image-qanunla-reklam
image-nurlana_aliyeva

Rektorun vəzifədən çıxarılma səbəbi: yalan və rüşvət…

image-lady-day-az

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın ötən gün vəzifədən azad edilməsinin səbəbləri ilə bağlı önəmli məlumat yayılıb.

Qanunla.Az Bakupost.az-a istinadla xəbər verir ki, rektorluq etdiyi müddətdə bir neçə dəfə qalmaqallarla gündəmə gələn Nurlana Əliyevanın yüksək səviyyədə ciddi narazılıq yaradan ən son addımı bir meddət öncə BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın barəsində cinayət işi ilə bağlı ictimaiyyətə yalan məlumat verməsi olub.

Belə ki, 29 aprel tarixində Baş Prokurorluq rəsmi açıqlama yayaraq, Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlandığını bildirmişdi. Lakin BSU mətbuat xidməti məlumatı birbaşa təkzib edərək, guya dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etdiyini, məhz bu müraciət nəticəsində də onun həbs edildiyini rəsmən bəyan etdi.

Bu isə dolayısı ilə ictimaiyyətdə D.Əliyevanın bu özbaşnalığı təkbaşına törətmədiyi, rüşvəti öz istəyi ilə almadığı barədə hallanan fikirlərə cavab, eyni zamanda, Baş Prokurorluğun əməliyyatının “səl səbəbinə” guya aydınlıq gətirmək istəyi idi.

Lakin məlumat yayılandan dərhal sonra Baş Prokurorluq ikinci rəsmi açıqlama yayaraq, BSU-nun yalanını məhz bu sözlərlə ifşa etdi:

“Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında başlanıb və yalnız bundan sonra 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub”.

Baş Prokurorluq ictimaiyyətdə çaşqınlıq yaradan bu cür məlumata görə sərt xəbərdarlıq da etmişdi.

Beləliklə, Baş Prokurorluğun cinayət işi açdıqdan sonra rektor Nurlana Əliyevanın Təhsil Nazirliyi vasitəsilə tam 10 gündən sonra daxil olan müraciətinin əslində “özünü qorumaq üçün düşünülmüş gediş” olduğunu açıqlamaqla, rektorun ən azı mənəvi məsuliyyətdən yayınma cəhdlərinin üstündən xətt çəkmişdi.

N.Əliyeva bundan əvvəl ən ciddi siyasi səhvi 20 Yanvar qatillərindən olan Primakovla bağlı yazı müsabiqəsinin keçirilməsi idi. Bu müsabiqənin yalnız BSU tələbələri arasında keçirilməsi çox böyük sensasiya yaratmışdı və pis o idi ki, həmin vaxt universitet rəhbərliyi üzr istəmək əvəzinə sona qədər doğru qərar verdiyini isbatlamağa çalışmışdı. Halbuki eyni təklif Rusiya səfirliyindən ilk dəfə Azərbaycan Dillər Universitetinə edilmiş və rədd cavabı verilmişdi. Bununla bağlı mediaya danışan ADU-nun Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev bildirmişdi ki, Primakov nəinki azərbaycanlıların yaddaşında 20 Yanvar qatillərindən biri kimi qalır, eyni zamanda onun 1970-ci illərdə yazdığı elmi məqalələrdə də islama nifrət etdiyini açıq-aşkar göstərir.

Bu böyük siyasi qalmaqaldan sonra BSU-da növbəti rüşvət qalmaqalı, D.Əliyevanın ən azı 100 tələbənin 1000-7000 manat arasında olan vəsaitini mənimsəməsi olduqca ciddi hadisədir və bu da N.Əliyevanın karyerasına son qoyub.

Qeyd edək ki, D.Əliyevanın barəsində araşdırma aparıldığı və onun külli miqdarda vəsait mənimsəməsi faktı hələ 28 yanvar 2021-ci ildə prokurorluq tərəfindən rəsmən təsdiqlənmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki