image-qanunla-reklam
image-photo_266461

Qeyri-neft sektoru 6 faizdən çox artıb

image-lady-day-az

Qeyri-neft sektoru 6 faizdən çox artıb.

Dövlətimizin başçısının 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə vurğuladığı kimi, artıq uzun illərdir aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunub və gələcək illərdə bu dinamika qorunub saxlanılacaq. Belə ki, keçən il ümumi daxili məhsul 4 faizdən, qeyri-neft sektoru 6 faizdən, qeyri-neft sənayesi isə 7 faizdən çox artıb. Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir ki, bu sahədə ölkəmiz dünyada liderlər sırasındadır. Eyni zamanda, ötən il valyuta ehtiyatlarımız 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb. Valyuta ehtiyatlarımızın xarici borcu 14 dəfə üstələməsi, bu ilin dövlət büdcəsinin Azərbaycan tarixində ən böyük – rekord səviyyədə – büdcə xərcləri 41 milyard manatdan, icmal büdcənin isə 48 milyard manatdan çox olması ölkəmizin dayanıqlı maliyyə resurslarına malik olduğunu sübut edir. Bu gün Azərbaycanın iqtisadi inkişafı ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşmasına da səbəb olub. Təsadüfi deyil ki,  bu ilin yanvarından minimum əməkhaqqı və pensiyanın məbləği artırılıb. Qarabağın, Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış prosessi kimi nəhəng və yüksək maliyyə tələb edən çağırışla üz-üzə qalan Azərbaycanın vətəndaş rifahına bu qədər böyük diqqət ayırması dövlət siyasətinin mahiyyətini göstərir. Onu nümayiş etdirir ki, ölkəmizdə sosial və iqtisadi inkişaf paralel gedir. Dövlətimizin başçısının müsahibəsində toxunduğu daha bir məsələyə – COP29-un təşkili uğurla keçirilməsi Azərbaycanın qətiyyətini və prinsipiallığını bir daha ortaya qoydu. Belə ki, uzun illər ərzində həllini gözləyən karbon bazarları ilə bağlı razılaşma məhz Bakıda öz həllini tapdı, COP-un əsas mövzularından biri olan maliyyələşmə məsələsi ilə bağlı əvvəl razılaşdırılmış rəqəm üç dəfə artırılaraq 300 milyard dollara çatdırıldı. Əlbəttə ki, bu böyük nailiyyətdir. Özü də nəzərə alsaq ki, bu nailiyyət bəzi ölkələrin COP29-u boykot etmək çağırışı fonunda qazanıldı, o zaman bunun əhəmiyyəti daha da artmış olur. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti beynəlxalq aləmdə uğurlu, düzgün və məqsədyönlü iş aparır. Xarici siyasətimizin əsas istiqamətləri baxımından cənab Prezidentin müsahibəsində vurğulanan məqamlara diqqət çəkən millət vəkili ölkəmizin beynəlxalq təşkilatlarda üzvlüyü, regional və qlobal proseslərə təsiri imkanlarından  bəhs edərək bildirib ki, qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanın müsəlman dövlətlərini birləşdirən ən böyük təşkilat olan, onların  iqtisadiyyatının 60 faizini təşkil edən D8-ə üzvlüyü ölkəmizin nüfuzunu, iqtisadi gücünü bir daha göstərir.

Dünyada mövcud olan 60 müsəlman ölkəsi arasında ilk genişlənmədə məhz Azərbaycanın bu təşkilata üzv seçilməsi, həm də dövlətimizin və onun başçısına etimadın təzahürüdür. Heç şübhəsiz ki, Azərbaycan bu təşkilatın işində də fəal iştirak edəcək və onun fəaliyyətinə töhfə verəcək. Çünki ölkəmiz bu gün Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir, bir neçə il əvvəl dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Dövlət başçısının müxtəlif məsələlərə ölkəmiz tərəfindən adekvat cavabın verilməsi ilə bağlı dedikləri Azərbaycanın bu gün bölgədə və dünyada cərəyan edən hadisələrə təsir etmək iqtidarında olduğunu, müstəqil siyasət yürütdüyünü, hər bir ölkəyə və prosesə münasibətdə özünün baxışına malik olduğunu söyləməyə əsas verir. Xarici siyasətlə bağlı cənab Prezidentin açıqlamaları həm də onu göstərir ki, bu gün ölkəmiz həm iqtisadi, həm hərbi güc, həm də siyasi müdriklik baxımından regionun əsas aktorudur, dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmaqda maraqlıdır, eyni zamanda, dünya ölkələri bölgə ilə bağlı siyasətlərində rəsmi Bakının maraqlarını mütləq nəzərə almalıdırlar. Qlobal və regional dəyişiklikləri, yeni realliqları və çağırışları ölçüb-biçməli olan Ermənistan dövlət başçımızın bu kontekstdəki tövsiyyələrinə və məsləhətlərinə qulaq asmalı, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinin şərtlərini qəbul etməli və Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır.

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.

 

 

Uzun illər aparılan islahatların nəticələri.

Ölkə Prezidentinin yerli televiziya kanallarına müsahibəsi artıq ənənə halı alıb. Belə ki, dövlətimizin başçısı aparıcı yerli televiziya kanallarının əməkdaşlarına müsahibələr verir və onları düşündürən sualları çox dolğun şəkildə cavablandırır. Əslində yerli televiziya kanallarının əməkdaşlarının dövlətimizin başçısına ünvanladığı suallar ölkə, region və beynəlxalq ictimaiyyəti maraqlandıran çox əhəmiyyətli məsələlərdir. Azərbaycan Prezidentinin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibəsi yeni dövrün başlanğıcında yeni hədəflərin açıqlanması baxımından böyük önəm kəsb edir. Dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri Azərbaycanın nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, Avrasiyada enerji təhlükəsizliyinin təmin olunmasında açar dövlətə dönüşməsi, milli maraqlarını müdafiə etmək üçün Fransa kimi böyük dövlətlərlə belə baş-başa gələ bilməsi, qalib ölkə kimi vətəndaşlarının qürurla yaşadığı və fəxr etdiyi dövlət vəziyyətinə gəlməsi kimi reallıqların dərk olunmasına vəsilə oldu. Bir sözlə, cənab Prezident İlham Əliyev son müsahibəsi ilə hər kəsdə dünyanın bu günü və gələcəyi, bu fonda isə Azərbaycanın yeri və rolu barədə aydın təsəvvürlər formalaşdırdı. Prezident  cənab İlham Əliyev müsahibə zamanı Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş məlumat verdi, işğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələrinin yaxın bir-iki il ərzində yekunlaşacağını bildirdi. Bu barədə dövlətimizin başçısı da müsahibəsində qeyd etdi. Ən çox vəsait bu layihələrə gedir. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi siyasət nəticəsində həyata keçirə bilirik. Həmçinin əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir. Qeyd etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir. Ümumiyyətlə, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb.

Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki