Qarşılıqlı dəstək
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dost, qardaş Pakistan İslam Respublikasına dövlət səfəri, ölkəmizin başçısına göstərilən ən yüksək hörmət və ehtiram iki dövlət arasında olan sarsılmaz tarixi bağların ifadəsidir.
Prezident cənab İlham Əliyevin qardaş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin dəvəti ilə bu ölkəyə dövlət səfəri hər iki xalqın yaddaşına əbədi həkk olundu. Prezident cənab İlham Əliyevə və nümayəndə heyətinə dost, qardaş ölkədə göstərilən ən yüksək hörmət və ehtiram bunun bariz nümunəsidir. Ölkəmizin başçısı da öz növbəsində dost və qardaş Pakistanda olmaqdan şərəf duyduğunu, Azərbaycan-Pakistan qardaşlığının sarsılmaz olduğunu bildirib.
Prezident cənab İlham Əliyev İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatında olduqca vacib məqamlara toxunub: “Ölkəmizin başçısı bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır: “Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Bu bir reallıqdır ki, Pakistanla Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Azərbaycan-Pakistan münasibətlərinin inkişafı tarixi köklər və mənəvi dəyərlərə bağlılıq üzərində inkişaf edir. Bu mənada ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdə ilk dəfə onu tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri açılıb. Eyni zamanda Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib. Məhz Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə, bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Bu qardaşlıq əlaqələri, bizim üçün sadəcə keçmişin bir yadigarı deyil, həm də gələcəyə atılmış bir addımdır. Bu addım, xalqlarımızın birliyini və qarşılıqlı hörmətini təsdiqləyir və daha güclü bir gələcəyin təminatıdır. Birlikdə daha çox uğurlar qazanmağa, daha böyük zirvələrə qalxmağa və dünyaya səs salmağa davam edəcəyik. Bu qardaşlıq, əsrlərin sınağından keçərək, zamanın hər anında daha da möhkəmlənəcəkdir.
.Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Uşaq şöbəsinin müdiri
Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır
Xalqlarımızın qardaşlıq bağları əsrlərdən bəri mövcuddur və zamanın sınaqlarından uğurla keçmişdir. Bu bağlar, təkcə coğrafi yaxınlıq və ortaq tarixlərlə deyil, həm də bir-birinə olan dərin hisslər və mənəvi bağlılıqla formalaşmışdır. Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Keçmişin səhifələrinə nəzər saldıqda, xalqlarımızın tarixi bir çox ortaq mübarizələrlə, zəfərlərlə və qələbələrlə doludur. Bir çox hallarda bir-birinə dəstək olmuş, ortaq dəyərlər uğrunda birləşmişik. Bu dərin qardaşlıq hissləri, müxtəlif mədəniyyətlərimiz və ənənələrimizlə zənginləşmiş və güclənmişdir. Tarix boyu, bizim xalqlarımız bir çox mədəni və iqtisadi əlaqələr qurmuşdur. Əməkdaşlıq və qarşılıqlı dəstək, qardaşlığımızın əsası olmuşdur. Bizi birləşdirən bu bağlar, müasir dövrdə də davam edir və daha da möhkəmlənir. Bu qardaşlıq, təkcə dövlətlərin rəsmi münasibətləri ilə məhdudlaşmır. Həm də sıravi insanların gündəlik həyatında, bir-birinə olan səmimi münasibətlərdə və qarşılıqlı hörmətdə öz əksini tapır. Bizim xalqlarımız arasındakı bu sarsılmaz bağlılıq, gələcək nəsillərə örnək olmalı və qorunmalıdır.
Son illər ərzində Azərbaycana gələn pakistanlıların sayı daha da artıb və bu da xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndiyini göstərir. Bakı ilə İslamabad, Bakı ilə Kəraçi və Bakı ilə Lahor arasında birbaşa uçuşların müzakirəsi də, iki ölkə arasındakı turizm və ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verəcəkdir. Bu uçuşların həyata keçirilməsi, həm iqtisadi, həm də mədəni əlaqələrin daha da inkişaf etməsinə şərait yaradacaq və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bir-birimizə olan dəstəyimiz yalnız çətin zamanlarda deyil, həm də sevincli anlarda özünü göstərir. Bayramlarımızı, uğurlarımızı və nailiyyətlərimizi birlikdə qeyd edirik. Bu ortaq bayramlar və tədbirlər, xalqlarımızın bir-birinə olan sevgisini və hörmətini daha da gücləndirir. Nəticə etibarilə, xalqlarımızın əsrlərlə əvvələ gedən qardaşlıq əlaqələri, bizim ortaq tariximizdən və dərin hisslərimizdən qaynaqlanır. Bu əlaqələr, gələcəkdə də davam edəcək və daha da güclənəcəkdir. Bu qardaşlıq, bizim ortaq dəyərlərimizi və gələcək arzularımızı birləşdirir və bizi bir ailə kimi birləşdirir. Qoruyub saxlamağımız və daha da möhkəmləndirməyimiz vacib olan bu dəyərlər, xalqlarımızın gələcək nəsillərinə də miras qalacaqdır.
Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi
Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir
Prezident cənab İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri bir çox məqamları ilə yadda qaldı. Həmin məqamlara diqqət yetirmək gözlərimiz önündə qürur və fəxarət səhnələri canlandırır. Bakı və İslamabad beynəlxalq miqyasda birlik və həmrəyliyin uğurlu nümunələridir. Elə bir nümunə ki, mənbəyini yalnız müasir dövrün reallıqlarından yox, eyni zamanda, tarixə baxış prizmasından götürür. Axı xalqlarımızı birləşdirən ortaq tarixdə şanlı keçmişin qürur dolu əzmkarlıq yaşantıları var. Hesab edirik ki, bizə qarşı çıxanlar bundan yaxşı xəbərdardırlar, Onlar birliyimizə həsəd də aparırlar. Ancaq birliyimizin təkrar-təkrar yada salınması, vurğulanması mütləqdir. Beynəlxalq aləm mesajımızın konkretliyinə, sözümüzün bütövlüyünə hər zaman əmin olmalıdır. Heç şübhəsiz, belə bir əminlik ölkələrimizə qarşı əks mövqe tutanların müqavimətini sarsıdan kifayət qədər önəmli faktordur. Elə buna görə də Prezident cənab İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata birgə bəyanatında bildirib: “Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Azərbaycanın və Pakistanın qardaşlığındakı nümunəvilikdə bu qardaşlığın beynəlxalq hüquqa sadiqlik prinsipini rəhbər tutma potensialı və gücü var. Bakının və İslamabadın dünya üçün ədalət carçısı statusunu şərtləndirən cəhət də elə budur. Dövlətimizin başçısının bildirdiyi kimi, ədalət zəfər çalacaq. Sadəcə, bunun geci-tezi var. Pakistanın da Azərbaycana etimadından doğan dəstəyin nəticəsidir ki, ölkəmiz Qarabağ problemini aradan qaldırıb. Pakistan ölkəmizə daha bir ortaq ədalətin təcəllisində – Cəmmu və Kəşmir probleminin həllində etimad göstərə bilər və göstərir də. Dövlətimizin başçısının da bildirdiyi kimi, Azərbaycan xalqı işğal dövründə Pakistanın hər zaman yanımızda olduğunu yaxşı bilir. Onu da nəzərə alaq ki, rəsmi İslamabad, eləcə də bütövlükdə Pakistan cəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı da bizə birmənalı dəstəyini göstərdi. Türkiyə ilə yanaşı, bu qardaş ölkənin yüksək rütbəli təmsilçiləri ən yüksək səviyyədə bəyanatlar səsləndirərək, haqq davamızın müdafiəsinə qalxdılar. Prezident İlham Əliyev bunun xalqımıza əlavə güc-qüvvət verdiyini açıqladı ki, bu da özlüyündə yüksək qədirbilənlikdir. Ümumi mənzərə isə budur ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlığa imza atdıqları kimi, beynəlxalq platformalarda eyni maraqlara söykənərək, öz fəaliyyətlərini koordinasiya edir, bir-birini qeyd-şərtsiz dəstəkləyirlər. Hesab edirik ki, Prezident cənab İlham Əliyevin Pakistana dövlət səfəri və bu zaman əldə olunmuş razılaşmalar, eləcə də dostluq və qardaşlıq jestlərinin ifadə səhnələri dəstək nümunələrini, strateji tərəfdaşlıq motivlərini daha da zənginləşdirəcək və fundamentallaşdıracaqdır.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal