Azərbaycan hazırda olduqca qəliz geopolitik situasiya ilə üzləşmiş kimi görünür… Rəsmi Bakının Qərbin Azərbaycana qarşı gizli “proxy hücum”una daha sərt reaksiyası istisna deyil…
Cənubi Qafqazda sülh prosesinin qarşısında mövcud olan əngəllər daha da ciddiləşməkdə davam edir. Belə ki, sülh prosesi üzrə Qafqaz masasına regiondan kənar beynəlxalq siyasi güclərin kobud müdaxiləsi situasiyanı qəlizləşdirir. Xüsusilə də, ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda sülh prosesinin uğur qazana bilməməsi üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır. Və belə vəziyyətdə regional sülh danışıqlarının yaxın vaxtlarda pozitiv nəticələrə yol aça biləcəyini düşünmək sadəlövhlük olardı.
Onu da qeyd etmək lazımdır ki, ATƏT-ın Minsk Qrupunun Cənubi Qafqazda oyundan kənar vəziyyətə salınması Qərbdə bəzi siyasi iradə mərkəzlərini ciddi şəkildə qıcıqlandırıb. Üstəlik, bu əngəlləyici qurumun de-fakto ləğvinə görə Qərbdə Azərbaycanı ittiham edirlər. Çünki məhz rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edildikdən sonra birmənalı şəkildə ATƏT-in Minsk Qrupuna artıq heç bir ehtiyacın qalmadığını bəyan edib. Və Azərbaycan bundan sonra həmin qurumla hər hansı səviyyədə əməkdaşlıq etmək niyyətində deyil.
Digər tərəfdən, rəsmi Bakı Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından öncə Minsk Qrupunun de-yure ləğvinə nail olmağı da vacib hesab edir. Belə ki, rəsmi Bakı Paşinyan hakimiyyətindən Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət olunmasını tələb edir. Ona görə də, Qərbdə Azərbaycana qarşı təzyiq məqsədilə yeni geopolitik mexanizmlərin icad edilməsinə cəhd göstərilir. Və artıq belə bir yeni uydurma mexanizmin fəaliyyət göstərdiyi qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, hazırda Avropa Birliyinin mülki müşahidə missiyasi Azərbaycana qarşı fəaliyyət göstərən uydurma qurum kimi diqqəti çəkir. Bu qurumun təmsilçiləri qətiyyən təyinatı üzrə fəaliyyət göstərmirlər. Çünki Avropa Birliyinin mülki müşahidə missiyasının tərkibi mülki müşahidəçilərdən təşkil olunmayıb. Əksinə, bu missiyanın tərkibi tamamilə Qərb ölkələrinin hərbi kəşfiyyatçıları ilə formalaşdırılıb. Və bu baxımdan, həmin qurumun Azərbaycanla sərhəddə, eləcə də, digər istiqamətlərdə məhz casusluq fəaliyyəti ilə kəşfiyyat məlumatları topladıqları indi qətiyyən şübhə doğurmur.
Bəzi məlumatlara görə, Azərbaycanla sərhəddə ölkəmizin ərazilərinin müşahidə olunması belə, xüsusi ört-basdır əməliyyatına bağlı prosesdir. Belə ki, bu qurumun heyətinə daxil olan Qərb hərbi kəşfiyyatçılarının əsasən Azərbaycan, Türkiyə, Rusiya və İrana qarşı casusluq fəaliyyəti ilə məlumat toplamaqla məşğul olduqları bildirilir. Daha sonra isə həmin məlumatların Qərb dövlətlərinin xüsusi xidmət servislərinə və NATO-ya aid hərbi dairələrə göndərildiyi iddia olunur. Və bu baxımdan, Azərbaycanın hazırda olduqca intensiv casus şəbəkəsinin təxribatçı fəaliyyəti ilə qarşı-qarşıya qaldığı qətiyyən şübhə doğurmur.
Təbii ki, rəsmi Bakı Avropa Birliyinin Azərbaycan sərhədlərində casusluq fəaliyyəti ilə məşğul olmasından ciddi şəkildə narahatdır. Ona görə də, Azərbaycan tərəfi rəsmi İrəvandan Avropa Birliyinin mülki müşahidə missiyasının regional proseslərə kənar müdaxilə xarakteri daşıyan fəaliyyətinə son qoyulmasını tələb edir. Rəsmi Bakı hesab edir ki, sülh danışıqları aparan iki ölkənin sərhədlərində Cənubi Qafqaza heç bir aidiyyatı olmayan kənar güclərin mövcudluğu yolverilməzdir. Və Azərbaycan tərəfi haqlı olaraq, bu qurumun fəaliyyətinin dayandırılmasında israrlı mövqe tutur.
Belə anlaşılır ki, Avropa Birliyi bu kəşfiyyat missiyasını Azərbaycanla sərhəd bölgəsində yerləşdirməklə, əslində, sülh prosesinə birbaşa əngəl törədir. Artıq heç bir şübhə yeri qalmayıb ki, avropalı hərbi casusların fəaliyyəti missiyanın rəsmi təyinatı ilə kəskin ziddiyyət təşkil edir. Bu missiyanın hərbi kəşfiyyat xarakterli başqa hədəfləri mövcuddur.
Böyük ehtimalla Avropa Birliyinin adından istifadə də Qərb kəşfiyyat servislərinin əsl fəaliyyət istiqamətlərini ört-basdır etmək məqsədilə manipulyasiya xarakteri daşıyır. Və bu casus missiyasının gizli hədəfləri sırasında Cənubi Qafqazda növbəti savaşın törədilməsi üçün əməliyyat şəraitinin öyrənilməsinin yer almış ola biləcəyi qətiyyən istisna deyil.
Bütün bunları nəzərə aldıqda, Azərbaycanın hazırda Qərb kəşfiyyat servislərinin dolayısı xarakter daşıyan hücumu ilə üzləşdiyini də düşünmək olar. Hər halda, Qərb siyasi dairələrinin Azərbaycana qarşı hibrid savaş metodu ilə cəbhə aldıqları açıq-aşkar nəzərə çarpır. Üstəlik, bütün bunlar Ermənistanın Qərb ölkələri tərəfindən sürətlə silahlandırılma prosesinə paralel olaraq, baş verməkdə davam edir. Və belə təsəvvür yaranır ki, Fransa başda olmaqla, bəzi Qərb ölkələri hazırda Ermənistan üzərindən Azərbaycana qarşı elan edilməmiş gizli müharibəyə başlayıblar.
Göründüyü kimi, Azərbaycan hazırda olduqca qəliz geopolitik situasiya ilə üzləşib. Bir tərəfdən, Ermənistan sürətlə silahlandırılır və yeni savaşa hazırlanır. Digər tərəfdən isə Avropa Birliyinin mülki müdafiə missiyası adı altında Azərbaycana qarşı casus şəbəkəsinin hücumu reallaşdırılır. Və rəsmi Bakının Qərbin Azərbaycana yönəlik hibrid savaşına daha sərt reaksiya verəcəyi qətiyyən şübhə doğurmur.