Azərbaycanın İrandakı səfirliyinə xain terror hücumundan iki il ötür. 2023-cü il yanvarın 27-də səhər avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçu Yasin Hüseynzadənin hücumunun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb.
Ötən həftə, hadisənin ikinci ildönümü ərəfəsində isə Y.Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək. Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.
Zərərçəkən – terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov edamın icrasını tələb edir: “Təxminən 1 il yarım öncə İran İslam Respublikasının Baş Prokuror müavini Bakıya gəldi və Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüşümüz oldu. Başsağlığı verdilər və bildirdilər ki, İran İslam Respublikasının qanunlarına uyğun olaraq kompensasiya və ya edam cəzası verilə bilər. Orxan Əsgərovun atası olaraq, şübhəsiz ki, mən həmin dəqiqə edam cəzasını istədim”.
R.Əsgərov qeyd edib ki, bir il yarım öncə bununla bağlı müvafiq sənədlər hazırlandı: “Mən və kiçik oğlum qisas qismində edam istədiyimizi tələb məktubu kimi yazdıq. İndi isə bu tələbi yenidən istəyirlər. Biz də bu tələb məktubunu yenidən yazacağıq. Biz həmin terror aktını törədən şəxsin edamını istəyirik. Bizim başqa tələbimiz yoxdur”.
Qeyd edək ki, faciəvi olaydan sonra İranla diplomatik əlaqələr ən aşağı səviyyəyə endirilib. Səfirliyimiz isə yalnız keçən ilin iyulunda yeni binada fəaliyyətə başlayıb.
Ümumiyyətlə, ötən iki illik müddəti Azərbaycan-İran münasibətləri kontekstində necə səciyyələndirmək olar? Rəsmi Tehran terror aktından gərəkən nəticəni çıxarıbmı? İran tərəfi niyə sifarişçinin axtarışını aparmadı?
Onu da qeyd edək ki, sözdə mehriban qonşuluqdan və dindaşlıqdan danışmağı sevən İran XİN keçən həftə Tehrandakı səfirimizi çağıraraq ona etiraz təqdim edib. Ardınca İranın Bakıdakı müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə dəvət edilib və qarşı tərəfə etiraz bildirilib.
Azərbaycan Milli İstiqlal Partiyasının lideri, xalq hərəkatının öncül isimlərindən olan Etibar Məmmədov tanınmış politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Günaz TV-də yayımlanan müəllif verilişində çox maraqlı məqamlara toxunub: “İran tərəfi münasibətlərin normallaşmasına imkan verməyəcək. Biz xarici siyasətimizi qonşularımızın haqqımızda nə düşündüyündən asılı etməməliyik. Özümüzün strategiyamız olmalıdır. İran bizim üçün problem yaradır. Bunun qarşısını almağın bir yolu var ki, biz də onlar üçün problem yaratmalıyıq. Bizim onlara problem yaratmaq imkanlarımız onlarınkından qat-qat çoxdur. İctimaiyyətə təsir baxımından onların bizim cəmiyyətə təsir gücü bizim imkanlarımız qədər deyil. Düzdür, onlar agentura şəbəkəsi qurublar, yeni cəmiyyətlər formalaşdırıblar, dini təbliğat aparırlar. Lakin yalnız bu vasitələrlə təsir göstərə bilirlər. Çünki onların cəmiyyətə nümunə kimi təqdim edəcəyi heç bir şey yoxdur. Bir nümunələri yoxdur ki, bizə göstərsinlər. Amma bizim cəmiyyətin İran üçün nümunəliyi var. Sərbəstlik, azadlıq, yəni dini azadlıq, dünyəvilik, bir sözlə, hər şey var. Onun üçün bizim təsirlər daha çoxdur. Milli hisslərlə İrana təsirlərimiz daha çoxdur, nəinki farsın Azərbaycana təsiri.
Deyirlər ki, dövlət səviyyəsində biz Azərbaycanla dostuq, nə edirlərsə, dini və digər təşkilatlar edirlər. Biz də elə təşkilatlar formalaşdırmalıyıq ki, İrana problem yaratsınlar, bu istiqamətdə fəaliyyətlərini gücləndirsinlər, lazım olan imkanlara və təsir gücünə malik olsunlar…”
Azər Badamov
Deputat Azər Badamov “Yeni Müsavat”a Azərbaycan tərəfinin terrorçunun edamını gözlədiyini bildirdi: “2 il əvvəl Tehranda səfirliyimizə edilmiş silahlı basqın molla rejiminin təşkilatçılığı ilə baş verib. Azərbaycan dövlətinə qarşı törədilmiş bu terror aktına İran dövləti tərəfindən ciddi yanaşılmamasının nəticəsidir ki, hadisədən iki il keçməsinə baxmayaraq, hələ də cinayətkar layiqli cəzasını almayıb. İran dövləti müxtəlif yollarla cinayətkarı gizlətməyə və cəzadan yayındırmağa çalışdı. Amma dövlətimiz cinayətkarın edam cəzası ilə cəzalandırılmasında israrlıdır və bu məsələ iki dövlət arasında münasibətlərin gələcək inkişafına təsir göstərə bilər. İranda xırda cinayətkarların da edam cəzasına məhkum edilməsi sadə bir məsələdir. Amma səfirliyimizə edilmiş hücumun təşkilatçıları haqqında məlumat verilmir və terrorçu layiqli cəzasına hələ də məhkum edilməyib.
Bəli, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla İran arasındakı münasibətlər tarixin minimumuna enib. İran Ermənistana və Qarabağdakı keçmiş separatçılara açıq şəkildə dəstək göstərməyə davam etmişdi. Amma dövlət orqanlarımız İranın bu hərəkətlərini faktlarla ifşa etdi. Sonra sərhəddə hərbi təlimlərin keçirilməsinə başlandı. Təbii ki, biz də adekvat addımlar atdıq və heç nədən qorxmadığımızı və lazım gələndə adekvat cavab verməyə hazır olduğumuzu nümayiş etdirdik. İran hərbi demarşların bir nəticə vermədiyini görüb səfirliyimizə hücum təşkil edərək xalqımızı qorxutmağa çalışdı. Əgər İran özünün düşmənçilk yolundan əl çəkməzsə, iki ölkə arasındakı münasibətlərin daha da pisləşəcəyini hesab edirəm.
Əslində Azərbaycan İran üçün etibarlı tərəfdaşdır. İqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün geniş imkanlar var və hökumətlərarası komissiya bu imkanların reallaşdırılmasına çalışır. Təbii ki, iqtisadi əməkdaşlığımız qarşılıqlı fayda üzərində qurulur. Siyasi münasibətlərin inkişafı isə İranın özünün bizə qarşı münasibətindən asılıdır. Təbii ki, İran siyasi münasibətlərdə yaranmış çatların aradan qaldırılmasına cəhd edərsə, ölkəmiz qarşılıq verməyə hər zaman hazırdır. Azərbaycan Ermənistandan fərqli olaraq öz ərazilərində NATO-nun bazalarını yaratmır. Dövlətimiz müstəqil siyasət yürdür və siyasətimiz heç bir dövlətin maraqlarının əksinə deyil. Bu baxımdan İranın Azərbaycana qarşı baxışlarını dəyişməyin zamanıdır”.
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva bu hadisənin sifarişçisinin cənub qonşumuz olduğuna əmindir: “İki il bundan əvvəl İrandakı hakimiyyət öz tarixi “ənənələrinə” sadiq qalaraq yenə də öz ərazisində səfirliyə hücum aktı həyata keçirdi. Bu, İranın dövlətçilik tarixində ilk hadisə deyil. Vaxtilə Rusiyanın Tehrandakı elçisi, yazıçı Qribayedov da elə səfirlikdə öldürülmüşdü. Tarixi faktlar göstərir ki, İranda bu cür hallar, siyasi fahişəlik xaraketli teraktlar fars şovinist rejiminin ali rəhbərliyi tərəfindən gerçəkləşdirilib. Bu dəfə də belə oldu. 2023-cü ilin yanvarın 27-də baş verən teraktın motivləri göstərdi ki, cinayətkar Yasin Hüseynzadə təkcə bir-iki nəfəri yox, səfirlikdəki bütün şəxsləri öldürmək istəyib. Yaxınlıqdakı İran polisi də hadisə baş verərkən orada idi və prosesə səssiz qalmışdı. Bütün bunlar onu deməyə əsas verir ki, İran polisi də prosesə müdaxilə etməmək üçün qəti təlimat almışdı. Üstəlik, təcili yardım xəstəxanası yaralının ölməsi üçün səfirlik əməkdaşının yarasını sarımaqdan imtina etmişdi. Deməli, səfirliyimizə hücum planı ən azından SEPAH-ın və ya ETTALAT-ın binasında hazırlanıb. Sifarişçi isə elə İran dövlətinin özüdür. Ona görə də bu vaxta qədər qatili qorumaq istəyir və sifarişçini tapmamaq üçün əlindən gələni edir. Sözsüz ki, adını İslam respublikası qoymuş fars dövləti baş verənlərdən nəticə çıxarmayacaq. Yenə də öz ampulasında qalmağa davam edəcək. Amma Tehrandakı rejim unudur ki, Bakı ilə güc və hədə dilində danışmaq qeyri-mümkündür. Çünki Azərbaycan Cənubi Qafqazın açarıdır. İndi Tehran münasibətlərdəki uçurumu aradan qaldırmaq istəyirsə, qatili dərhal edam etməli və ölkəmizə mənəvi ziyanın qarşılığı olaraq kompensasiya ödəməlidir”.