image-970_50
image-ilham_-1

Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir

image-728_90

Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verərək, Azərbaycan – Fransa münasibətləri, bu münasibətlərin gələcək perspektivləri və digər sualları cavablandırılmışdır.
Prezident İlham Əliyev sentyabrın 28-də “France-24” televiziya kanalına verdiyi müsahibəsində postmüharibə dövrünün prioritetlərini daha detallı şəkildə açıqlayıb. Faktiki olaraq Prezident bu müsahibəsində dünyaya, xüsusi ilə həmsədr ölkələrə, dostlara, bədxahlara, habelə kapitulyasiya aktı imzalamış Ermənistana son mesajlarını çatdırıb.
Müsahibədən gəlinən ilk qənaət odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev birmənalı şəkildə bundan sonra regionda ancaq sülh, barış içərisində yaşamağın tərəfdarıdır, bütün çağırış və fəaliyyəti buna yönəlib. Prezidentimiz incə detallara qədər Cənubi Qafqazın inkişafına aparan yolları hər kəsə anladıb. Dövlət başçısının fikirlərindən çıxan nəticə ondan ibarətdir ki, əgər bölgə ilə bağlı maraqlı qüvvələr danışıqlar prosesindən danışırlarsa, Azərbaycan da sülh naminə danışıqların aparılması labüd hesab edir. Eyni zamanda Prezident mövqeyi ilə bir daha duyurub ki, danışıqlar dedikdə, söhbət heç bir halda olmayan “Dağlıq Qarabağ”dan, gorbagor olmuş “statusdan”, artıq başa çatmış münaqişədən getmir, bu, yalnız sülh, barış, regional inkişaf üçün danışıqlar və ona yönəlik təkliflərin müzakirəsi ola bilər. Cənab Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunda tutduğu mandatına tamamilə zidd olaraq ermənipərəst mövqe tutan Fransanın “France-24” televiziya kanalına müsahibə verməsi həm fransız auditoriyası ilə birbaşa təmasda olmaq, həm də Fransanın Ermənistana bu qədər yaxın olduğu faktı nəzərə alınmaqla Ermənistana verilən mesajların birbaşa çatdırılması baxımından olduqca müstəsna əhəmiyyət kəsb edir. Müsahibə ərzində dövlət başçımız bir daha fikrimizi və mövqeyimizi aydın şəkildə ortaya qoydu ki, müharibə bitib, münaqişə öz həllini tapıb, Azərbaycan gələcəyə baxır, çünki dəfələrlə Ermənistanla dialoqa başlamağa hazır olduğumuzu ifadə etmişik.
Cənab Prezident dəfələrlə çıxışlarında, “France-24” kanalına müsahibədən az əvvəl Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsində də ATƏT-in Minsk Qrupunun bir siyasi təsisat kimi fəaliyyət dairəsinin gələcəkdə status kimi məsələləri gündəliyə gətirməsindən yox, iki ölkə arasında hələ də həllini gözləyən məsələlərin, etimad tədbirlərinin yaradılması və bunun daha da möhkəmləndirilməsindən ibarət olmasının yol xəritəsini də aydın göstərmişdi. Bu gün Ermənistanın bəzi dairələrində revanşizm meyillərini görürük. Bu baxımdan da ölkə başçımız fransız kanalı vasitəsilə bildirdi ki, Azərbaycanın yeni təhlükə görəcəyi təqdirdə, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik bəyanatı Ermənistanın bu revanşist meyillərinə qarşı qaldırılmış fikirlərdir. Bu bir növ Ermənistanın qırmızı xəttinin haradan keçdiyinin göstərilməsi idi. Azərbaycan müharibə istəmir. Təbii ki, Azərbaycan heç bir dövlətə qarşı ərazi iddiası ilə çıxış etməyib, indi də etmir. Lakin ölkə başçımızın da ifadə etdiyi kimi digər ölkələrin, xalqların olduğu kimi bizim, gənc və gələcək nəsillərin haqqıdır ki, öz tariximizi bilək. Zaman gələcək biz İrəvana da gedəcəyik və bu bizim təbii, legitim haqqımızdır. Yəni, nə Ermənistan, nə Fransa, nə də bir digər dövlət düşünməsin ki, biz tariximizi unutmuşuq.
“Dağlıq Qarabağ” terminin, onun statusunun məqsədli şəkildə gündəlikdə saxlanılmasına gəldikdə isə Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Bu məsələni cənab Prezident yüksək BMT kürsüsündən də bütün dünyaya çatdırdı. İndi Qarabağ və Şərqi Zəngəzur mövcuddur. Deməli, status da yoxdur. Belə canfəşanlıq edirlərsə getsinlər öz ölkələlərində istədikləri yerdə, nöqtədə ermənilərə status versinlər.
Muxtariyyət məsələsi də Azərbaycanın gündəliyində mövcud deyil. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, muxtariyyətin verilməsi belə artıq müzakirə mövzusu deyil. Müsahibə zamanı aydınlığa qovuşdurulan bir digər məsələ “Sərhədsiz reportyorlar” QHT təşkilatı ilə bağlı idi ki, onların hesabatları tamamilə qərəzli və ədalətsiz olduğu üçün Azərbaycan cəmiyyəti üçün heç bir məna kəsb etmir. Bu baxımdan da əldə hər hansı bir dəlil, sübut olmadan Azərbaycana qara yaxmaq məqsədilə qaldırılan bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir. Hər hansı bir ölkənin hüdudları çərçivəsində baş verən qanunsuz hadisələri araşdırmaq məsuliyyəti Azərbaycanın yox, o hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarının işidir. Bu faktı da ölkə başçımız çəkinmədən elə fransız kanalı vasitəsilə öz diqqətlərinə çatdırdı ki, olmayan, sübutsuz hadisələrlə Azərbaycanın üzərinə gəlməyə heç kimə aman verməyəcəyik. Həm də o sətiraltı mesaj da verildi ki, hər zaman Azərbaycanda əsassız şəkildə bu və ya digər istiqamətdə boşluqların olduğunu dilə gətirmədən öncə öz ölkənizdə mövcud olan boşluqlara fokus olun. Dövlət başçısı müsahibəsində Azərbaycanın sülhə, barışa səbəb ola biləcək bütün imkanlardan yararlanmaqda maraqlı olduğunu bir daha diqqətə çatdırmış olub.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru.

 

Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyib.

Bəli, Azərbaycan dövlətinin heç zaman kimsənin torpağında gözü olmayıb, heç zaman müharibə arzulamayıb. Azərbaycanın yeganə istəyi, tələbi işğal olunmuş torpaqların azad edilməsi olub. 30 ilə yaxın aparılan danışıqlar səmərəsiz olduğu və artıq Ermənistan növbəti dəfə azğınlaşdığı üçün 2020-ci ilin sentyabrın 27-də əks hücuma keçdik, qısa müddətdə işğal altında olan torpaqlarımızı azad etdik. Dövlətimiz konstitusion hüququndan istifadə edib, beynəlxalq normalar çərçivəsində davranıb, BMT qətnamələrini özü icra edib: Burada məqsəd ərazi bütövlüyünü, suverenliyini bərpa etmək idi, buna da nail olundu. Bizi indi yalnız bölgədə sülh, əmin-amanlıq maraqlandırır və bunun daha sürətli olması üçün bütün normal təkliflərə, barışa, kommunikasiyaların açılmasına, əməkdaşlığa, dinc yaşayışa istiqamətlənən vasitəçilik missiyalarına müsbət yanaşırıq. Nəzərə çatdıraq ki, hazırda bəzi ermənipərəst dairələr, çox təəssüf ki, vasitəçilik missiyası daşıyan bəzi ölkələr və onların rəhbər şəxsləri, siyasətçiləri absurd bir mövqe sərgiləyirlər. Torpaqlarını işğaldan azad etmiş Azərbaycan rəhbəri bəyan edib ki, artıq münaqişə bitib, bundan sonra yalnız sülhdən söhbət gedə bilər. Ancaq Ermənistandakı siyasi dairələrlə yanaşı, bəzi dünya ölkələrin rəsmiləri münaqişənin guya bitmədiyini iddia edirlər. Təbii, bu onların siyasi maraqlarına uyğun ola bilər. Ancaq reallıqlar tamamilə başqadır, münaqişə bitib və “Dağlıq Qarabağ” termininin özü belə yoxdur. Dövlət başçısı bu məsələnin üzərində xüsusi dayanıb və deyib ki, münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir: “Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk Qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil”.
Ermənistanın bu gün yenidən siyasi anlamda və çürük ideologiya olaraq “Dağlıq Qarabağ” iddiaları heç şübhəsiz ki, onun özünə ciddi problemlər yaradacaq, dünya da bunu bilməlidir. Əgər hansısa qüvvələr Ermənistana kömək etmək istəyirsə, bir sıra revanşist düşüncəli erməniləri başa salmalı, onlara tarixi və hüquqi baxımdan tamamilə haqsız olduqlarını anlatmalıdırlar. Və onu da izah etməlidirlər ki, Göyçə, Zəngəzur, İrəvan da tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan tarixi Azərbaycan torpaqları hesabına dövlət kimi formalaşdırılıb. Ancaq Prezidentin də vurğuladığı kimi, təbii, bizim heç bir dövlətə qarşı torpaq iddiamız yoxdur. Müsahibənin ən əsas yeri Azərbaycanın Fransa dövləti ilə bağlı mövqeyi açıq şəkildə, bilavasitə məhz elə bu ölkənin kanalı vasitəsilə bildirildi: Azərbaycan Fransa ilə münasibətlərini uğurla qurub. Heydər Əliyev Fondu Fransada tarixi abidələrin restavrasiyası ilə bağlı nəzərəçarpan işlər həyata keçirib. Bir real fakt da var ki, hər bir dövlət xarici siyasətinin prioritet istiqamətlərini müəyyənləşdirərkən, digər bir dövlətlə ikitərəfli ya da çoxtərəfli zəmində münasibətlər qurarkən hansısa bir dövlətə, dövlətlərə daha yaxın ola bilər. Müsahibəsində cənab Prezident İlham bildirdi ki, əgər Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidirsə obyektiv və qərəzdən uzaq mövqe nümayiş etdirməli idi. Lakin bitərəf yox, birtərəfli mövqe ilə Ermənistanın tərəfini tutdu, hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi.
Azərbaycan Fransa ilə Ermənistanın tarixi əlaqələrini, Fransada fəal erməni icmasının olmasını və onların qərar qəbul edən şəxslərə mümkün təsirini gözəl bilir. Bununla belə, ölkə başçımız onu da geniş auditoriyanın diqqətinə çatdırdı ki, Azərbaycan Parisdən gələcək Fransa-Azərbaycan münasibətləri ilə bağlı müsbət siqnallar alıb və onlara da müsbət cavab verib. Fransa dünyada aparıcı dövlətlərdən biridir və Azərbaycan bu dövlətlə münasibətlərinin normal olmasını istəyir. Bu gün yaranmış reallığa isə realist yanaşma ortaya qoyulmalıdır. Azərbaycanın xoşagəlməz hadisələrdən sui-istifadə etməməklə səhifəni müsbət istiqamətdə çevirməyə hazır olduğu ifadə edildi. Fransa da, Ermənistan da neqativ meyillərlə çıxış etməli deyil, regionda sülh, sabitlik və təhlükəsizlikdə maraqlı olmalıdır.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

 

Fransa tərəf seçdi – Ermənistanın tərəfini

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün ərzində işğalçı Ermənistanın “məğlubedilməzliyi haqqında mifi” dağıdaraq işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularını məhv etdi. Müharibə qanunlarında humanizm prinsiplərinin qorunmasına əməl edən ordumuz malik olduğu gücü və potensialı bütün dünyaya göstərdi. Bu güc informasiya müharibəsini dövlət siyasəti ilə paralel şəkildə həyata keçirmişdir. İlk olaraq Fransa diplomatiyasının Ermənistana himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasətinin nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün aparılan təəssübkeşliyinin siyasi oynbazlıqdan savayı bir sey olmadığı sübut olundu.
Azərbaycanın apardığı informasiya müharibəsi deyərdik ki, məkrli qüvvələrin bu sahədəki siyasi riyakarlığının bütün qatlarını üzə çıxardı. Bütün çətinliklərə baxmayaraq qətiyyət və möhkəm siyasi iradənin gücü ilə xalqının xilaskarlığını üzərinə götürmüş layiqli siyasi varis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəmir yumruğa köklənmiş mübarizə əzmi bu missiyanı uğurla yerinə yetirmişdir.

Eminova Şəhla- Əməkdar müəllim

 

Münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir

Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin davam etdiyi dövrdə Azərbaycan diplomatiya və hərbi meydanda demək olar ki, tək idi. Beynəlxalq siyasi proseslərdə bu məsələnin gedişi zamanı Azərbaycanın çevikliyi onda idi ki, dövlətçiliyin formalaşdırılması ilə yanaşı, müasir və qüdrətli milli ordunu formalaşdırmaqla hərbi müstəvidə haqq ədalətin təmin edilməsinə nail oldu. Bununla belə, onilliklərdir ki, qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirərək münaqişənin sülh yolu ilə, diplomatik danışıqlarla nizamlanmasına daha çox çalışmışdır.
Prezident cənab İlham Əliyevin 2020-ci il noyabrın 10-da gecə saatlarında Azərbaycan xalqına müraciətində elan etdiyi böyük qələbə xəbəri əslində diplomatiya və hərbi gücün birliyinin sarsılmazlığının sübutu idi. Bu mühüm tarixi məqamda siyasi-ideoloji cəbhənin informasiya müharibəsi ilə vəhdətini açıqca görmək mümkün olduğu kimi, hərbi əməliyyatlara professional rəhbərliyin ədalətli Vətən müharibəsindəki rolu da dünya tarixinə düşəcək yeni bir nümünə oldu. Dövlətimizin siyasi-hərbi mövqeyindəki haqq ədalətin mahiyyətini beynəlxalq birliyə aydın və sərrast izah edərkən həmin bəyanatlar Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini açıb göstərən və ifşa edən ən kəsərli silaha çevrildi. Biz hesab edirik ki, dünyanın gözü qarşısında işğalçılıqdan məğlubiyyətə düçar edilmiş Ermənistana tarix səhnəsində bundan sərrast dərs ola bilməz. Bu tarixi həqiqətlərin etirafı üçün əsl tarixdir.

Qasımova Alim- Çallı kənd tam orta məktəbinin tarix müəllimi

 

Sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır.

Noyabrın 10-da imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiqi və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımların atılması tam əsaslıdır. Çünki üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritetləri özündə ehtiva edir. Şübhəsiz ki, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edir.
Həmçinin dövlətlər arasında iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan yeni bəyanatın qəbul olunması da təsdiqlədi ki, regionun gələcəyi məhz perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılmasını və muxtar respublikanın blokadadan çıxarılmasını nəzərdə tutduğu üçün mühüm geosiyasi əhəmiyyət kəsb edir. Digər tərəfdən açılacaq kommunikasiya xətləri Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq. Bununla həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya imkanları reallığa çevrilmiş olur.

Nağıyev Abbas-Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyib.

Bu gün Cənubi Qafqaz Azərbaycanın gücü ilə təhlükəli bəladan xilas edilmiş, Vətən müharibəsindəki qələbə sabitlik, sülh, və təhlükəsizlik üçün region xalqlarına büyük fürsət yaratmışdır. Azərbaycan əzəli torpağı olan Qarabağı həmişə olduğu kimi vətəndaşlarımızın ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi kimi görür. Biz gələcək hədəfləri düşünərkən siyasi liderin nüfuz məsələsini bu prosesdə həm yeni inkişafın memarı, həm də sülhə qarant olaraq fəlakətlərin qarşısının alınmasında əsas amil olduğunun fərqindəyik. Çünki Azərbaycanın iradəsi ilə artıq geosiyasi reallıqlar dəyişib. Bu təkcə ölkəmizin deyil, bütün regionun siyasi vəziyyətinə təsir edib.
Ermənistan da daxil olmaqla, indiyədək heç bir dövlətin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaması ona görədir ki, Azərbaycanın güclü siyasi liderinin iradəsi ilə sübut olunmuşdur. Azərbaycan bütün dövlətlər ilə münasibətləri dini, milli ayrı-seçkiliyə görə yox, dünyəvi prinsiplər əsasında formalaşdırmaq kimi dövlət siyasəti həyata keçirir. Postmüharibə dövründə ölkəmizin davamlı siyasətinin xalqlara rifah gətirəcəyinə artıq heç bir şübhə qalmamışdır.

İmanova Sevinc-Gigiena və Epidemiologiya Mərkəzinin direktoru

 

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları absurddur

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.
1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib. Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir. Ermənistan dövləti 30 il dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar siyasət həyata keçirərək Azərbaycanın Dağlıq qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürmüşdür. XX əsrin 80 –ci illərinin sonlarından başlayaraq ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın torpaqlarını işğalına başladı. 2020-ci il Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Belə ki, 2020-ci ilin iyul və avqust aylarında yenidən Ermənistan hərbi təxribatlara əl atdı, sentyabrın 27-də isə artıq Azərbaycan xalqının səbir kasası daşdı. Xalq öz Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurmağa başladı. Prezident-Xalq-Ordu birləşməsi 30 illik işğala 44 günlük Vətən müharibəsinin başlanması ilə son qoydu.
Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Lakin bütün bunlara baxmayaraq ermənistan yenə də ərazi iddialarından əl çəkmir. Ancaq Prezidentimizin daxili və xarici siyasəti nəticəsində artıq Qarabağ problemi yoxdur. Yaşasın Azərbaycan! Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Azərbaycan Fransa ilə əməkdaşlığa hər zaman açıq olub

Prezident İlham Əliyevin “France-24” televiziya kanalına müsahibəsində Azərbaycanın Fransa ilə əməkdaşlığa hər zaman açıq olduğunu vurğuladığını xatırladıb. Qeyd edib ki, özünü beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi təsdiq etmiş ölkəmiz digər dövlətlər arasında münasibətlərə heç vaxt qarışmayıb: “Fransa ilə Ermənistan arasında əlaqələri təbii ki, bu ölkələr özləri müəyyənləşdirir. Lakin vasitəçilik missiyasını üzərinə götürmüş ölkələrdən birinin münaqişədə olan iki tərəf arasında seçim etməsi ən azı üzərinə götürdüyü öhdəliklərə uyğun deyil. Düşünürəm ki, Fransada Azərbaycan cəmiyyətinin etirazlarını düzgün qiymətləndirən və haqlı olduğunu qəbul edən siyasi dairələr var. Azərbaycan regionda sülhün bərqərar olunması naminə bütün səylərini səfərbər edir. Bunun üçün Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması münaqişənin həll edilməsindən sonra ATƏT-in Minsk Qrupunun həyata keçirə biləcəyi ən vacib məsələlərdən biridir: “Hesab edirəm ki, Fransa bu etimadın yaradılmasına çox ciddi töhfələr verə bilər. Xüsusilə Fransa ilə Ermənistan arasında münasibətlərin xarakteri belə düşünməyə əsas verir. Fransa münaqişədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesində iştirak etmək istəyini rəsmi səviyyədə ifadə edib. Bu fakt ikitərəfli əlaqələrin inkişafı üçün müsbət siqnaldır: Fransa səfiri də ölkəsinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə dəstək vermək niyyətində olduğunu açıqlayıb. Məcburi köçkünlərin öz torpaqlarına daha qısa vaxtda qayıda bilmələri üçün bu cür dəstəyin əhəmiyyəti olduqca böyükdür. Hesab edirəm ki, biz indi daha çox müsbət məqamlara istinad edərək, ikitərəfli əlaqələrin inkişafı üçün daha yaxşı zəmin yarada bilərik.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

İrəvanın sülh danışıqlarından yayınması
Ermənistanı daha ağır duruma salacaq

Məlum olduğu kimi, Azərbaycanın parlaq qələbəsi və işğal altındakı torpaqların azad edilməsi ilə başa çatan 44 günlük Vətən müharibəsi ilə ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda real güc olduğunu göstərdi, beynəlxalq nüfuzu daha da artdı.
Münaqişənin həlli Azərbaycana siyasi dividendlər verməklə yanaşı, yeni iqtisadi imkanlar da yaratdı. Qarabağın əlverişli coğrafiyası, təbii gözəlliyi, yerüstü və yeraltı sərvətləri xarici tərəfdaşların marağını cəlb etməklə bölgənin dirçəlişi və bütövlükdə ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlığını genişləndirməsi üçün geniş potensial ortaya qoyur. Artıq azad edilmiş ərazilərdə yerli və xarici şirkətlərin iştirakı ilə görülən genişmiqyaslı bərpa və yenidənqurma işləri mövcud potensialın realizə edilməsi mərhələsinə qədəm qoyduğumuzu göstərir.
Məğlub edilmiş, 30 illik müstəqillik dövrünü hər vəchlə işğal etdiyi əraziləri əldə saxlamağa çalışmaqla boşa sərf etmiş, bir çox əlverişli tərəfdaşlıq fürsətlərini əldən qaçırmış, regional iqtisadi əməkdaşlıqdan kənarda qalaraq təcrid olunmuş və siyasi, iqtisadi, sosial böhran bataqlığına düşmüş Ermənistan isə bu gün ciddi seçim qarşısındadır.
Ermənistan ya indiyədək rəhbər tutduğu Azərbaycana fob, irqçi, ekspansionist və miflərə söykənən ideologiyadan tamamilə imtina edərək sivil dünyanın, inkişaf edən regionumuzun bir parçasına çevriləcək, ya da nifrət dolu, revanşist xəyallarla özünün və əhalisinin durumunu daha da pisləşdirəcək.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və soyqırımı siyasəti

Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Xalqımızın tarixi kobud surətdə təhrif olunmuş, erməni tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün davamlı səylər göstərmişlər. Onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XX yüzillikdə zaman-zaman Qafqazda məskunlaşmış ermənilərin əli ilə, tarixi Azərbaycan torpaqlarında yaradılmış başabəla Ermənistan dövlətinin təcavüzkar siyasəti ilə xаlqımızın bаşınа bir sırа аğır fаciələr gətirilib. Böyük dövlətlərin yeritdikləri imperiyа siyаsətinin qəddаr və məkrli icrаçısı оlаn ermənilər dəfələrlə аzərbаycаnlılаrа qаrşı etnik təmizləmə, sоyqırımı, repressiyа və depоrtаsiyа törətmiş, xаlqımızı аğır məhrumiyyətlərə, milli fаciə və məşəqqətlərə düçаr etmişlər. Bu qanlı qırğın və köçürülmələrdə yüz minlərlə dinc аzərbаycаnlı milli mənsubiyyətinə görə məhv edilmiş, öz аtа-bаbа yurdundаn didərgin sаlınmışdır. Sоvet hаkimiyyəti illərində SSRİ rəhbərlərinin birtərəfli siyаsət yeritməsi, xаlqımızа qаrşı düzgün mövqe tutmаmаsının nəticəsi idi ki, biz bu faciələr bаrədə vаxtındа və оbyektiv söz demək imkаnınа mаlik оlmаmışıq. Əksinə, ermənilərin daim açıq-gizli müdаfiə оlunmаsı, bir sırа hаllаrdа оnlаrа qаrşı müsbət meyillər gələcək bəlаlаrımızın əsаsı оlmuşdur. Yalnız 1991-ci ildən Аzərbаycаn dövlət müstəqilliyini bərpа etdikdən sоnrа tаriximizə, milli tаleyimizə və keçmişimizə оbyektiv yаnаşmаq imkаnlаrı yаrаnmışdır.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Ermənistan Respublikası tərəfindən isə beynəlxalq hüquq normalarının tələbləri pozulmaqda davam edir.

“XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Respublikası beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın əzəli-tarixi torpaqları olan Qarabağ və ətrafındakı 7 rayonu işğal etmiş və bölgədə ağır humanitar fəlakətin yaşanmasına səbəb olmuşdur. Nəticədə 1 milyona yaxın dinc azərbaycanlı əhali Ermənistanın işğal və etnik təmizləmə siyasətinin qurbanına çevrilərək əsrlər boyu yaşadıqları ərazilərdən silah gücünə qovulmuş, dinc əhali, o cümlədən qoca, qadın və uşaqlar kütləvi şəkildə qətlə yetirilmiş, girov götürülmüş, dözülməz işgəncələrə məruz qalmış, şantaj, hədə-qorxu və insan alverinin obyektinə çevrilmiş, yaşayış məntəqələri, tarixi və dini abidələr, qəbiristanlıqlar dağıdılıb.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən müharibənin bitməsi ilə Azərbaycan bölgədə sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün əlindən gələn bütün zəruri tədbirləri görüb, o cümlədən müharibənin gedişində əsir düşmüş şəxsləri Ermənistana qaytarıb, itkin düşənlərin, həmçinin həlak olmuş şəxslərin cəsədlərinin tapılıb qaytarılması üçün kömək göstərib. Hazırda da bu proses davam etməkdədir.
Ermənistan Respublikası tərəfindən isə beynəlxalq hüquq normalarının tələbləri pozulmaqda davam edir. Azərbaycanın çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistan hələ Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş ümumilikdə 4 minə yaxın azərbaycanlının sonrakı taleyi haqqında məlumat verməkdən boyun qaçırır. Təkzibolunmaz fakt və materiallar göstərir ki, həmin insanların əksəriyyəti qətlə yetirilib və ya işgəncə və xəstəliklərdən vəfat ediblər. Ermənistan tərəfi törətdiyi sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini gizlətməyə çalışır və humanitar təşkilatlar çərçivəsində əməkdaşlıqdan boyun qaçırır. Qeyd etmək lazımdır ki, beynəlxalq humanitar hüquqa əsasən münaqişə tərəfləri nəinki cəsədlərin dəyişdirilməsi, onların axtarıb tapılması istiqamətində, eləcə də onların kimliyinin müəyyənləşdirilməsində də əməkdaşlıq etmək kimi öhdəlik daşıyırlar.
Beynəlxalq humanitar hüququn kobud pozuntularından biri hərbi münaqişə zamanı istər mülki, istərsə də hərbi mükəlləfiyyətli şəxslərin zorla yoxa çıxarılmasıdır. Bu müddəa BMT Baş Assambleyasının 2006-cı ildə qəbul etdiyi “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi haqqında” Beynəlxalq Konvensiyada da öz əksini tapıb. BMT Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli Qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barəsində məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə olunub. 2002-ci ildə BMT İnsan Hüquqları Komissiyası öz müvafiq Qətnaməsində silahlı münaqişənin qarşı tərəfinin itkin düşmüş şəxslərin axtarışında iştirak etməsini bir öhdəlik olaraq qeyd edib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan regionda sülhün, təhlükəsizliyin
zəruriliyini daim yüksək dəyərləndirir

Prezident İlham Əliyev fəaliyyətinin bütün mərhələlərində hər zaman barışın, əmin-amanlığın tərəfində olub. Hətta Ermənistan 30 ilə yaxın bir zaman ərzində torpaqlarımızı işğal altında saxlayanda da dövlətimizin başçısı bu haqsızlığı, ədalətsizliyi müharibə, döyüş yolu ilə deyil, sülh danışıqları vasitəsilə aradan qaldırmağa çalışıb. Təəssüf ki, dünya birliyinin bu işğal siyasətinə laqeyd, biganə münasibət bəsləməsi, eyni zamanda, havadarlarının mənəvi-siyasi dəstək göstərməsi düşmən ölkəni daha da azğınlaşdırdı və onu “yeni müharibə ilə yeni ərazilər əldə etmək”, “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribat xarakterli məsuliyyətsiz bəyanatlar səsləndirməyə sövq etdi. Ermənistan bu məkrli niyyəti ötən il sentyabr ayının 27-də reallaşdırmaq qərarına gələrək ölkəmizə qarşı hücum əməliyyatlarına başladı. Lakin unutdu ki, Azərbaycan ötən əsrin 90-cı illərindəki respublika deyil. Anlamırdılar ki, qarşılaşacaqları ordu haqqında, onun gücü, təcrübəsi, peşəkarlığı, döyüş əzmi, taktikası və qəhrəmanlığı haqqında hələ çox danışılacaq, təhlillər aparılacaq. Şübhəsiz ki, belə təqdirdə düşmən ordusunun hücumun ilk günlərindən darmadağın edilməsi, acı məğlubiyyətlə üzləşməsi təsadüfi deyildi.
Ermənistanın sülh danışıqlarına qoşulmasına bu ölkəyə dost dövlətlər də təkan verə bilər. Lakin, təəssüf ki, hazırda bu, çox zəif müşahidə olunur. Belə bir halı Minsk qrupunun həmsədrlərindən olan Fransanın timsalında aydın görə bilərik. Bu məsələ ilə bağlı, ilk növbədə, qeyd edilməlidir ki, Azərbaycan Fransaya hər zaman dost ölkə kimi münasibət bəsləyib. İki dövlət arasında bir çox iqtisadi, ticari və infrastruktur layihələr reallaşdırılıb. Amma Fransa nə işğal dövründə, nə də Vətən müharibəsi günlərində özünü tərəfsiz göstərə bilməyib. Xüsusilə Ermənistanın Azərbaycana savaş açdığı zaman dürüst vasitəçi missiyasından kənar dayanıb. Prezident İlham Əliyevin sözügedən müsahibədə bildirdiyi kimi, Vətən müharibəsində Fransa Ermənistan tərəfini seçdi, işğalçıya dəstək göstərdi, onu qəsbkarlıqdan çəkindirməyə cəhd etmədi: “Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyunca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır”.

Vəfa Xəlilli-“Gəncliyə dəstək” İB-nin sədri

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki