image-qanunla-reklam
image-d66f1c8861e19998b771c5562fbf9b23

Rusiya və Ukrayna bundan qaça bilərdimi?

image-lady-day-az

“Baxıram, prezident Trampın Rusiya-Ukrayna savaşıyla bağlı səsləndirdiyi fikirləri Moskvanın qələbəsi kimi təqdim etməyə çalışanlar, yaxud da vəziyyətin doğrudan da belə olduğunu düşünənlər var”.

Qanunla.az  bildirir ki, bu sözləri deputat Sahib Alıyev sosial şəbəkədəki hesabında yazıb.

SAHİB ALIYEV.jpg (64 KB)

O qeyd edib ki, həmin şəxslər bu durumun yaranmasında ABŞ və Ukraynanın dövlət başçılarını ittiham edirlər:

“Birincini ona görə ki, guya eyni dünyagörüşün daşıyıcıları olmaları səbəbindən o, Putinə güzəştə getməyə üstünlük verir. Bəziləri hətta konspiroloji “dərinliklər”ə baş vuraraq Donald Trampın Rusiyanın agenti olduğuna da eyham vururlar. Volodimir Zelenskiyə isə zamanında düzgün siyasət yeritməməsi irad tutulur. Ancaq bir şey unudulur ki, Zelenski hakimiyyətə gəlməmişdən öncə artıq Ukraynanın işğalı başlanmışdı və qərbdəkilər Moskvanı bunu davam etdirməyə həm həvəsləndirir, həm də sövq edirdilər”.

Sahib Alıyev digər xatırlatmanı da edib:

“NATO üzvlüyünə qarşı çıxdıqlarını gizlətmədikləri Ukraynanın o zamankı prezidenti Poroşenkoya 2014-cü ildə Minsk protokolunu imzalatdıran Almaniya və Fransa guya anlamırdılar ki, bu, Moskvanın növbəti təcavüzünə yaşıl işıq yandırmaq deməkdir? ABŞ-nin keçmiş prezidenti Baydenin 2022-ci il işğalı öncəsi səsləndirdiyi bəyanat yadınızdadır? O deyirdi ki, Rusiya Ukraynanın yenidən torpaqlarını ələ keçirməyə hazırlaşır.

Əgər çox torpaq ələ keçirsə, ABŞ-nin reaksiyası bir cür, az torpaq ələ keçirsə, başqa cür olacaq. Demirdi e, bu, yolverilməzdir! Rusiyaya işğala baş vurarsa, sövdələşmək üçün şans olduğunu çatdırırdı. Zelenski məgər siyasətçi idi ki, o, zamanında düzgün siyasət yeritməməkdə ittiham olunur? Axı siyasətçiliyi ancaq filmdə oynamış birinin qələbəsi ilə nəticələnən 2019-cu il seçkisi də, 2022-ci ildə prezident Zelenskinin ABŞ Konqresi qarışıq, Qərb ölkələrinin parlamentlərində ayaqüstdə qarşılanıb alqışlanması da bəlli bir məqsədə xidmət edən sırf şou idi. İndi haradadırlar o çəpik çalanlar, niyə mısıb durublar?”

Deputat daha sonra bunları vurğulayıb:

“Məhz 2022-ci ildə ABŞ prezidenti demirdi ki, Ukrayna nə qədər ehtiyac duyursa, ona bir o qədər də yardım göstəriləcək? Aradan bir il keçəndən sonra Baydenin “Ukrayna nə qədər ehtiyac duyursa, ona bir o qədər də yardım göstəriləcək” vədi artıq “nə qədər imkan varsa, bir o qədər dəstəklənəcək”lə əvəzlənmişdi. Dönüb arxaya nəzər salsaq, görəcəyik ki, bu fikir ABŞ ilə Rusiya təmsilçiləri arasında Ukraynanın gələcəyiylə bağlı ukraynalılarsız danışıqlar gedəndə səsləndirilməyə başladıldı.

ABŞ-nin xarici siyasətinin bəlirlənməsində mühüm rol oynayan görkəmli srtateq, siyasətşünas, dövlət başçısına və Pentaqona milli təhlükəsizlik məsələləri üzrə məsləhət vermiş mütəxəssislərdən ibarət dördlüyün (Riçard Haas, Çarlz Kupçan, Tomas Qrem və Meri Bet Lonq) Rusiyanın xarici işlər naziri Sergey Lavrovla 2023-cü ilin aprelində keçirdikləri görüş haqda “Foreign Affairs”də dərc edilən məqaləni aranızda oxuyan yəqin ki, var. Məhz həmin məqalədə ABŞ-nin Xarici Siyasət Şurasının Prezident Trampın indi səsləndirdiyi “döyüş səhnəsindən, danışıqlar masasına keçid planı”ndan bəhs edilir. Yəni deməyim odur ki, ABŞ-nin Rusiya-Ukrayna savaşıyla bağlı yeritdiyi siyasət Trampın şəxsi mövqeyi deyil, üzərində hələ hakimiyyətə gəlməmişdən iş gedən bir plandır. O, sadəcə həmin plana özünə xas şəkildə bir az epatajlıq və şou elementləri əlavə edib, vəssalam”.

Bu savaşda kimin udub-uduzmasına gəldikdə, Sahib Alıyev bildirib:

“Axı, Vaşinqtondakılar da açıq deyirlər ki, o, nə Rusiya olacaq, nə də Ukrayna. Tam düz deyirlər. Yadımdadır, mən hələ təzə başlayarkən yazmışdım ki, necə nəticələnməsindən asılı olmayaraq, bu savaşda nə Ukrayna, nə də Rusiya udacaq. Rusiyanı bu savaşa sövq edən və həvəsləndirənlərin, Ukraynanı plasdarma çevirənlərin məqsədləri burada kiminsə udub-uduzması yox, iki slavyan xalqı arasında düşmənçilik yaranması, nə qədər mümkündürsə, o qədər uzun davam etməsi idi ki, onun birinci hissəsi tam reallaşdırılıb. İndi isə ikinci mərhələyə, yəni düşmənçiliyin uzunmüddətliliyinin təmininə hazırlıq görülür. Rusiya və Ukrayna bundan qaça bilərdimi? Əlbəttə, qaça bilərdilər. Bəs niyə qaça bilmədilər? Bax, bu sualın cavabı Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinin CGTN kanalına verdiyi müsahibədəki əslində elə həm də öz rəsminin cızıldığı əsl lider haqqındakı açıqlamasındadır. O açıqlamaya bir də baxın, görün SSRİ dağılandan sonra Rusiya və Ukraynanın başında duranlardan hansı o əsl lider standartlarına cavab verib. Onların arasında belə biri olubmu?”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki