Sentyabrın 27-də Cəlilabad rayonunda xuliqanlığa görə Həbs edilən Saməddin Məmmədovun övladları bu gün Bakıda etiraz aksiyası keçirməyə cəhd edib.

Onun Amid və Nahid adlı iki oğlu Fransa səfirliyinin qarşısında mediaya açıqlama verərək atalarının həbsdən buraxılmasını istəyiblər. Onlar S.Məmmədovun barəsində məhkəmənin həbs qərarının ədalətsiz olduğunu iddia ediblər.

Aksiyaya cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

İttihama görə, sentyabrın 27-də S.Məmmədov, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədov ilə birlikdə rayonun Məşədivəlli kənd sakini Elşən Cəfərovun onlar barəsində sosial şəbəkələrdə paylaşım etməsinə görə Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında keçirilən kütləvi tədbir vaxtı onunla mübahisə edib. Bu zaman onu döyərək xuliqanlıq etməkdə təqsirləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Fotoda: Elşən Cəfərov

Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, 50 yaşlı Saməddin Məmmədov indiyə kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə həbs olunub. O, İrandan Azərbaycana qanunsuz yollarla narkotik daşımaqla qaçaqmalçılıqda və narkotik satışında təqsirli bilinərək 8 il məhkumluq həyatı yaşayıb. Onun övladları da məhkumluq həyatı yaşayıb. Kiçik oğlu Nahid 2019-cu ildə narkotik dövriyyəsində görə məhkum olunub. Böyük oğlu Amid isə xuliqanlığa görə 2014-cü ildə 5 il həbsdə qalıb. Kürəkəni Rəşad Ağayevə də narkotik dövriyyəsinə görə 3 il 6 ay cəza verildiyini və hazırda həbsdə olduğu bildirilir.