Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavodu 2021-ci ilin dörd ayı ərzində aparılan əsaslı təmir işlərindən sonra tam istehsal gücü ilə fəaliyyətini bərpa edib.
“AzMeCo” tərəfindən 2013-cü ildə inşa edilən Metanol zavodu şirkətin kredit öhdəliyini yerinə yetirə bilməməsi səbəbindən qısa müddətdə fəaliyyətini dayandırıb. Əvvəlcə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) Metanol Zavodunu Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması tədbirləri çərçivəsində bankdan təhvil alıb. Daha sonra isə Nazirlər Kabinetinin qərarına əsasən, zavod SOCAR-a satılıb. SOCAR Metanol zavodunun alınması üçün 810 milyon manat ödədikdən sonra zavodun bank qarşısında olan kredit öhdəliyi də bağlanıb.
Növbəti mərhələdə Dövlət Neft Şirkəti tərəfindən zavodda mövcud olan qüsurların aradan qaldırılması üçün müxtəlif tədbirlər görülüb. Nəhayət, 2021-ci ilin əvvəlindən zavod təmir üçün dayandırılıb və dörd ay müddətində əsaslı təmir işləri aparılıb. Təmir işləri uğurla başa çatdırıldıqdan sonra 2021-ci ilin aprel ayında zavod işə qoşulub. Sınaq işləri aparıldıqdan sonra 2 may 2021-ci il tarixindən zavodda məhsul istehsalına başlanılıb. Nəticə etibarilə qurğunun istehsal gücünün günə 1700 tona çatdırılması mümkün olub ki, bu isə 100 faiz məhsuldarlıq deməkdir.
2021-ci ilin göstəricilərinə əsasən, hazırda zavod tam gücü ilə istehsal prosesini davam etdirir. Bu ilin may-iyun ayları üzrə rəqəmlərə nəzər saldıqda aparılan əsaslı təmir işlərinin nəticəsini verdiyini müşahidə edirik. Belə ki, müvafiq aylarda ümumilikdə 63,6 min ton məhsul ixrac edilib, 4,1 ton məhsul isə daxili bazarda satılıb. Zavodun məhsuldarlığı may ayında 89,2 faizə, iyun ayında isə 100,3 faizə çatdırılıb. Həmçinin, 2020-ci ildə zavodun məhsul istehsalı həcmi 2017-ci illə müqayisədə 79,1 faiz artırılıb. Məhsuldarlıq isə 47,4 faizdən 2020-ci ildə 84,9 faizə çatdırılıb.
Qeyd edək ki, zavodda bir adda məhsul – təmizlik dərəcəsi 99,99 faiz olan “A” marka metanol (metil spirti) istehsal olunur. Beynəlxalq normalara cavab verən metanolun keyfiyyəti zavodun tərkibində yerləşən mərkəzi laboratoriya və beynəlxalq səviyyədə tanınmış keyfiyyət təftiş şirkətləri tərəfindən mütəmadi olaraq yoxlamadan keçirilir.
İstehsal olunan metanolun böyük hissəsi ixraca yönəldilir. İxrac edilən ölkələr sırasına Türkiyə, Rumıniya, İtaliya, Sloveniya, Niderland Krallığı, Belçika, İsrail, Braziliya, Argentina, Ukrayna, Misir, Yunanıstan, Bolqarıstan, Çin, Qazaxıstan, İspaniya və Fransa daxildir.
Xatırladaq ki, Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu zavodu ölkədə qaz-kimya sahəsində çalışan ilk istehsal obyektidir. Onun illik istehsal gücü 561 min ton, ümumi ərazisi 36,5 hektarı təşkil edir.
Zavodun idarəetməsi 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC tərəfindən təhvil alınıb. 2018-ci ilin oktyabr ayından isə SOCAR-ın strukturuna daxil edilib və hazırda SOCAR-ın Metanol zavodu olaraq emal müəssisəsi kimi fəaliyyət göstərir.