Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə Qarabağdan köçən ermənilərin Azərbaycanın heç bir təklifini qəbul etmədiklərini ən yüksək səviyyədə bir daha dilə gətirdi. “Bir daha bəlli olur ki, Azərbaycan dövləti erməni əhalinin köçüb getməməsi üçün qanuni təkliflər irəli sürüb. Ermənilər Azərbaycanda qalıb yaşamaq istəmədilər. Qarabağdan köçən ermənilərlə Ermənistandan deportasiya edilən azərbaycanlıların arasında fərq budur ki, erməniləri Azərbaycan deportasiya etmədi, zorla çıxarmadı, əksinə, dəfələrlə müraciətlər edildi ki, onlar köçməsinlər. Azərbaycan dövləti ermənilərin etdiyi bütün cinayətlərə rəğmən onlara vətəndaşımız kimi qalıb yaşamaq çağırışı etdi”.
Prezident cənab İlham Əliyevin fikirləri həmçinin Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın məsələsinin Azərbaycan dövlətinin və dövlətin başçısının diqqətində olan prioritet məsələlərdən biri olduğunu bir daha təsdiqləyir. Prezident cənab İlham Əliyev beynəlxalq mediaya, nüfuzlu telekanallara müsahibələrində, nüfuzlu beynəlxalq əhəmiyyətli tədbirlərdə qərbi azərbaycanlıların Ermənistandan deportasiya olunduğu və soydaşlarımızın öz tarixi torpaqlarına geri qayıtmasının vacibliyini intensiv şəkildə bəyan edir. Eyni zamanda dövlətimiz bununla kifayətlənmir. Azərbaycanda Qərbi Azərbaycan İcması yaradılıb, bu icmanın fəaliyyətinə dövlətin xüsusi qayğısı var. Ancaq hələ ki İrəvan bu müraciətlərə, bu suallara rəsmi cavab verməyib. Ermənistanın 1980-ci illərin sonları, 1990-cı ildə 300 min azərbaycanlını tarixi torpaqlarından deportasiya etməsi beynəlxalq konvensiyaların, insan hüquqlarının açıq-aşkar pozulması faktıdır. Bu faktı inkar etmək mümkün deyil, bu baş verib. Bu deportasiya faktı Ermənistan dövlətinin üzərindəki ləkə və cinayətlərdən biridir. Üzərindən 35 il keçməsi o demək deyil ki, Ermənistan yaxasını kənara çəkməlidir. Ermənistan bu cinayətinə görə cavab verməlidir və cavab verəcək. Ermənistanın bu məsələdə yeganə ən düzgün seçimi o ola bilər ki, Azərbaycanın qaldırdığı məsələyə adekvat cavab versin. Adekvat cavab isə deportasiya etdiyi azərbaycanlıların öz tarixi torpaqlarına, evlərinə geri dönüşünə, reinteqrasiyasına şərait yaradılması, azərbaycanlıların hüquqlarının tanınmasıdır. Ermənistan gec-tez qərbi azərbaycanlılar məsələsində Azərbaycan dövlətinin haqlı tələbini qəbul etməli olacaq. Qərbi Azərbaycana qayıdış sülh layihəsidir, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunmasını ehtiva edir.
Zərdab rayon İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva
Azərbaycanda Türkiyənin hərbi bazası məsələsi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev “RİA Novosti” Agentliyinə verdiyi müsahibədə müəllif və aparıcı Dmitri Kiselyovun Azərbaycanda Türkiyənin hərbi bazası ilə bağlı sualını cavablandırıb. Dövlət başçısı D.Kiselyovun “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?” sualına belə cavab verib: “Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var: “Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk – yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.
Zərdab rayon Qoruqbağı kənd tam orta məktəbinin direktoru-Əliheydər Abbasov