Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri prosesinə start verəcək.
Qanunla.Az xəbər verir ki, bununla bağlı MSK-nın iyunun 29-da iclası keçiriləcək.
İclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiqlənəcək.
Toplantıda həmçinin işçi və ekspert qrupları yaradılacaq.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.