Sadə Azərbaycan ziyalısı
Azərbaycanın müasir tarixində və dünya oftalmologiya elmi sahəsində parlaq, silinməz izlər qoymuş unudulmaz insan, böyük alim, akademik Zərifə xanım Əliyeva aprel ayında dünyaya gəldiyi kimi, bu ayda da dünyasını dəyişib. Lakin cahana həyat bəxş edən Günəş bir damla suda əks olunduğu kimi, Zərifə xanım Əliyevanın da uca adı, təkrarsız şəxsiyyəti, ali insanlığı onun yadigar sözlərində, işıqlı əməllərində öz əksini taparaq yaşayır. Bir insanın, qadına, anaya, ömür-gün yoldaşına, alim və vətəndaşa xas olan bütün mükəmməl cizgiləri özündə cəmləməsi, yalnız, Tanrı vergisi ola bilər. Əllərinin şəfası, dərin savadı, xüsusilə də, incə qəlbi, şəfqət, sevgi dolu rəftarı ilə minlərlə gözə nur verən Zərifə xanım Əliyeva, sözün əsl mənasında, Tanrı vergisinə sahib insan idi.
XX əsrdə respublikamızın elminin, mədəniyyətinin, ictimai-siyasi mühitinin yetişdirdiyi ən işıqlı, humanist, xeyirxah, yenilikçi və faydalı fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik bəxş etmiş, Azərbaycan oftalmologiya məktəbinin yaradıcılarından biri olan akademik Zərifə xanım Əliyeva, məhz belə etalon şəxsiyyətlərdəndir. Öz dövrünün görkəmli həkim və səhiyyə təşkilatçısı, pedaqoq, SSRİ məkanında sayılıb-seçilən oftalmoloq alimlərdən biri olan Zərifə xanım Əliyeva həm də fəal ictimai xadim, humanist və kübar bir xanım, xeyirxah bir ziyalı, mehriban həyat yoldaşı, qayğıkeş ana, yüksək mədəniyyətə və incə zövqə malik Azərbaycan qadını kimi yaddaşlarda yaşayır. Zərifə xanımın o qədər də uzun olmayan ömründə keçdiyi parlaq həyat yolunu, tibbi, elmi, pedaqoji, ictimai fəaliyyətini öyrəndikcə, onun haqqında müasirlərinin xatirələrini oxuduqca, xüsusi ilə, gözünə işıq verdiyi, nur çilədiyi sadə insanların minnətdarlıq məktubları ilə tanış olduqca, bir daha bu qənaətə gəlirsən ki, bu cür insanları Tanrı cəmiyyətə nümunə üçün yaradır. İnsanlara xeyirxahlığın, şəfqətin, alicənablığın fərdin və cəmiyyətin həyatında nə qədər ali hisslər və ülvi məqsədlər olduğunu inandırmaq üçün yaradır.
Çox təəssüf ki, amansız ölümün bizdən erkən qopardığı Zərifə xanım Əliyeva onun dahi ömür-gün yoldaşı Heydər Əliyevin və əziz oğlu İlham Əliyevin rəhbərliyilə müasir Azərbaycanda baş verən misilsiz dəyişikliklərin, yüksək inkişafın canlı şahidi ola bilmədi. Lakin heç şübhəsiz, onun işıqlı ruhuna əyan oldu ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanı bəlalardan xilas edərək dövlətçiliyimizin möhkəm təməlini qoydu, ölkəmizi geniş, davamlı inkişaf yoluna çıxardı. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu aydın yolu böyük uğurla davam etdirərək tariximizin ən parlaq səhifələrinə fateh sərkərdə, qalib rəhbər kimi imza atdı. Heç şübhəsiz, Zərifə xanımın saf ruhu sonsuz bir sevinc duyur ki, onun qəlbən bağlı olduğu, bütün varlığı ilə sevdiyi Azərbaycan indi dünyanın ən güclü dövlətlərindən biri, doğma xalqı isə azad edilmiş torpaqlarında yaşayan, öz müdrik rəhbərinə ürəkdən inanan xoşbəxt xalqdır. Sözsüz ki, unudulmaz Zərifə xanım Əliyevanın pak ruhunu sevindirən çox mühüm bir cəhət də var: Ulu Öndər Heydər Əliyevlə Zərifə xanımın müqəddəs ocağının işığı, hərarəti Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın sayəsində bütün Azərbaycana yayılıb.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
Anım günü
15 Aprel dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib.
Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilirdi.
Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır.
Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. İnstitutda çalışan dövrdə Zərifə Əziz qızı bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, onun fəaliyyəti bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Zərifə Əliyeva M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk azərbaycanlı qadındır.
Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva