“Təhqiqat dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer” təyyarəsinin qəzaya uğramasında təqsirkarın Rusiya olduğunu təsdiqləsə, Rusiya məsuliyyətini üzərinə götürəcək”.
Qanunla.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
O, qeyd edib ki, Putin-İlham Əliyev telefon danışığından sonra hərtərəfli araşdırma aparılacaq və təyyarə qəzasının bütün təfərrüatları və şəraiti aydınlaşdırılacaq. Markov xatırladıb ki, mövcud prosedurlara əsasən, ilkin hesabat təyyarə qəzasından otuz gün sonra, tam hesabat isə 12 ay ərzində təqdim olunacaq.
Digər rusiyalı politoloq İqor Korotçenko Rusiya və Azərbaycan liderlərinin siyasi müdriklik nümayiş etdirdiyini qeyd edib. Korotçenko hesab edir ki, bu müdriklik ondadır ki, hər iki tərəf Rusiya hava məkanında vurulmuş Azərbaycan təyyarəsi ilə bağlı faciəvi insidentin dövlətlərarası ikitərəfli münasibətlərə təsir göstərməməsi üçün hər şeyi etməyə çalışır.