldu. Müasir müstəqil Azərbaycanın gələcəyi üçün möhkəm təməl formalaşdı. Məhz bu təməl üzərində inamla addımlayan Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi kursunun laqiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atdı. Bu gün biz tarixi Zəfərimizin sevincini və yaratdığı yeni reallıqları yaşayırıq. Bu gün Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin ruhu şaddır.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru
Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır.
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin şah əsəridir: Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyi uğrunda fədakarlıqla çalışıb. Başqa sözlə, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görüb.
Xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyev, hər şeydən əvvəl, 20 Yanvar faciəsini Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. Bu tarix xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Qeyd edək ki, müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə bütün zəruri tədbirləri həyata keçirmişdir.
Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da Yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. Xalqının şəhidlər verdiyi faciəli günlərdə o bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində olan xalqına başsağlığı belə verməmişdir.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdir.
Bu gün Ulu Öndər Heydər Əliyev yolunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına hər zaman xüsusi diqqət ayırır. Cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Həmçinin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsidə dövlət tərəfindən uğurla həyata keçirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.
Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 2023-cü ildən 600 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, habelə həmin vaxtdan əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq 100 manat müəyyən olunub.
Ötən altı il ərzində icra olunan sosial islahat paketləri çərçivəsində həmin ödənişlərin də artırılması təmin edilib və Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün, habelə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə 3 dəfədən çox artıb. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir. Bütün bu sadalananlar cənab Prezident İlham Əliyevin xalqına göstərdiyi misilsiz diqqətin təzahürüdür.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri