Qanlı Yanvar qırğını.
20 Yanvar hadisələri nəticəsində sovet imperiyası Azərbaycanda özünün bütün dayaqlarını itirdi.Baş vermiş hadisələr həm də, dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Onun sözlərinə görə, milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Ermənistanın respublikamıza yönəlik ərazi iddialarına qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün sovet rəhbərliyi Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Ümumilikdə, hadisələr zamanı respublikada 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Belə ki, o zamankı hakimiyyət qırğının qarşısını almaq üçün heç bir addım atmadı. Sevinc Fətəliyeva xatırladıb ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Ulu Öndər cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. O, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra isə Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ölkəmizdə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi əbədiləşdirilib, dövlətimiz faciə zamanı zərər çəkmiş insanlara daim qayğı göstərir: “Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlətimizin başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.
20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi.
Azərbaycanın müasir tarixinə həm kədərli səhifə, həm də qəhrəmanlıq salnaməsi kimi daxil olan 20 Yanvar hadisələrindən artıq 35 il ötür. SSRİ rəhbərliyi bu hadisəni törətməklə öz məqsədinə çatacağını düşünürdü. Lakin 20 Yanvar faciəsi öz milli haqqı uğrunda ayağa qalxan xalqımızı öz yolundan döndərə bilmədi, əksinə onu yumruq kimi birləşdirdi, daha sıx həmrəy etdi. Bu mənada tariximizə həm də milli qürur günü kimi həkk olunan 20 yanvar hadisələri azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqının məğrurluğunu, vətənpərvərliyini dünyaya, o cümlədən o vaxtkı SSRİ rəhbərliyinə aydın şəkildə çatdıra bildi. Həmin gün baş verənlər Azərbaycan adlı bir dövlətin varlığını, xalqımızın öz azadlığı uğrunda mübarizəsini bir daha dünyaya bəyan etməklə yanaşı, həm də sovet imperiyasının çöküşündə əsas amillərdən biri oldu.Xalqımıza və insanlığa qarşı törədilən cinayət nəinki keçmiş sovet ittifaqında, o cümlədən bir çox ölkələrdə geniş əks-səda doğurdu. Lakin o zaman Kremlin köləsinə çevrilmiş yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçdilər. Həmin ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini, dəhşətli cinayətin törədildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən xalqımızın Ulu Öndəri Heydər Əliyev oldu. Faciənin ertəsi günü – yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, 20 Yanvar hadisələrinin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdi. Ulu Öndər Bakıdakı terror aktına rəvac verənləri cinayətkar, onların əməllərini xalqımıza qarşı edilən tarixi cinayət adlandırdı, hadisəyə siyasi qiymət verilməsini tələb etdi. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Heydər Əliyev vətəndaş təəssübkeşliyi və vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Sovet hakimiyyəti dövründə 20 yanvar faciəsinə əsil siyasi qiymətini vermək mümkün deyildi. Lakin Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyəti dövründə böyük cəsarətlə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində faciəyə siyasi qiymətin verilməsinə nail oldu. Ümummilli Liderin cəsarətli təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Xalqımızın ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyevin qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə həm də respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız 1993-cü ildə xalqın istəyi ilə hakimiyyət sükanının arxasına keçən Ulu Öndərin sayəsində 20 Yanvar faciəsinə respublika səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Milli Məclisinin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bununla da 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı, bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. Azərbaycan xalqı 20 Yanvar şəhidlərini xatirəsini hər zaman yüksək ehtiamla anır. Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Heydər Əliyev yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına xüsusi diqqətlə yanaşır. Şəhidlər xiyabanında təmir və yenidənqurma işlərinin aparılması, Bakıda “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksinin ucaldılması bunu təsdiq edir. Həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi də formalaşıb.
İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.