Bəzən belə oyunlarda təcrübə daha çox kömək edir. İbrahima Vadji qol epizodlarını itirdiyi üçün çox əziyyət çəkdi. Ona irad bildirsəm, düzgün olmaz. Bu cür hallar mövsüm ərzində 3-4 oyunda olur. Ustalığı daha yüksək olsaydı, istifadə edərdi. Bununla belə, meydanda bütün gücünü ortaya qoydu. İlk dəfədir belə turnirdə iştirak edir. Onu qarşıdakı günlərdə daha yaxşı görəcəyik.
Qanunla.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, sayılmayan qol epizodu komandasının çıxışına mənfi təsir edib:
“Sanki futbolçular bir az ruhdan düşdülər. Əslində matçdan öncə hakimliklə bağlı danışıb onların psixologiyasını yormaq istəmirdim. Amma qol sayılmadığı üçün meydanda ruh düşkünlüyü hiss olundu. Onları sakitləşdirməyə çalışdım. Bundan sonra daha ürəkli oynamağa başladılar. Artıq gecdir. İstərdim ki, nəinki bizim, heç bir komandanın haqqına girməsinlər. Çünki onlar ədaləti təmsil edirlər. Təəssüf ki, aralarında belələri də olur. Bu cür turnirlərdə kiçik bir səhv komandanın nəticəsini əlindən alır. Əfsuslar olsun ki, belə alındı. Bizim üçün rəqibin fərqi yoxdur. Bütün oyunlarda ədalətli hakimliyin olmasını istərdim”.