image-qanunla-reklam
image-7c7ad3b5-2df3-30e5-bc77-b2c4c616a1f5_850

Qarabağ qazisi: “Müharibəyə könüllü getdiyimi hamıdan gizlətmişdim”

image-lady-day-az

“Qarabağ bizim evimizdir, biz öz evimizdə olan problemi həll etdik”.

Bunu müsahibəsində hazırda Azərbaycan Televiziyasında (AzTV) operator vəzifəsində çalışan, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elnur Abbasov deyib.

O, müharibənin başlaması xəbərini eşitdiyi anı belə xatırlayır: “Düşünün ki, işləyirsiniz – normal işiniz, yaxşı maaşınız və hər bir şəraitiniz var. Amma buna baxmayaraq, evinizdə problem mövcuddur. Bu isə təcili həll olunması tələb olunan problemdir. Bəlkə də, kimsə müqayisənin fərqli olduğunu düşünə bilər, amma mənim üçün eynidir: Qarabağ bizim evimizdir, nə qədər rahat işimiz və güzəranımız olsa da, biz evimizdəki problemi həll etmək üçün tələsməli idik”.

E.Abbasov bildirib ki, müharibəyə könüllü getdiyini ailəsindən gizlədib və bunu yalnız döyüşlərdən qayıdandan sonra söyləyib: “Müharibədən 2020-ci ilin dekabrın 25-də qayıtdım. Müharibəyə könüllü formada yollandığımı isə ayın 26-da valideynlərimlə söhbət əsnasında dedim. Amma onlar həmin günə qədər elə bilirdilər ki, məni müharibəyə öz istəyim olmadan çağırıb aparıblar. Halbuki mən sentyabrın 28-dən mütəmadi olaraq oktyabrın 2-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsinə gedərək tələb edirdim ki, məni döyüşə aparsınlar”.

Onun sözlərinə görə, müharibədə insana tanış olmayan bütün duyğuları bir gündə yaşamaq mümkündür: “Qorxunu, həyəcanı, ölümdəndönmə şansının şokunu, döyüş yoldaşınızın gözünüzün önündə yaralanmasını – bir sözlə, bütün duyğuları həmin anda hiss edirsən. Amma sonra vəziyyət dəyişir. Sənə elə gəlir ki, sən burada yaşayırsan, burada doğulub böyümüsən və buraya aidsən. Bəzən biz hər şeyi unudurduq, ailəmizlə danışmağı belə bir-birimizə xatırladırdıq. Çünki, bizim üçün ən önəmli ora idi. Sadəcə bir məqsədimiz və amalımız var idi: 30 il düşmən əsarətində qalan evimizi, ata-baba torpaqlarımızı azad etmək. Ali Baş Komandanın əmri ilə döyüşlərə atıldıq və qalib olduq. Evimizdə problem var idi, çox şükür, biz o problemi həll etdik”.

Daha ətraflı videomüsahibədə:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki