image-qanunla-reklam
image-p29

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

image-lady-day-az

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.

20 sentyabr tarixində Cənab Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetində çıxışı zamanı vurğulayıb ki, “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir. Mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz. Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz.

Prezident İlham Əliyev çıxışı zamanı onu da vurğulayıb ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bizim müharibəmiz azadlıq müharibəsi idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik – biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir. İki tərbiyə mənbəyi var – ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır. Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi.

Hikmət Novruzov – Zərdab  rayonu  Alıcanlı kənd ümumi  orta  məktəbinin tarix müəllimi

 

 

vətənpərvərlik ruhu

Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib ki, “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.

Normal düşüncə tərzi olan hər kəsin daxilində Vətənə sevgi yaşayır. Bu sevgi yüksək olduqca böyük şəxsiyyətlər yetişdirir. Ana Vətən məhz belə böyük şəxsiyyətlərin qollarına söykənir və adı ucalır. Ulu öndər Heydər Əliyevin Vətənə sevgisi o qədər uca və yenilməz idi ki, çətin günlərdən və mübarizələrdən qalib kimi çıxararaq bu gün bizə xoşbəxt yaşadığımız Azərbaycanı bəxş etdi. Bu gün hər birimiz müstəqil Vətənimiz, bayrağımız, azadlığımıza görə ümummilli liderə borcluyuq və onun ideyalarını yaşatmalı, onun qədər olmasa da, bütün qəlbimizlə Vətəni sevməliyik. Vətənə sevgi ilə ürəyimiz çırpınmasa, ölkənin parlaq gələcəyini dumana qərq edərik.

Prezident İlham Əliyev Qarabağ zəfərimizi şərtləndirən ən mühüm amil kimi milli ruhun üzərində dayanıb. Bu yerdə İkinci Qarabağ müharibəsi günlərində erməni hərbçilərin əsgərlərimiz barədə dilə gətirdikləri fikirlərdən birini yada salaq. Erməni hərbçilər əllərində pulemyot silah ola-ola səngəri qoyub qaçdıqlarını izah edərkən deyirdilər ki, azərbaycanlılar ölümdən qorxmayaraq üzərlərinə sanki ildırım sürəti ilə şığıyırdılar. 44 günlük müharibə neçə-neçə belə qürur dolu epizodların tarix yaşantısına çevrildiyi müqəddəs dava idi. Dövlətimizin başçısı milli düşüncəni məhz bu davanın məntiqi uğur sonluğu baxımından vacib amil kimi vurğulayır.

Səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki