Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov Qanunla.az–a bildirib ki, rayonun 20 Yanvar küçəsində yaşayan 27 yaşlı Səriyyə Məmmədova 7, 6 yaşlı oğlanları və 4 yaşlı qızı ilə birlikdə mart ayının 9-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun sözlərinə görə, faktla bağlı Şəmkir rayon Polis Şöbəsinə mart ayının 12-si rəsmi məlumat daxil olub.
“Hazırda itki düşən şəxslərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Tez bir zamanda həmin şəxslər tapıldıqda ictimaiyyətə əlavə məlumat veriləcək” – E.Qasımov qeyd edib.
Məlumat üçün bildirək ki, Səriyyə Məmmədova həyat yoldaşından ayrılıb. Qadının həyat yoldaşı ruhi xəstədir.