image-qanunla-reklam
image-rustam-muradov

Şuşanın atəşə tutulmasına Rusiya MN-in şok reaksiyası

image-lady-day-az

Nəhayət, Rusiya MN ötən gün axşam saatlarında Azərbaycan Ordusunun Şuşa istiqamətində yerləşən əsgərlərinə erməni qanunsuz silahlı birləşmələrinin atəş açması faktına münasibət bildirdi. Amma bu “münasibət” deyil, rəsmən 10 noyabr bəyanatının icra olunmadığının təsdiqidir.

Rusiya MN bildirir ki, “27 müşahidə məntəqəsində sülhməramlılar 24 saat vəziyyəti izləyir və atəşkəs rejiminə əməl edilməsinə nəzarət edir”.

10 noyabr bəyanatında doğrudan da atəşkəs əldə edilib. Ancaq bu atəşkəs həmin vaxt Azərbaycanın Qarabağ bölgəsində yerləşən və darmadağın edilən erməni silahlı birliklərini Azərbaycan Ordusunun tam məhv etməməsi üçün imzalanıb. Ermənistan Baş naziri Nikol Paşinyan da bir neçə dəfə rəsmən elan edib ki, 10 noyabr atəşkəsi olmasa idi, həmin ərazidə yerləşən 25 min erməni əsgəri son nəfərinə kimi məhv ediləcəkdi.

Buna görə 10 noyabr bəyanatı həm də atəşin dayandırılması sayılır. Ancaq bu atəşkəs Ermənistanın tam kapitulyasiyası idi. Öhdəlik də götürülürdü ki, Rusiya sülhməramlı kontingentinin bəlli əraziyə yerləşməsi ilə erməni hərbi birlikləri həmin ərazilərdən çıxmalıdır. Bu, bəyanatın 4-cü bəndində əksini tapıb.

Rusiya MN isə rəsmən elan edir ki, 4-cü bənd hələ də icra edilməyib. Bu azmış kimi, Rusiya MN-in açıqlamasında deyilir: “Şuşa şəhərinin şimal-qərbindəki ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edilib. Hadisə Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin səyləri ilə həll edilib. Hər iki tərəfin açıqlamalarına görə, atışma nəticəsində xəsarət alan olmayıb”.

Rusiya MN Azərbaycan ərazisindəki erməni hərbi birliklərini nəinki çıxarıb, hətta onların mövcudluğunu legitimləşdirməyə çalışır. Açıq şəkildə elan edilir ki, Ermənistan hərbi birlikləri Azərbaycan ərazisindədir.

İkincisi, “hər iki tərəfin açıqlamasına görə” heç bir halda Qarabağa şamil edilə bilməz. Qarabağda “iki tərəf” yoxdur, Azərbaycan Ordusu və erməni mülki əhalini qoruyan rus sülhməramlıları var. O ərazi hüquqi olaraq belə adlanır: “Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasıdır”. Rusiya sülhməramlılarının məsuliyyət zonasında “erməni tərəfi”, “Ermənistan silahlı qüvvələrinin bölmələri” nə gəzir? Hansı hüquq və əsasla?

Rusiya MN bu açıqlaması ilə təsdiqlədi ki, Ermənistan silahlı qüvvələri məhz onların himayəsi altında Qarabağda qalmağa davam edir, hətta bu qanunsuz silahlı birləşmələrin “tərəf”ə çevrilməsi üçün hər şey edilir.

Üçüncüsü, Azərbaycan Prezidenti rəsmən elan edib ki, Qarabağda heç bir təmas xətti artıq yoxdur. Ancaq Rusiya MN Qarabağda, Azərbaycanın ərazisi daxilində hansısa “təmas xəttini” uydurmağa və bunu beyinlərə daxil etməyə çalışır.

Bu, 10 noyabr bəyanatının bəndlərinin kobud şəkildə pozulması, Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirməməsi, əksinə, erməni terrorçularını himayə etməsi, qanunsuz erməni hərbi birliklərinin Azərbaycan ərazisində terror fəaliyyətini davam etdirməsinə şərait yaradılması deməkdir.

Bu açıqlama hüquqi məsuliyyət yaradır və erməni revanşit qüvvələrin Qarabağda növbəti dağıdıcı və terrorçu fəaliyyətinə zəmin hazırlayır.

Rusiya MN-in və rus sülhməramlılarının fəaliyyəti ciddi şəkildə təftiş edilməli, 10 noyabr bəyanatının tələblərinin icrası tələb edilməlidir. Əgər Rusiya üzərinə götürdüyü öhdəliyi icra edə bilmirsə, onda Rusiyanın heç də sülhməramlı olmayan kontingentinin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxması məsələsi gündəmə gələ bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki