Rusiya Daxili İşlər Nazirliyinin istefada olan polkovniki Mixail Smirnov 2004-cü ilin iyununda “Fontanka” nəşrinin jurnalisti Maksim Maksimovu qətlə yetirdiyini etiraf edib.
Qanunla.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri yazır.
Belə ki, Maksimov 2000-ci illərdə hüquq-mühafizə orqanlarındakı korrupsiyadan yazıb, o cümlədən məqalələrində Smirnovun adını çəkib. Müxbir gömrük orqanlarına rüşvətlə bağlı daha bir iş barədə məlumat topladıqdan sonra yoxa çıxıb.
60 yaşlı Smirnov 2024-cü ilin mayında saxlanılıb. Polkovnik kriminal aləmdə tanınan Leonid Kolesnikovdan verilən tapşırıqları yerinə yetirməkdə təqsirli bilinib. Smirnov günahını yalnız bu il dekabrın 18-də etiraf edib.
Nəşrin məlumatına görə, Smirnovun əlbirlərindən biri 26 yaşlı Maksimovu Sankt-Peterburqda evə görüşə dəvət edib. Qəzet iddia edir ki, Smirnov Maksimovu boğaraq öldürüb. Daha sonra meyitini xidməti avtomobilində aparıb və meşədə basdırıb.
Bununla yanaşı, polkovnik daha bir qətl törətməkdə ittiham olunur. Məlumata görə, Smirnov Baltik Gəmi Mexanika Zavodunun direktoru İqor Malkinin 1998-ci ildə qətlə yetirilməsində iştirak edib.