image-qanunla-reklam
image-1744200759202962578067f664373c335

Tarixi təşəbbüs

image-lady-day-az

Tarixi təşəbbüs.

1978-ci il aprelin 27-də qəbul olunan Azərbaycan SSR    Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi nəticəsində mümkün olmuşdur. Bu qərar təkcə həmin dövr üçün deyil, gələcək müstəqil dövlətçiliyimizin dil əsaslarının qoyulması baxımından da strateji əhəmiyyət kəsb edirdi. Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” ifadəsinin daxil edilməsi ilə Heydər Əliyev həm dilimizin hüquqi statusunu təmin etdi, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunmasına zəmin yaratdı. Heydər Əliyevin bu istiqamətdə fəaliyyəti yalnız sovet dövrü ilə məhdudlaşmır. Müstəqillik illərində də o, Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsində ardıcıl və sistemli siyasət yürütmüşdür. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili” adlandırılması da məhz onun qətiyyətli mövqeyinin nəticəsi idi. Ulu Öndər bu məsələdə müxtəlif fikirləri təmkinlə dinləsə də, sonda milli kimliyi və dilimizin beynəlxalq nüfuzunu əsas götürərək, “Azərbaycan dili” ifadəsinin Konstitusiyada əksini tapmasına nail olmuşdur. Ulu Öndər hər zaman ana dilinin milli kimliyin əsas daşıyıcısı olduğunu vurğulayırdı: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Onun təşəbbüsü ilə 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmış, Azərbaycan dili günü təsis edilmiş və dövlət səviyyəsində müvafiq komissiyalar yaradılmışdır. Bütün bu tədbirlər bir məqsədə – Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi işinə xidmət edirdi. 2002-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə bu siyasətin hüquqi bazasını daha da möhkəmləndirdi. Heydər Əliyevin dili yalnız bir ünsiyyət vasitəsi deyil, milli yaddaş, tarixi davamlılıq və mənəvi bütövlüyün təməli kimi görməsi, onun dil siyasətini ideoloji baxımdan dərin və milli maraqlara söykənən bir strateji xəttə çevirmişdir. Bu gün müstəqil Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili beynəlxalq aləmdə də tanınır və öz layiqli yerini tutur. Bu tarixi uğurun təməlində isə, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan uzaqgörən və qətiyyətli siyasəti dayanır.  Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən müqəddəs irsdir. Bu dilin dövlət dili kimi qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanın dövlət müstəqilliyinin əsas atributlarından biri kimi çıxış edir. Ulu Öndər Heydər Əliyev bütün həyat və fəaliyyətində Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi, onun inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmiş, dilimizin rəsmi status alması uğrunda tarixi təşəbbüslərlə çıxış etmişdir.

 

Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki