image-qanunla-reklam
backend

ŞƏHİDLİK İNSANLIĞIN ƏN ALİ ŞƏRƏF,QEYRƏT, UCALIQ ZİRVƏSİDİR!

image-lady-day-az

ŞƏHİDLİK İNSANLIĞIN ƏN ALİ ŞƏRƏF,QEYRƏT, UCALIQ ZİRVƏSİDİR!

Tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından bir il keçir. 2020-ci il 27 Sentyabr – 8 noyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş şəhidlərimiz dərin ehtiramla yad edilir.
Müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında ulu öndər Heydər Əliyevin 50 il öncə əsasını qoyduğu indiki Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsi olan yüzlərlə peşəkar zabitin müstəsna xidmətləri vardır. Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu hərbi təhsil ocağının yetirmələri respublikamızın ərazi bütövlüyünün qorunması və bərpasında fəal iştirak edib. Onlar həm Birinci Qarabağ, həm də İkinci Qarabağ – Vətən müharibəsində bütün cəbhələrdə əsl qəhrəmanlıq, igidlik nümunələri göstərərək Azərbaycanın şanlı hərb tarixinə parlaq səhifələr yazıblar.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hərbi liseyin məzunu olmuş beş minə yaxın kursant müxtəlif ali hərbi təhsil müəssisələrində zabitlik peşəsinə yiyələnmiş və bu gün də Silahlı Qüvvələrin bütün strukturlarında şərəflə xidmət edir, dövlətimizin təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında səylərini əsirgəmirlər.
“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən, eləcə də bu müharibədə hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalan igidlərin sıralarında C.Naxçıvanski adına hərbi liseydən pərvazlanan neçə-neçə igid döyüşçü zabitin də adı var. Onlardan biri də Şəhid mayor Rəhim Qədir oğlu Hüseynovdur.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir vaxtlar bu xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin “Zabit ixtisas kursu”nu bitirmiş Azərbaycan Ordusunun şəhid zabiti mayor Rəhim Qədir oğlu Hüseynovun 20 oktyabr anım günüdür.
Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlib.
Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniyada beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.
İngilis, rus, erməni dillərini mükəmməl bilən, Azərbaycan zabitinin ən yüksək mənəvi və iradi keyfiyyətlərini özündə birləşdirən igid zabitimiz xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edərək Azərbaycan bayrağını həmişə şərəflə daşıyıb.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı mayor Rəhim Hüseynov komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib.
Sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalları ilə təltif olunan igid tabor komandiri 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub və ən yüksək məqama-şəhidlik zirvəsinə ucalıb.
Şəhid mayor Rəhim Hüseynov Bakıda Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev üç övladı yadigar qalan, şəhid, igid zabitimizin xidmətlərini yüksək qiymətləndirərək ölümündən sonra onu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunələrinə, o cümlədən hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə “Qarabağ” ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edib.
Azərbaycan Ordusunun tabor komandiri mayor Hüseynov Rəhim Qədir oğlu 2020-ci ilin yekunları üzrə “NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb.

Əfqanıstan İslam Respublikasında həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında mayor R.Hüseynov 21 yanvar 2020-ci ildən 12 avqust 2020-ci ilədək Azərbaycanın Sülhməramlı Kontingentinin, eyni zamanda, Hamid Karzai Beynəlxalq Hava Limanında “NKIA” Qüvvə Mühafizəsi Qrupu Taborunun komandir müavini və komandiri vəzifələrini icra etmişdir.
Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasının və Amerika Birləşmiş Ştatları Qüvvələrinin Komandiri (ABŞ Quru Qoşunlarının Generalı) Austin Scott Miller igid həmyerlimizin təltif olunması ilə bağlı təqdimatında onun ləyaqətli xidmətinin təfsilatını bu cür dəyərləndirmişdir: “Mayor Hüseynov NKIA-nın təhlükəsizliyini yüksəltmək və koronovirus epidemiyası dövründə müvafiq tədbirləri həyata keçirmək üçün müxtəlif millətlərdən olan çoxsaylı qüvvələrdən ibarət FPG Taboruna rəhbərlik etdiyi zaman fərqlənmişdir. O, şəxsi heyət arasında güclü ünsiyyət qabiliyyəti və peşəkar hərbi intizamı vasitəsilə üstün liderlik bacarığını nümayiş etdirmiş, olduqca gözəl işçi münasibət yaratmışdır. Bununla o, düşmənin nəzərə çarpan təhdidləri, eləcə də koronovirus epidemiyasının gətirdiyi özünəməxsus çətinlikləri əhatə edən son dərəcə ağır dövrdə NKIA-nın Qüvvə Mühafizəsi Qrupunun vəziyyətdən xəbərdarlıq səviyyəsinin yüksəkdə saxlanılmasına zəmin yaratmışdır.
Qarşılıqlı uyarlılıq çərçivəsində təhlükəsizlik məsələləri üzrə boşluqlara yol vermədən bazanın təlabatlarına uyğun olaraq beş millətdən (Albaniya, Azərbaycan, Portuqaliya, Polşa, Türkiyə) ibarət olan “ABBEY”, “Şərq” və “Şimal” giriş qapılarının və Çevik Cavab Qüvvələrinin idarə olunmasında böyük səy göstərmişdir. Onun liderliyi və təşkilatçılığı ilə bu giriş qapıları vaxt itkisinə yol vermədən təcili tibbi müdaxilə üçün on nəfərdən çox ağır yaralı koalisiya heyətinin NKIA-nın “Role-2” hospitalına ötürülməsini müvəffəqiyyətlə həyata keçirmişdir.

Mayor Hüseynov baş verə biləcək mülki iğtişaşlara, cavab və giriş qapılarının fəaliyyətinə dair taktika, texnika, prosedurların hazırlanması və tətbiqinə rəhbərlik etmişdir. Onun liderliyi və fəaliyyətləri bütün giriş qapılarında xidmət edən heyətin bu meyarlar üzrə hərtərəfli təlimini və bu xüsusda Çevik Cavab Qüvvəsinin düzgün strategiya və tətbiq olunmasını təmin etmişdir. Mayor Hüseynovun rəhbərliyi və göstərişləri altında epidemiya dövründə tələb olunan 250-dən çox yerli nümayəndənin tibbi və təhlükəsizlik yoxlanılması NKIA tərəfindən müvəffəqiyyətlə həyata keçirilmişdir. Bu fəaliyyətlər NKIA-nın əməliyyatlar üçün tələb olunan fəaliyyətinin yüksək səviyyədə saxlanılması və əməliyyat teatrının əsas “Enmə/Yükboşaltma Aedromu”nun daimi fəaliyyətinin təmini üçün zəruri idi. Nəhayət, onun komandanlıq, inkişaf, təşkilatçılıq və kritik düşünmə üzrə unikal istedadı müxtəlif məsələlərin çoxsaylı həllinə gətirib çıxarmışdır.

Mayor Hüseynovun nümayiş etdirdiyi işçi keyfiyyətlər NATO əməliyyatlarının yüksək ənənələrini qoruyur və o, “NATO-nun Ləyaqətli Xidmət Medalı”na (əməliyyat üzrə) layiq görülür”.
NATO-nun Baş Katibi Jens Stoltberqin imzaladığı sənəddə göstərilir ki, mayor Rəhim Hüseynov NATO-da təyin olunduğu vəzifəsinin icrası ərzində müstəsna xidmətinə görə “NATO-nun Ləyaqətli Xidmət Medalı” ilə təltif olunmuşdur. O, özünə böyük şərəf gətirən və Alyans tərəfindən təmsil olunan hər kəsin ehtiram və minnətdarlığını qazandıran mükəmməl liderliyini nümayiş etdirməklə, Alyansın ən gözəl ənənələrini qoruyub saxlamışdır.

Həmin NATO-nun ən nüfuzlu medalını və sertifikatı qəhrəman tabor komandirinin ailəsinə, Rəhim Hüseynovun böyük oğlu Hikmətə təntənəli şəkildə təqdim olunub.
Şəhidin valideynlərinə Vətənə belə bir məğrur oğul tərbiyə etdikləri üçün dərin minnətdarlığımızı bildiririk.
Mayor Rəhim Hüseynov kimi oğulların qanları, canları bahasına işğaldan azad edilən tarixi torpaqlarımızda böyük quruculuq işləri geniş vüsət alacaq, viran edilmiş kəndlərimiz, şəhərlərimiz yenə də xalqımızın birliyi, həmrəyliyi sayəsində yenidən qurulacaq, qaçqınlar, köçkünlər doğma yurd yerlərinə dönəcək, Şuşada keçiriləcək “Vaqif poeziya günləri”, “Xarı-bülbül” festivalı yenə də əziz qonaqlarını Azərbaycanın mədəniyyət paytaxtına toplayacaqdır. Yeni salınacaq parklara, küçələrə, xiyabanlara uğrunda qanları tökülən igidlərin adları veriləcək, zirvələrdə xilaskar Azərbaycan əsgərinin möhtəşəm abidəsi ucaldılacaqdır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq qələbədə ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edilir və illər keçdikcə də yad ediləcəkdir.

Könül Rəhimova
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki