Tarixi təşəbbüs
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında sonsuz sayda olan müstəsna xidmətlərindən biri də Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ilə bağlı olmuşdur. Məlumdur ki, Sovet İttifaqının tərkibində mövcud olduğu dövrdə, xüsusən də 1920-1970-ci illər ərzində respublikamızda Azərbaycan dili qətiyyən hakim mövqelərə malik deyildi. Həmin illərdə Kremlin siyasətinə uyğun olaraq, müttəfiq respublikalarda yerli xalqların ana dillərinin inkişaf etdirilməsi və zənginləşdirilməsi məqsədilə dövlət tərəfindən heç bir tədbir görülmürdü. Əksinə, milli dil məsələsi SSRİ-də təşviq olunan beynəlmiləlçilik siyasətinə zidd ünsür kimi damğalanır, hətta repressiyaların tüğyan etdiyi 30-ci illərdə bu məsələni qabardanlar sürgünə belə göndərilirdilər. Ötən əsrin 60-70-ci illərində ölkədə ümumi vəziyyət bir qədər yumşalsa da, ideoloji prioritetlər, o cümlədən “vahid xalq-vahid dil” strateji hədəfi hələ də mövcud idi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Həm də bu gündəm milli dillərin daha da sıxışdırılması ilə əlaqəli idi. İttifaqın yeni Konstitusiyasının qəbulundan rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunmağa başlandı. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq son dərəcə təhlükəli idi. SSRİ-nin siyasi və partiya rəhbərliyi bu mövzu ilə bağlı son dərəcə yüksək həssaslıq nümayiş etdirirdi. Lakin bütün bunlara baxmayaraq 1969-cu ildən Azərbaycan SSR-ə rəhbərlik edən Uu öndər Heydər Əliyev bu prinsipial və həyati əhəmiyyət kəsb edən məsələdə öz mövqeyini birmənalı olaraq ortaya qoydu və güzəştə getmək niyyətində olmadığını açıq-aşkar nümayiş etdirdi.
Öz çıxışlarının birində Ulu Öndər demişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.” SSRİ Konstitusiyası haqqında danışarkən Ümummilli Lider Heydər Əliyev öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir və bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu yanaşma da ana dilimizin həm rəsmi, həm də faktiki olaraq dövlət dili statusu alması məqsədini güdürdü. 7 oktyabr 1977-ci il tarixində yeni SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların da yeni Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi. O cümlədən, Azərbaycan Respublikasının Konstitusiya layihəsi də hazırlanmışdı. Lakin bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Kommunist ideologiyasının hökmranlıq etdiyi həmin dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyırdı və bu müzakirələrin nəticəsi kimi layihədə hansısa bir dəyişiklik yer ala bilməzdi. Məhz həmin həlledici tarixi məqamda Ulu Öndər Heydər Əliyev sadəcə karyerasını deyil, həmçinin həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınması üçün əlindən gələni edirdi. Kremldə oturan partiya və hökümət rəhbərlərinin müxtəlif bəhanələrlə yaratdıqları bütün ciddi maneələrə baxmayaraq, Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşür və onunla danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Azərbaycan SSR-in Konstitusiyasının 73-cü maddəsində belə bir düzəliş olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Beləliklə, Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu öndər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc