Martın 11-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə milli bayramımız olan Novruz bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi açılıb.

Qanunla.Az xəbər verir ki, eyni zamanda, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi sayca üçüncü kitabı – “Şanlı Vətən Oğulları” kitabının təqdimatı olub.

Sultan Süleyman şadlıq sarayında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin, eləcə də digər döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalmış şəhidlərin ailələri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.

Tədbirin aparıcısı, deputat köməkçisi Akif Əmirov çıxış edərək şəhid ailələrini və rayon rəhbərliyini salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. A.Əmirov bugünkü görüşün əsas məqsədinin Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi, 13.09.2022-ci il tarixdə erməni silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində və xidməti vəzifələrini icra edərkən, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış oğullarımızın ailələrini bir süfrə ətrafında toplamaq, eyni zamanda, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi “Şanlı Vətən Oğulları” kitabının təqdimatını etmək olduğunu bildirib. Aparıcı bundan başqa, rayon rəhbərliyinin dəstəyi ilə Qazaxda şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitablarının nəşr edildiyini diqqətə çatdırıaraq yeni kitabın bu qəbildən olan sayca üçüncü kitab olduğunu söyləyib. Aparıcı Azərbaycan xalqına şanlı zəfər, tarixi qələbə bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi altında qəhrəmanlıq göstərən əsgər və zabitlərimizə, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. A.Əmirov qeyd edib ki, Ermənistanla 168 km sərhədi olan Qazax rayonundan Qarabağ müharibəsində ümumilikdə, 348 nəfər Şəhidlik zirvəsinə yüksəlib. Onlardan 282 nəfəri Birinci Qarabağ müharibəsində, 3 nəfəri Aprel döyüşlərində, 3 nəfəri Birinci Qarabağ müharibəsindən sonrakı dövrlərdə xidməti vəzifələrini yerinə yetirərkən, 1 nəfəri Tovuz döyüşlərində, 49 nəfəri Vətən müharibəsində, 1 nəfəri Vətən müharibəsindən sonrakı dövrdə xidməti vəzifəsini yerinə yetirərkən, 1 nəfər mülki şəxs minaya düşərək, 3 nəfəri 2022-ci ilin sentyabr ayının 13-də erməni təxribatı nəticəsində, 5 nəfəri isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalıb. Həmin şəhidlərdən ümumilikdə, 78 nəfəri, onlardan 22 nəfəri Birinci Qarabağ müharibəsi şəhidləri, 56 nəfəri isə Vətən müharibəsi şəhidləri olmaqla, müxtəlif adda orden və medallarla təltif ediliblər. Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 nəfəri “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Vətən müharibəsində 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 2 nəfər “Qarabağ” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 14 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 58 nəfər müxtəlif adda 226 ədəd orden və medallarla təltif ediliblər. Vətən müharibəsində iştirak edən 250 nəfər hərbi qulluqçu 617 ədəd orden və medallarla təltif olunub. Bala Çaylı kəndinin igid oğlu polkovnik-leytenant Nicad Bədəlov isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri müqəddəs Ramazan ayının başlanması və qarşıdan gələn milli bayramımız olan Novruz bayramı münasibətilə səmimi ürək sözlərini çatdırıb, onlara sağlam can arzulayıb. “Bu gün bizlər siz şəhid ailələri ilə bir yerdə olmaqdan qürur duyuruq. Sizlərin bu məclisdə iştirak etməyiniz bizlərə başucalığı gətirir”, – söyləyən icra başçısı tədbirin əhəmiyyətindən danışıb. İcra başçısı bugünkü görüşün şəhid ailələrinin bir süfrə ətrafında görüşməsi üçün təşkil olunduğunu, eyni zamanda, “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi “Şanlı Vətən Oğulları” kitabını təqdim etmək üçün keçirildiyini söyləyib. İcra başçısı kitabın ilk nüsxəsinin nümunə olaraq çap olunduğunu və son tamamlanma işlərinin aparıldığını, yekunlaşdıqdan sonra tam olaraq çap olunacağını, hazır kitabların bayram günlərində şəhidlərin ailələrinə təqdim ediləcəyini vurğulayıb. Rayon rəhbəri yeni kitabın “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitablarının davamı olduğunu, bu kitabda əvvəlki kitablarda olan məlumatların yeniləndiyini, daha əhatəli və dolğun qələmə alındığını diqqətə çatdırıb. Rayon rəhbəri Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də digər vaxtlarda Vətən uğrunda canlarından keçən, qanları ilə dastan yazan oğullarımızın adlarını əbədiləşdirən kitabda yazılanların gələcək nəsillərə əsl örnək olduğunu bildirib. Gələcək nəsillərin kitabı oxuyarkən hər bir şəhidimizin həyatı, keçdiyi döyüş yolu haqqında ürək yanğısı ilə yazılmış hekayələrdən vətənpərvərliyi, Vətəni sevməyi öyrənəcəyini qeyd edib. İllər ötsə də “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər” və “Şanlı Vətən Oğulları” kitabları ilə şəhidlərimizin də yaşayacağını vurğulayıb.  Rayon rəhbəri həmçinin, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksində qoyulmuş monitorda və məlumat lövhələrində də məlumatların yeniləndiyini, şəhidlərin ölümlərindən sonra son dövrlər təltif olunduqları orden və medalların əlavə olunduğunu söyləyib. İcra başçısı bildirib ki, bu gün qalib, qəhrəman xalq olaraq qürurla danışırıqsa, bu adı daşıyırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına olub, buna görə onlara borcluyuq. Rayon rəhbəri qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. “Şəhid ailəsi bilməlidir ki, onlara göstərilən qayğı tək bu gün üçün deyil, nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var şəhid ailələri daim diqqət mərkəzində olacaq. Sizin övladlarınız tarix yazdılar, tarixi yaşatdılar”, – deyən rayon rəhbəri şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onlarla hər kəsin qürur duyacağını söyləyib. İcra başçısı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından söz açıb. “Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır”, – deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə süfrə ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini bölüşərək onlarla bir yerdə olmaqdan məmnunluq duyduğunu söyləyib. “Siz şəhid ailələri üçün təşkil olunmuş tədbirdə iştirak etməmək mümkün deyil. Bizim borcumuzdur həmişə sizin yanınızda olaq. Bu gün bu görüşdə sizlərlə bir yerdə olmaq bizim üçün şərəfdir. Bugünkü Azərbaycanımızın yüksəlişi, qazandığı uğurlar, nailiyyətlər sizlərin övladlarının canı, qanı bahasına, qazilərimizin sağlamlığı hesabına mümkün olub”, – deyən millət vəkili buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Millət vəkili Qazaxda şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına göstərilən qayğıya görə rayon rəhbərliyinə qazaxlı ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işləri qeyd edən millət vəkili Vətən müharibəsindən sonra Qazaxda rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər” və “Şanlı Vətən Oğulları” kitablarının yazılmasını igid Vətən oğullarının adlarının yaşadılması, gələcək nəsillərə tanıdılması üçün atılan nümunəvi addım kimi qiymətləndirib. “Hər şey dəyişəcək, bu kitablar isə dəyişməyəcək, şəhidlərimizin qəhrəmanlığını, şücaətini gələcək nəsillərə ötürəcək. “Şanlı Vətən Oğulları” kitabının ön söz müəllifi olmaq mənim üçün qürurvericidir. Nə xoş mənə ki, şəhidlərimizə həsr olunmuş kitabda ön söz müəllifi olmuşam”, – söyləyən millət vəkili bütün bu işlərə görə, eyni zamanda, ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərə olan qayğısını Qazaxda olduğu kimi davam etdirdiyinə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb.

Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl çıxış edərək Qazaxda şəhid ailələrinə göstərilən qayğının hər zaman yüksək səviyyədə olduğunu qeyd edib. Müəllif əvvəlki kitablar kimi “Şanlı Vətən Oğulları” kitabının da şəhidlərimizin adlarına layiq şəkildə çap olunduğunu vurğulayıb. “Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən, bizlərə Qələbə sevincini qanları hesabına bəxş edən hər bir şəhidimiz mənim kiçik qardaşım, öz oğlumdur”, – deyən E.İsmayıl şəhidlərimiz haqqında kitab yazmağın onun üçün şərəfli iş olduğunu söyləyib. Çətin və şərəfli işi ona həvalə etdiyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Kitabın necə ərsəyə gəlməsindən söz açan müəllif kitabda təkcə şəhidlərimizin tərcümeyi-hallarının deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazıldığını bildirib. E.İsmayıl 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabının 2021-ci ildə nəşr olunduğunu bildirib. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” və bu gün təqdimatı olan “Şanlı Vətən Oğulları” kitablarının bu silsilənin davamı olduğunu söyləyib. Müəllif rayon rəhbərliyinin təşəbbüsü əsasında şəhidlərə həsr etdiyi “Şanlı Vətən Oğulları” kitabı haqqında ətraflı məlumat verib. Ön söz müəllifi dəyərli ziyalımız, millət vəkili Səməd Seyidovun olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazının yaradıldığını qeyd edib. Müəllif yeni kitabın 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edildiyini vurğulayıb. Müəllif qeyd edib ki, kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. Vurğulayıb ki, “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bbilənlər” kitablarında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınmış, döyüş meydanlarında göstərdikləri igidliklər, Vətən müharibəsindən ötən 5 il ərzində şəhidlərimizin ailələrində baş vermiş yeniliklər, hadisələr geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. Müəllif kitabın ərsəyə gəlməsi üçün hər bir şəhid ailəsinin evində olduğunu, igid Vətən oğullarının həyat və döyüş yolunu, onlarla bağlı xatirələri ailələrinin dilindən dinlədiyini, hər bir xatirəni ürək yanğısı ilə qələmə aldığını söyləyib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək tədbir iştirakçılarını və şəhid ailələrini salamlayıb, əlamətdar bayramlar münasibətilə səmimi ürək sözlərini çatdırıb. X.Balayev şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhları qarşısında baş əydiyini söyləyib. Respublikamızda ölkə başçısı tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğının Qazax rayonunda rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə yerinə yetirildiyini qeyd edib. X.Balayev rayonda şəhid ailələrinə, qazilərə verilən dəyərə, göstərilən diqqət və qayğıya görə sədri olduğu filialın çoxsaylı üzvləri adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksində qoyulmuş monitorda və məlumat lövhələrində məlumatların yenilənməsinə, adları olmayan şəhidlərin adlarının əlavə olunmasına, ölümlərindən sonra son dövrlər təltif olunduqları orden və medalların əlavə edilməsinə görə razılığını ifadə edib.

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş əsgər Əlizamin Mustafalının anası Ülviyyə Nəbiyeva çıxış edərək şəhid anası kimi bütün şəhid valideynlərinin qarşısında baş əydiyini bildirib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıb. Şəhid ailələrinə əlamətdar bayramlar münasibətilə səmimi ürək sözlərini çatdırıb. “Şəhidlər ölmürlər, onlar daim bizim qəlbimizdə yaşayırlar. Şəhidin atası, anası yaşayırsa, onların övladları da yaşayır”, – söyləyən şəhid anası tədbirdə iştirak edən şəhid atalarına, analarına, yaxınlarına cansağlığı arzulayıb.  “Dövlət Himnimizdə deyildiyi kimi, şəhid övladlarımız yaşamaq, övladlıq hüquqlarından keçərək Vətən yolunda uca zirvəyə yüksəldilər. Bu gün onların adlarını yaşatmaq hər birimizin borcudur. Qazaxda şəhidlərin adlarını yaşatmaq üçün hər iş görülür. Bu gün təqdimatı olan “Şanlı Vətən Oğulları” və ondan öncə yazılmış kitablar da məhz şəhidlərimizi yaşatmaq üçündür. Bu gün torpaqlarımız azad olunub və o torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Əziz şəhid anaları, başınızı dik tutun. Başı uca gəzmək bizim haqqımızdır, oğullarımızın sayəsində biz qəhrəman analarıq”, – deyən şəhid anası bu gün övladı və onun kimi igid oğullarla fəxr etdiyini bildirib. Ü.Nəbiyeva şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, rayon rəhbərliyinə razılığını ifadə edib. Şəhid övladına və onun timsalında şəhidlərə həsr etdiyi şeiri səsləndirən şəhid anası igid Vətən oğullarını bir daha ehtiramla anıb.

Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Nicat Nəsibovun atası Səməd Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar bayramlar münasibətilə xoş arzularını səsləndirib. İllər ötsə belə şəhid ailələrinə olan qayğının dəyişmədiyinə, daim olduğu kimi davam etdirilməsinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Rayon rəhbərliyi tərəfindən şəhid övladlarının hər bayram və əlamətdar günlərdə məzarlarının ziyarət olunmasını, şəhidlərin adlarının yaşadılması üçün görülmüş işləri dövlətin, ölkə başçısının qayğısı kimi qiymətləndirib.

Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş baş gizir Teymur Hacıyevin övladı Hüseyn Hacıyev çıxış edərək şeir töhfəsi ilə bayram tədbirinə rəng qatıb.

Sonra rayon rəhbəri şəhid ailələrinin oturduqları stollara yaxınlaşaraq onlarla görüşüb, səmimi ürək sözlərini bölüşüb. Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLARQazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb - FOTOLAR