image-qanunla-reklam
image-bez-nazvaniya

Tarixi təşəbbüs

image-lady-day-az

Tarixi təşəbbüs

Ana dili hər bir xalqın milli sərvəti, mili kimliyinin daşıyıcısıdır. Onu qorumaq, yaşatmaq, əslində xalqın özünün yaşaması, özünü təsdiq etməsidir. Tarixboyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapır və istilalara, təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında isə Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri danılmazdır. Ulu Öndər bu sahədə özünün şəxsi nümunəsi ilə çox dəyərli örnək yaradıb. Ana dilinin tətbiq və fəaliyyət dairəsinin genişləndirilməsi, milli dilimizdə olan ədəbi-bədii irsin qorunması Heydər Əliyevin son dərəcə diqqət yetirdiyi sahələrdən olub. Təsadüfi deyil ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.

Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də verdi. Bunlarla kifayətlənməyən Ulu Öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi.

Dahi şəxsiyyət Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” tarixi Fərmanı müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində dayanırdı. Fərmanda həm dilimizin tarixi ilə bağlı məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsində, onun lazımi səviyyədə öyrənilməsində o cümlədən digər işlərə nəzarətin gücləndirilməsi üçün həmin Fərman əsasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Komissiyanın yaradılmasında məqsəd müxtəlif nazirlik, idarə və təşkilatlarda dövlət dilinin və latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi, ali təhsil müəssisələrində, orta məktəblərdə Azərbaycan dilinin tədrisinin yaxşılaşdırılması qarşıya bir vəzifə olaraq qoyulmuşdu. Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmandan irəli gələn bütün məsələlər öz müsbət həllini tapdı və bir sıra mühüm tədbirlər həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il “Azərbaycan Əlifbası” və “Azərbaycan Dili Günü” kimi qeyd olunur.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir

Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimiliyinin simvoludur. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dəfələrlə sınaqdan çıxıb ki, millətin milliliyini qoruyub saxlayan onun dilidir, adət-ənənəsidir. Təbii ki, dil təkcə söz sərvətinin yaradıcısı deyil, o, həm də bir döyuşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də dilimizi elə sözlə yükləməliyik ki, o, döyüşlərdən qələbə ilə qayıtsın.

Azərbaycan xalqı daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq kimi tanınıb və nüfuz qazanır. Xalqımızın yenilməzliyinin, məğrurluğunun təsdiqi olan tarixi Zəfərimizin reallıqları fonunda qarşımızda mühüm vəzifələr dayanır. Gənclərimiz hər zaman vətənpərvərlik ruhunda tərbiyə olunmalı, tarixini, dilini, milli-mənəvi dəyərlərimizi təbliğ və inkişaf etdirməlidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, birliyimiz, həmrəyliyimiz cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz. Xalqımızın milli sərvəti olan ana dilinin inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdən asılıdır. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki