image-qanunla-reklam
image-zarifa-alieva

Tibb elminə həsr olunmuş ömür

image-lady-day-az

Tibb elminə həsr olunmuş ömür

Azərbaycanın səhiyyəsinə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayan zaman ilk öncə xatirimizdə Onun işıqlı çöhrəsi canlanır. Və qarşımızda nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər isə Zərifə xanımın portretini tamamlayır. Zərifə xanımın tibb sahəsində fəaliyyətinə nəzər saldıqda isə qarşımıza sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş, oftalmologiya elminin inkişafındakı əvəz olunmaz xidmətləri olan bir şəxsiyyətlə qarşılaşırıq. Onun milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə tibb işçilərinin hazırlanmasında böyük əmək sərf etməsi danılmazdır. Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Qeyd etmək istərdim ki, Zərifə xanım tibbi fəaliyyəti ilə yanaşı, uzun illər respublikanın bir cox iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Tədiqiqatlarında bu müəssisələrdə istehsal posesində istifadə olunan zəhərli maddələrin təkcə görmə orqanına deyil, həm də digər orqanlara, o cümlədən ağciyər, böyrək, qaraciyər və ürəyə mənfi təsirlərini dərindən araşdırıb. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri görkəmli alimin “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk alim qadın idi.

Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik-diaqnostik istiqamətdə apardığı tədqiqatlardır. Görkəmli oftomoloq tədqiqatlar zamanı əldə olunan nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşib. Bu əsərlər arasında “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” xüsusi yer tutur. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva öz dövrünə görə cox az araşdırılmış iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş və tədqiqatının nəticələrini əhatə edən iki monoqrafiya hazırlayıb. Xüsusi qeyd olunmalıdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. Sonda demək istərdim ki, Zərifə xanımın tibbi etika və deontologiyaya dair baxışları isə digər əsərində daha ətraflı əks olunur. Bu əsərində görkəmli oftalmoloq alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Traxoma infeksion xəstəliyi

Görkəmli oftalmoloq alim, nəcib xüsusiyyətləri özündə birləşdirən mərhum Zərifə Əliyevanın anım günüdür. Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı və ən böyük dəstəkçisi Zərifə xanımın həkim olaraq xalqımızın qarşısında geniş miqyaslı xidmətləri olmuşdur. Ölkəmizdə tibb elminin oftalmologiya sahəsində həkim olaraq qazandığı nailiyyətlər və bu sahənin inkişafı məhz Zərifə xanımın adı ilə bağlıdır.
Zərifə xanım ali təhsilini tibb istiqamətində aldıqdan sonra məhz oftalmologiya sahəsi üzrə ixtisaslaşaraq, xəstəliklərin tədqiqinə böyük töhfə verib. Belə ki, o, peşə xəstəliklərinə daim öz tədqiqatlarında əsas yer verərək, müxtəlif sahələrdə fəaliyyət göstərən işçilərin göz xəstəliklərinin yaranma səbəblərini araşdırmış, xəstəliklərin törətdiyi fəsadlar və bu fəsadların aradan qaldırılmasının yollarını axtarmışdır.
Belə ki, keçən əsrin bəlasına çevrilmiş traxoma xəstəliyi səbəbindən həyatın nurunu itirmək təhlükəsi ilə üz-üzə qalan xəstələrin köməyinə Zərifə xanım çatmış,  xəstəliyin yaranma səbəbləri geniş şəkildə tədqiq edilmişdir. Traxoma infeksion xəstəliyi XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan infeksion xəstəlik kimi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu.

Bu xəstəliyə qarşı mübarizədə akademik Zərifə Əliyevanın rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində xəstəliyin fəsadlarının qısa müddətdə qarşısı alındı. Aparılan tədqiqatların nəticələri Zərifə xanımın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etdi. Zərifə xanımın oftalmoloji sahədə apardığı tədqiqatlar, xəstəliklərin müalicə olunmasında göstərdiyi yüksək bacarıq nəticəsində Moskva oftalmoloji məktəbi onu “Oftalmologiyanın mirvarisi” adlandırırdı.
Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov Zərifə xanımın əməyini yüksək qiymətləndirərək demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”.
Eləcə də Zərifə xanımın sosial həssas təbəqədən olan şəxslərin müalicəsini daim ön planda saxladığını qeyd edən akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır.  Geniş miqyaslı peşə fəaliyyəti ilə birlikdə, qayğıkeş ana, mehriban həyat yoldaşı, xeyirxah insan olaraq Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Emira Tağıyeva – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ –də  Oftalmoloq həkim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki