image-970_50
image-img_20211112_090330

Regionların inkişafı üçün həmin ərazilərə investisiyaların cəlbi olduqca əhəmiyyətlidir

image-728_90

Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir. Artıq gözlə görünən bir faktdır ki, regionlarımızın inkişafı 20-25 il öncə ilə müqayisədə çox dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olublar. Buna səbəb amillərdən də biri odur ki, regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.

Regionların inkişafı həm də dayanıqlı iqtisadi inkişafı təmin edir. Belə ki iqtisadiyyatın dinamik inkişafı üçün onun dayanıqlı olması və şaxələndirilməsi zəruridir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi təmin olunmalıdır.

Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq olunması, istehsal və ixrac imkanlarının artırılmasıdır. Ölkə başçısı hakimiyyətə gəldiyi gündən etibarən bu hədəfləri müəyyən etdi, yeni dövlət dəstək proqramının olacağını elan etdi.

Bu baxımdan regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır.

Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində yuxarıda da qeyd etdiyimiz kimi regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir.

Əlbəttə ki, Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. Heç şübhəsiz ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək.

Buna görə də ilk növbədə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış ilk öncə bu ərazilərdə iqtisadi aktivliyin bərpasını tələb edir. Bunun üçün iqtisadi fəaliyyətin tədricən bərpası və bu fəaliyyətin yeni mühitə reinteqrasiyası ətrafında təhlillərin aparılmasını zəruri edir. Həmçinin regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyulur, eyni zamanda regionlarda həmçinin iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır, demək olar ki bir çox regionlara ixtisaslaşdırılmış şəkildə investisiyaların cəlbi artmaqdadır. Çünki investisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir. İnvestisiyaların təşviqi mexanizminin uğurlu tətbiqi nəticəsində bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların hesabına ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.

Beləliklə, postpandemiya dövründə regionların və iqtisadiyyatın inkişafına təkan verəcək addımlardan biri də yeni konsepsiyaların qəbuludur. Bura davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlıq, inkişafdan hər bir vətəndaşın bəhrələnə bilməsi, yüksək və ədalətli sosial təminat, paytaxt və regionların tarazlı inkişafı və digər məsələlər daxildir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki