Bu gün nəqliyyat infrastrukturunun bərpası və inkişafı üçün ölkəmizin digər bölgələri ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə də genişmiqyaslı yol-nəqliyyat layihələri həyata keçirlir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi uzunluğu 3.371,1 km olan 44 avtomobil yolu layihəsi icra edilir. Bu layihələrə Zəngilan–Cəbrayıl–Şuşa, Laçın–Kəlbəcər avtomobil yolları, həmçinin Horadiz–Ağbənd dəmir yolu və digər yollar daxildir. Layihələrin icrası çərçivəsində 45 tunel, 447 körpü və 16 viaduk tikilir. Şuşaya çəkilən Zəfər yolundan sonra daha geniş imkanlara malik, tunellər və körpülərlə təmin olunmuş yeni bir strateji yol olan Füzuli–Şuşa avtomobil yolu inşa edilir. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərdə əsas nəqliyyat infrastrukturunun qurulması mühüm strateji əhəmiyyət daşıyır. Bu layihələrin icrası ilə yanaşı ölkəmizin regional nəqliyyat qovşağına çevrilməsi istiqamətində hava limanlarının inkişafı da mühüm rol oynayır.
Azərbaycan Respublikasında beynəlxalq aviasiya şəbəkəsinin genişləndirilməsi, yeni hava limanlarının inşası və mövcud olanların modernləşdirilməsi tranzit imkanlarını daha da artırır. İşğaldan azad edilən ərazilərdə yük və sərnişin daşımalarını asanlaşdırmaq məqsədi ilə 2021-ci ildə istifadəyə verilərək Qarabağa açılan ilk hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı, 2022-ci ildə istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı və 2025-ci ildə tamamlanması planlaşdırılan, coğrafi mövqeyinə görə daha böyük strateji əhəmiyyət malik, Şərqi Zəngəzur üçün hava nəqliyyatı mərkəzi olacaq Laçın Beynəlxalq Hava Limanının tikintisi bu strategiyanın tərkib hissəsidir. Bakı, Gəncə, Qəbələ, Naxçıvan və Lənkəran hava limanlarının da modernləşdirilib beynəlxalq standartlara uyğunlaşdırılması Azərbaycanın tranzit potensialını gücləndirərək ölkəni Avropa, Asiya və Yaxın Şərq arasında mühüm hava nəqliyyatı mərkəzinə çevirməklə logistika və yükdaşıma sahəsində mövqeyimizi möhkəmləndirərək beynəlxalq yükdaşımaların daha səmərəli həyata keçirilməsinə geniş imkanlar yaradır.
Nəqliyyat sektorunun inkişafı özlüyündə daxili iqtisadiyyatın müxtəlif sahələrinə də müsbət təsirini göstərir. Müasir standartlara cavab verən yolların, limanların və dəmir yollarının inşası yeni iş yerlərinin yaradılmasına, yerli sənaye və ticarət sektorunun inkişafına səbəb olur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun qurulması regionun yenidən məskunlaşmasını və iqtisadi canlanmasını sürətləndirir, Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsinə xidmət edir. Ölkəmizin regional nəqliyyat qovşağına çevrilməsi ölkəyə həm iqtisadi, həm də siyasi baxımdan böyük üstünlüklər qazandırır. Ərazimizdən keçən beynəlxalq nəqliyyat marşrutları, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizləri vasitəsilə yük daşımalarının artması, Çin və Avropa arasındakı ticarət dövriyyəsinin artması nəticəsində Azərbaycanın Orta Dəhliz vasitəsilə bu yük axınının əsas keçid nöqtələrindən birinə çevrilməsi geosiyasi mövqiyimizi gücləndirməklə yanaşı dövlət büdcəsinə böyük valyuta axınını təmin edir, bununla yanaşı ölkəmizə həm siyasi nüfuz qazandırır, həm də uzunmüddətli iqtisadi dividendlər gətirir. Xəzər dənizi üzərindən yükdaşımalarda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu yükdaşımalarında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Azərbaycanı Avropa, Asiya və Yaxın Şərq arasında əsas tranzit nöqtəsinə çevirəcək Zəngəzur dəhlizi kimi böyük layihələr ölkəmizin regionun əsas logistika mərkəzlərindən biri olması istiqamətində atılan önəmli addımlardır. Bu addımlar beynəlxalq səviyyədə Azərbaycanın tranzit ölkə kimi etibarlı tərəfdaş imicini daha da gücləndirir, ölkəmizi regional güc mərkəzinə çevirir.
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri