image-qanunla-reklam
image-66697221

Tarixi dostluq və qarşılıqlı etimad əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri ən yüksək səviyyədədir

image-lady-day-az

TARİXİ DOSTLUQ VƏ QARŞILIQLI ETİMAD ƏSASINDA QURULAN AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏDİR

 

Türkiyənin nüfuzlu telekanallarından olan “CNN Türk”ə geniş müsahibə verən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev növbəti dəfə birmənalı, qətiyyətli və cəsarətli mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətlərindən söz açan dövlət başçısı Azərbaycan-Türkiyə əlaqələrinin tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulduğunu və yüksək zirvədə olduğunu bildirmişdir. Ümummilli Lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.

Türkiyədə baş vermiş yanğınların ilk günü Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidentinə zəng edib istənilən səviyyədə yardım göstərməyə hazır olduğunu bildirmişdir. Yanğınların və onun fəsadlarının aradan qaldırılması üçün Azərbaycandan dost, qardaş ölkəyə dərhal göstərilən dəstək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən də yüksək dəyərləndirilmişdir. Yanğın ərazilərində ölkəmizin Fövqəladə Hallar Nazirliyinin 743 əməkdaşı yanğına qarşı mübarizə aparmiş, həmçinin 97 texnika, 77 yanğınsöndürmə, 1 helikopter və 1 amfibiya tipli təyyarə bu işə cəlb olunmuşdur.

İki qardaş ölkə şad günündə də, kədərli günündə də bir-birinin yanındadır. İkinci Qarabağ savaşının ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Bu addımlar ölkələrimiz arasındakı münasibətlərin ruhuna uyğunluğu ilə yanaşı, həm də bir qardaşın çətin vəziyyətə düşən qardaşının köməyinə çatması kimi qiymətləndirilir.

Ölkə başçısının Türkiyənin məşhur kanalına müsahibəsi zamanı söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı dövrdə də həssas yanaşdığı məsələlərdə prinsipiallığını qoruyacaq, yenə də öz gücünə arxayın olacaq və bölgədə yaranmış yeni şəraitin bu regionda yerləşən dövlətlər üçün bir fürsətə – əməkdaşlığa, sülhə, inkişafa çevrilməsinə dəstək göstərəcək. 30 ilə yaxın dövrdə Azərbaycan ərazilərini işğal edərək amansız dağıntılar, vandalizm, soyqırımı törədən Ermənistan 44 gün ərzində layiqli cavabını aldı və nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan bölgədə sülh və sabitliyin tərəfdarıdır. Bu sülh təklifi, bölgə və bölgəyə qonşu olan dövlətlərin təhlükəsizliyinə və iqtisad inkişaflarına töhfə verəcək bir təklifdir. Ermənistan və bəzi regional dövlətlər nəqliyyat dəhlizlərinin açılması və yeni iqtisadi layihələrdən maksimum şəkildə bəhrələnə bilərlər. Azərbaycan tərəfinin də bütün tərəflərə etdiyi təklif  bölgədə tərəqqi və sabitliyə əsaslanır.

30 il ərzində ermənilər işğal etdikləri torpaqlarımızı dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Artıq Azərbaycanın işğaldan azad edilən torpaqlarında sürətli və böyük quruculuq işləri həyata keçirilir. Barbar düşmən tərəfindən vəhşicəsinə dağıdılan tarixi, dini, mədəni abidələrimizin hamısı yenidən bərpa edilir, tikilir. Hazırda bütün məcburi köçkünlər sevinclə doğma yurdlarına qayıtmağa hazırlaşırlar. Düşmənin ərazilərimizi minalaması və mina xəritələrini Azərbaycana verməməsi, verdiyi mina xəritələrinin isə qeyri-dəqiq olması da vətəndaşlarımızın öz yurdlarına qaytarılmasına maneə törədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibə zamanı Ermənistanda cəmiyyətin çox çətin psixoloji durumda olduğunu da bildirmişdir: “Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar sülhü istəsələr də, dilə gətirə bilmirlər. Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi”. Laçın dəhlizi vasitəsilə bəzi qonşu dövlətlərin Azərbaycan torpaqlarında olan erməni separatçılarına hərbi məqsədli müxtəlif tipli yükləri göndərməsi açıq-aşkar beynəlxalq hüququn pozulması, qonşuluq prinsiplərinə ziddir. Yaxşı olardı ki, İrəvan ən yeni tarixindən maksimum düzgün nəticə çıxarsın və sərsəm iddialarından əl çəksin, bəzi xarici qüvvələrə ümid etməsin. Əks-təqdirdə Azərbaycan  ədalət uğrunda yeni addımlar atacaq. Necə ki, Ali Baş Komandan İlham Əliyev sözügedən müsahibəsində qətiyyətlə bunu onlara bir daha xatırladıb: “Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”

Məhərrəmli Aytac Fərhad qızı

YAP Səbail rayon təşkilatının məsləhətçisi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki