Qanlı Yanvar qırğını.
1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan münaqişə XIX-XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini iddia edən erməni şovinistlərinə qarşı heç bir tədbir görməyən keçmiş SSRİ hakimiyyəti, əslində, ermənilərin cinayətlərinə göz yumurdu. Belə bir şəraitdə Azərbaycan xalqı öz haqlı etiraz səsini ucaltmağa başladı.
O dövrdə yüksələn xətt üzrə davam edən gərginliyin, erməni təxribatlarının qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi, xalqımızın etiraz səsini, respublikamızın suverenliyi və azadlığı uğrunda mübarizəsini boğmaq üçün 1990-cı il yanvarın 20-də dinc insanların üzərinə ordu yeridərək mülki vətəndaşları qırğına məruz qoydu. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ rəhbərliyinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəklədiyinə dəlalət edirdi.
Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.
Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir. Bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi.
Ulu Öndər Heydər Əliyev elə bir böyük şəxsiyyət idi ki, Azərbaycan SSR-in rəhbəri, daha sonra Moskvada yüksək vəzifələrdə olanda o, Azərbaycana olan hücumların qarşısını ala bilirdi. Ona görə də Azərbaycanı istəməyən qüvvələr respublikamıza qarşı öz çirkin niyyətlərini həyata keçirmək üçün daim Heydər Əliyevin vəzifədən getməsinə çalışırdılar.
XX əsrin 80-ci illərinin sonlarında ərazi bütövlüyümüzə, suverenliyimizə yaranan təhlükə xalqımızı qəzəbləndirdi, milli azadlıq hərəkatı başladı. Mütəmadi etiraz mitinqləri keçirilirdi. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı sovet imperiyası müstəqil görmək istəmirdi. Bu məqsədlə imperiyanın xüsusi xidmət orqanlarının hazırladığı 20 Yanvar qırğını həyata keçirildi. Həmin gün öz hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, tərkibində ermənilərin də olduğu xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. İmperiya ordusu heç nəyə baxmadan dinc vətəndaşlarımızı qətlə yetirdi, tankların tırtılları altında əzdi. Bu hadisə SSRİ rəhbərliyinin əsl mahiyyətini göstərdi.
O vaxt istefada olan Heydər Əliyev səhhətinin pis olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisələrə qəti etirazını bildirdi və onu törədənləri, SSRİ rəhbərliyini, xüsusən Qorbaçovu günahlandırdı. Bu, həqiqətən də belə idi və 20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət idi. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini məhz Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində almışdır. Xilaskarın Moskvada səslənən etirazını bütün Azərbaycan xalqı eşitdi. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün olmuşdur. Məhz Ümummilli Liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli Sərəncamına əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması böyük tarixi əhəmiyyət daşıyır.
Prezident cənab İlham Əliyev dahi rəhbər Heydər Əliyev siyasətini davam etdirərək ölkəni daha da inkişaf etdirdi, güclü ordu yaratdı. Prezident məqsədyönlü, fəal xarici siyasət apardı. Qardaş Türkiyə ilə əlaqələrimiz daha da inkişaf etdi. Prezident əlverişli geosiyasi vəziyyət yaranan kimi Ermənistanın təmas xəttində yaratdığı təxribata cavab olaraq Azərbaycan Ordusuna əks-hücum əmri verdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan bütün imkanlardan istifadə edərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsi olmaqla erməni faşizminin belini qırdı. Bu tarixi Qələbə Ulu Öndərimizin və bütün şəhidlərimizin ruhunu şad etdi.
Şəhid ailələrinə diqqət və qayğının daha da artırılması, ölkəmizə gələn dövlət və hökumət başçılarının, qonaqların Şəhidlər xiyabanını ziyarət etməsi xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarına dövlət səviyyəsində ehtiramın təzahürüdür.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova