image-970_50
image-1617861844_1af76d70f997f86dd0b9342cf3b150ed

Tarixi Ki-Vest görüşünün 20 ili: Heydər Əliyev Köçəryanı belə susdurdu – VİDEO

image-728_90
İyirmi il öncə – 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Vest şəhərində ilk dəfə olaraq ABŞ-ın dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan Prezidenti Heydər Əliyev, Ermənistan Prezidenti Robert Koçaryanın birgə görüşü olub.
Prezident Heydər Əliyevin Birləşmiş Ştatlara işgüzar səfəri 14 gün (1-14 aprel) davam edib. Bu səfər çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fasiləsiz olaraq 4 gün (3-6 aprel) danışıqlar keçirilib. O cümlədən Prezident Heydər Əliyev, Kolin Pauell və Robert Köçəryanın üçtərəfli görüşü aprelin 3-də baş tutub.
Harri Trumen adına “Kiçik Ağ ev”də aprelin 3-də, səhər saatlarında start götürən görüşdə çıxış edən Prezident Heydər Əliyev bu görüşün ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan prezidentlərinin birgə keçirdikləri ilk görüş olduğu üçün daha əlamətdar olduğunu vurğulayıb.
Münaqişənin tarixi barəsində ətraflı məlumat verən Heydər Əliyev Azərbaycan torpaqlarının hələ də təcavüz altında olduğunu xatırladaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilmədiyini söyləyib. Minsk qrupunun münaqişənin tənzimləməsinə dair verdiyi üç təklifin hər birinin Azərbaycanın mənafeyinə zidd olsa da təkliflərdən birinin Azərbaycan, digər ikisinin isə Ermənistan Respublikası tərəfindən qəbul olunmadığını qeyd edib. Azərbaycan tərəfindən qəbul olunmayan “ümumi dövlət” təklifinin beynəlxalq hüququn prinsip və normalarına zidd olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirdiyini bildirib:
“Biz həmsədrlərin “ümumi dövlət” təklifini qəbul etmədik. Heç bir beynəlxalq hüquqi bazası olmayan “ümumi dövlət” məfhumu Dağlıq Qarabağı müstəqil dövlət və ərazi qurumu kimi nəzərdə tutur, ona Azərbaycan ilə bərabərhüquqlu “ümumi dövlət” subyekti verir. Bu təklif beynəlxalq prinsip və normalarına tamamilə ziddir, Azərbaycanı öz ərazisinin bir hissəsindən məhrum edir və faktiki olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirir”.
Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək səviyyəli muxtariyyət verilə biləcəyini deyib:
“Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcəli özünüidarə statusu verilə bilər”.
Azərbaycanın hər bir zaman sülh tərəfdarı olduğunu və 1994-cü ilin may ayında əldə edilmiş atəşkəs rejiminə sadiq olduğunu bildirən Heydər Əliyev, Ermənistan ilə Azərbaycan arasında münaqişənin bütövlükdə Cənubi Qafqazda sabitliyi pozduğunu qeyd edib. Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun daha fəal səy göstərəcəyinə və Ermənistanın daha konstruktiv mövqe tutacağına ümid etdiyini vurğulayıb:
“Biz hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq danışıqlar prosesinə daha səmərəli təsir göstərməli, münaqişənin tezliklə tənzimlənməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasına səy göstərməli idilər.
Təəssüf ki, həmsədrlər əsasən vasitəçilik fəaliyyəti ilə məşğul olaraq, danışıqlar prosesinə beynəlxalq hüquq normalarına müvafiq surətdə lazımi təsir göstərməmişlər. Rusiyanın, ABŞ-ın, Fransanın simasında ATƏT-in Minsk qrupunun rəhbərlərinə bəslədiyimiz ümidlər hələlik gözlənilən nəticələri vermir.
Təəssüf ki, bizim görüşlərimizdən arxayınlaşaraq ATƏT-in Minsk qrupunun həmsədrləri passiv gözləmə mövqeyi tutmuşlar və onlar öz fəaliyyətini “Prezidenlər nə barədə razılığa gəlsələr, bu, ATƏT üçün məqbul olacaqdır” prinsipi ilə məhdudlaşdırmışlar. Biz isə hesab edirik ki, prezidentlərin görüşü ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini əvəz etmir. Əksinə, bunlar bir-birini qarşılıqlı surətdə tamalayaraq, münaqişənin qəti həlli üçün danışıqlar prosesinin irəliləyişini təmin etməlidir”.
Heydər Əliyev daha sonra R.Köçəryanın danışıqlar prosesində oynadığı mənfi rolla bağlı tənqidlərini birbaşa onun üzünə deyir:
“1999-cu ilin aprelindən Vaşinqtonda ABŞ hökumətinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan Prezidentləri arasında birbaşa görüşlər başlanıbdır. Ötən dövr ərzində biz prezident Köçəryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, habelə respublikalarımızın sərhədində çoxsaylı görüşlər keçirmişik.
Ermənistan prezidenti ilə dialoqumuz zamanı biz əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislərin axtarışı ilə məşğul olmuşuq. Qeyd etmək istəyirəm ki, 1999-cu ilin axırlarında biz kompromis əldə etməyə yaxın idik. Lakin tezliklə Ermənistan əldə olunmuş razılaşmalardan geri çəkildi.
Çətin danışıqlar gedişində Ermənistan tərəfi həmişə qeyri-konstryktiv mövqe tutmuşdur və bu gün də bu mövqedə qalır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükdən istifadə etdiyinə görə, biz Ermənistanla razılığa gələ bilmirik. Ermənistan hər vəchlə Azərbaycanın ərazisinin bir hissəsini qoparmağa, özünə birləşdirməyə və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır”.
Beləliklə, bir çoxlarının sülh razılaşması üçün ən real fürsət olduğunu düşündüyü, danışıqlar prosesində yeni mərhələ kimi səciyyələndirdiyi Ki-Vest danışıqları məhz Ermənistan rəhbərliyinin növbəti dəfə qeyri-konstruktiv mövqe sərgiləməsi üzündən nəticəsiz qaldı. Düzdür, bu görüşdən sonra ümumən proses tezləşdi. Lakin münaqişə 2020-ci ilədək həll olunmamış qaldı. Belə ki, işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoyulmaması və destruktiv mövqe tutan Ermənistana sonrakı dövrdə təzyiq göstərilməməsi 44 günlük Vətən müharibəsinə gətirib çıxardı və Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etdi.(pravda.az)
https://youtu.be/9AAvPeSrXZk
image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki