Tibb elminə həsr olunmuş ömür
Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına əvəzsiz töhfələr vermişdir. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Azərbaycanın səhiyyəsinə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayan zaman ilk öncə xatirimizdə Onun işıqlı çöhrəsi canlanır. Və qarşımızda nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt, geniş erudisiyaya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər isə Zərifə xanımın portretini tamamlayır. Zərifə xanımın tibb sahəsində fəaliyyətinə nəzər saldıqda isə qarşımıza sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş, oftalmologiya elminin inkişafındakı əvəz olunmaz xidmətləri olan bir şəxsiyyətlə qarşılaşırıq. Onun milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə tibb işçilərinin hazırlanmasında böyük əmək sərf etməsi danılmazdır.
Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim qadın idi. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri də gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi ilə bağlı olub. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri akademikin “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə şərh edilib. Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik-diaqnostik istiqamətdə apardığı tədqiqatlardır. Görkəmli oftalmoloq tədqiqatlar zamanı əldə olunan nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşib. Bu əsərlər arasında “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” xüsusi yer tutur. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva öz dövrünə görə çox az araşdırılmış iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş və tədqiqatının nəticələrini əhatə edən iki monoqrafiya hazırlayıb.
Xüsusi qeyd olunmalıdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. Sonda demək istərdim ki, Zərifə xanımın tibbi etika və deontologiyaya dair baxışları isə digər əsərində daha ətraflı əks olunur. Bu əsərində görkəmli oftalmoloq alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Alim və oftalmoloq
Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.
Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu öndərimizə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.
Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafında mühüm xidmətlər göstərmiş, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf etmişdir. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Təsadüfü deyildi ki, Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim oftalmoloqların böyük bir nəsli yetişmiş, özündən sonra dəyərli məktəb qoymuşdur. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoşulmuşdur. Zərifə xanım Əliyeva fəaliyyət göstərdiyi Elmi–Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aspiranturaya qəbul olunmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçmək stereotipindən uzaq olmağa çalışmış, şablonlardan qaçmış, Vətənə, xalqa həqiqi mənada xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış və istəyinə nail ola bilmişdir. Bir- birindən dəyərli 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olan Azərbaycan oftalmologiya elminin bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın açdığı yol ildən ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti araşdırılır, öyrənilir.
Onun haqqında danışan hər kəs Zərifə xanımın təvazökarlığından, mehribanlığından, yüksək keyfiyyətlərindən, mənəvi zənginliyindən bəhs edir. Belə yüksək insani keyfiyyətlərinə görə akademik, Əməkdar elm xadimi Zərifə xanımı hamı doğmaları kimi sevirdi.
Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova