Nardaran qəsəbəsində həyata keçirilən“Qızların Şəxsi İnkişaf Layihəsi” yekunlaşıb.
Bakues.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsinin qalibi olan layihə, Rzayeva Nazlıxanımın rəhbərliyi ilə 130 nömrəli tam orta məktəbdə icra olunub.
Layihənin məqsədi Nardaran icmasında yaşayan 13–15 yaşlı qız şagirdlərin şəxsi inkişafına dəstək göstərmək və onların gələcəklə bağlı təhsil və karyera məqsədlərini formalaşdırmalarına şərait yaratmaq olub. Təlimlərdə 24 qız şagird iştirak edib. Təlim proqramı karyera planlaması, özünü tanıma, sahibkarlıq və müasir əmək bazarının tələbləri kimi mövzuları əhatə edib. Sessiyalar karyera üzrə ekspert Fərhad Abdulov tərəfindən interaktiv və tətbiq yönümlü üsullarla həyata keçirilib. Layihə zamanı Cığır İctimai Birliyi tərəfindən iştirakçılara dekorativ sabun hazırlanması üzrə fəaliyyət keçirilib.
Layihənin sonunda iştirakçılar fərdi karyera planlarını hazırlayıb təqdim ediblər. Bu planlar onların şəxsi maraqlarını, təhsil hədəflərini və gələcək inkişaf yolunu əks etdirir.
130 nömrəli məktəbdə keçirilən bağlanış tədbirində, məktəbin direktoru Əliyeva Samirə xanım iştirak edib, şagirdlərin hazırladığı təqdimatları dinləyib və iştirakçılara layihə sertifikatlarını təqdim edib.
Layihə rəhbəri Nazlıxanım Rzayeva bildirib: “Bu layihə vasitəsilə qızlarımız özlərinə inanmağı, məqsəd qoymağı və gələcəklə bağlı plan qurmağı öyrəndilər.”
Layihənin nəticələrinə əsasən, iştirakçılar arasında özünəinam, məqsədyönlülük və sosial aktivlik sahələrində müsbət dəyişikliklər müşahidə olunub.