image-970_50
image-c7c0f349-7c6c-4134-9621-b2cd764cac77-864x642

Şəhid Ailələrinə Və Qazilərə Dövlət Səviyyəsində Yüksək Diqqət Yetirilir

image-728_90

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən Müharibəsi zəfərlə başa çatıb, dövlətimizin ərazi bütövlüyü təmin olunub. Azərbaycan ədaləti bərpa edərək otuz il ərzində işğal altında olan torpaqlarımızı geri qaytarıb. Müharibə itkisiz olmur. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb və biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar öz sağlamlıqlarını Vətənimizin və torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə itiriblər.
Azərbaycanın müstəqilliyini, Vətən torpaqlarının ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda canlarından keçmiş şəhidlərimizi yad etmək, sağlamlıqlarını torpaq uğrunda itirən qazilərimizə, igid Vətən övladlarına, onların ailələrinə sahib çıxmaq hər birimizin ən ümdə vəzifəmizdir. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan öyrənməlidirlər. Ən əsası isə şəhidlərimizin, qazilərimizin ailələrinə qayğı göstərməklə hər birimiz onların yanında olduğumuzu hiss etdirməli, bu yolda əlimizdən gələni əsirgəməməliyik.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir. Azərbaycanın bütövlüyü, suverenliyi uğrunda canından, sağlamlığından keçmiş hər bir şəxsin sosial təminatları dövlət tərəfindən qarşılanacaqdır. Belə ki, bu qəbildən olan insanlara verilən aylıq məvaciblərin məbləğinin artırılması, mənzil və avtomobillərlə təmin olunması, onların daimi olaraq qayğı ilə əhatələnməsi istiqamətində həm yerli icra hakimiyyətlərində xüsusi şöbələrin, həm də YAŞAT Fondunun yaradılması hər kəs tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər keçirir, onları narahat edən məsələlər, problemlər həllini tapır. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib, bu il isə 3 minə yaxın mənzilin şəhid ailələrinə və qazilərə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bundan başqa, müharibədə sağlamlığını itirmiş qazilərimizə indiyədək ümumilikdə 7200-ə yaxın minik avtomaşını verilib, onların sağlamlıqlarının bərpası, müalicəsinin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülüb. Həmçinin, minlərlə hərbçimiz fəxri adlar, yüksək dövlət orden və medalları ilə təltif edilib.
Azərbaycanda qazilərimiz xüsusi protezlərlə təmin olunur. Yeni texnologiyalar əsasında hazırlanmış bu protezlər sayəsində əlavə cərrahi əməliyyatların keçirilməsinin qarşısı alınır. Bundan əlavə, qazilərimiz onlardan daha rahat formada yararlanır, istifadəsi zamanı əlavə çətinlik və problemlər yaratmır.

Vətən müharibəsində şəhid və qazi olanları unutmağa haqqımız yoxdur. Onlara daima qayğı göstərmək və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmək bizim müqəddəs borcumuzdur.

Elnur Azadxanov, Cəlilabad RMX Publik Hüquqi Şəxsin direktoru

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki