image-qanunla-reklam
image-unnamed

Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir

image-lady-day-az

Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsinin və Möhtəşəm Qələbəmizin sevincini yaşayır. Bu gün baharın gəlişini yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri də bu sevincin baris nümunəsidir.
44 günlük İkinci Qarabağ müharibəsi millətimizin vaxtilə itirilmiş qürurunu özünə qaytardı. İşğalçı qüvvələr bizim üçün müqəddəs Şuşamızda heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişdilər. Bütün dünya artıq bundan xəbərdardır. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri əllərində bayraq, ürəklərində Vətən sevgisi ilə qayıdıblar.
İkinci Qarabağ müharibəsi regionda vəziyyəti dəyişdi. Müharibə bitib, növbəti səhifəyə keçmişik. Ağrını, yaraları heç vaxt unutmayacağıq. Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dövlətimizin başçısı İlham Əliyev bununla yanaşı bildirir ki, biz gələcəyə baxmalıyıq. Əraziləri yenidən qurmalıyıq. Artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır.
Xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları dövründə də ölkə Prezidentinin hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Millətimiz bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və istər danışıqlar masasında, istərsə də döyüş meydanında bütün addımlarını ən xırda detalınadək hesablayaraq atır.
Prezident İlham Əliyev martın 16-da Şuşaya səfəri zamanı da bu məqamı xüsusi qeyd etmişdir ki, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Artıq işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Bu istiqamətdə dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Prezidentimiz, Cənab Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik.
Bərpa işlərindən sonra Şuşa regionun ən gözəl şəhərlərindən və istirahət bölgələrindən birinə çevriləcəkdir. Aparılacaq yenidənqurma işlərindən sonra burada turizmin inkişafı üçün “beş”, “dörd” və “üç” ulduzlu otellər tikiləcək. Şuşanın enerji təminatı ilə bağlı layihələrin bir hissəsi icra olunub. Artıq inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu yarımstansiya Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir.
Qeyd edilməlidir ki, Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq və məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu işləri, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcəkdir.
Dövlətimizin başçısının “Müharibə bitib, biz növbəti səhifəyə keçməliyik” fikrinə istinadən belə bir ümumiləşdirməni qürurla apara bilərik ki, ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirdi.
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” söyləyən Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfərləri ilə bir daha bu tezisin reallıqda öz əksini tapdığını göstərir. Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik. Əgər düşmən bir də baş qaldırarsa, yenədə başının üstündə Dəmir yumruğu görəcəkdir.
Bizdə bir ziyalı olaraq ölkə başçısının bütün sahələrdə apardığı siyasəti bəyənir, Cənab prezdentimizə işlərində müvəffəqiyyətlər arzulayırıq. Yaşasın Azərbaycan. Şuşa bizimdir,
Qarabağ Azərbaycandır.

Aqil Arifoğlu Babayev,
Saatlı rayonu Əhmədbəyli kənd tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki