image-qanunla-reklam
image-upng-1625565088

Tovuzdan Şuşaya şəhidlərin qanı ilə çəkilən zəfər yolu

image-lady-day-az

Tovuz döyüşləri.. Dünyanın ən sakit, ən sülhpərvər, zəhmətkeş, sadə insanlarının yaşadığı balaca bir rayonun adının bir gün Vətən tariximizin səhifələrinə məhz bu başlıqlarla düşəcəyini kim təsəvvür edə bilərdi ki…

Tovuz bir tərəfdən Ermənistan, bir tərəfdən Gürcüstanla sərhəddə yerləşən rayonlarımızdandır. Elə bu cür fərqli mədəniyyətlərin kəşişdiyi coğrafi məkanda yerləşməsi oranın insanlarının daha beynəlmiləl, multikultural dəyərlərə daha tolerant olmasını şərtləndirib. Hələ Sovetlər dönəmlərindən, bəlkə də ondan da əvvəlki zamanlardan o zonaların insanları bazara-dükana, gəzməyə-dincəlməyə sərhədi keçərək qonşuluqdakı rayonlara gedib-gəlib, oralardan da gələnləri o rayonların küçələrində görmək həmişə adi hal olub. Sərhəd, yadlıq, ögeylik kimi anlayışlar mövcud belə olmayıb oralarda heç vaxt. Odur ki, o yerlərin insanları dili, dini, milliyyəti, mədəniyyəti fərqli olanları özlərindən fərqli bilməyib, xeyir-şərlərində iştirak edib, öz xeyir-şərlərində süfrənin başında oturdublar..

Təəssüf ki, qonşuların heç də hamısı eyni cür düşünməyib, qəlblərində bəslədiyi kini, nifrəti onilliklər boyu məharətlə, xaincəsinə gizlətməyi bacarıblar…

Tovuz üçün 90-lardakı müharibə başlayanda dünənə qədər dostu, yoldaşı, qardaşı-bacısı bildiyi qonşularının sən demə,illərdir gizlin-gizlin onun torpaqlarında həmişə gözü olduğu həqiqəti ilə üz-üzə gəlmək çox ağrılı oldu. Buna baxmayaraq, Tovuz, birinci Qarabağ savaşında qəhrəmancasına düşmənə sinə gərdi, xeyli oğul qurban versə də, torpaqlarından bir qarış da vermədi..

Sonra atəşkəs gəldi.. Adı atəşkəs olsa da, erməni kəndləri ilə üz-üzə duran rayonun sərhəd kəndlərində hər gün ən adi səsə çevrilən atışma səslərinin, təxribatların, itkilərin arası heç kəsilmədi..Tovuzlular bu atəşkəs illərində bir gün də olsun yataqlarına qorxusuz girmədilər, sülhü, barışı, sakitliyi hiss etmədilər, müharibənin dayandığına bir gün də inanmadılar.. Buna baxmayaraq, onlar öz dədə-baba yurdlarını da tərk etmədilər, o atışma, fasilələrlə baş verən xırda-iri çaplı artilleriya təxribatlarının səsləri altında öz təsərrüfatlarını əkib-becərdilər, adi həyatlarını yaşamağa çalışdılar.

Daha sonra 2020-ci ilin yayı gəldi. Bir gecənin içərisində bütün dünyanın xəbər agentlikləri Azərbaycanın bu ucqar, sadə, zəhmətkeş adamlarının yaşadığı balaca rayonun adını əzbərlədi. Düşmən yenə təxribat, yenə xain həmlə etmişdi, amma bu dəfəki xainliyin nəticəsi kimi Tovuzun adı Azərbaycanın ən yeni tarixində döyüş zamanı ali hərbi zabitinin-generalının şəhid olması xəbəri ilə həkk olunacaqdı.

“Tovuz döyüşləri» adı ilə yadda qalan hadisələr zamanı 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl atdılar. Qəfil hücum cəhdini qəhrəman əsgər və zabitlərimiz öz canları bahasına dəf edə bildi, Tovuz döyüşləri isə qələbəmizi yaxınlaşdıran və xalqın səbr bardağını daşdıran son damla oldu.

İsti yay günü iyulun 12-də qəfil gələn xəbərlə yumruğa dönən millətin qəlbi bu dəfə Tovuzun Ağdam kəndi ilə döyünməyə başladı. Düşmən yenə dinc durmamışdı. Yenə şəhid xəbərləri gəlirdi, yenə qərbin mənasız və əvvəlki təxribatlar zamanı verilənlərdən fərqlənməyən bəyanatları, yenə təmkinli olmağa çağırış, yenə ikili standartlar.. Döyüşlərsə gedirdi..

Və 14 iyul.. Gündüz saat 13.00-da “Xəbərlər»in xüsusi buraxılışında AR Müdafiə Nazirinin müavini Kərim Vəliyev qəhərdən boğulan səsi ilə o qara xəbəri verdi.. Azərbaycan Ordusu səhər saatlarındakı döyüşlərdə 6-sı zabit olmaqla, 7 şəhid vermişdi.. Azərbaycan Ordusu düşmən təxribatı nəticəsində döyüş meydanında GENERAL itirmişdi….

Həmin gün paytaxt Bakının səması bomboz rəngə büründü, sanki bütün Azərbaycan Polad adlı bir sükuta boğuldu..

O günün bizə millət olaraq yaşatdığı əziklik, xəcalət, qəzəb kimi hisslər o qədər qarışmışdı ki bir birinə, gözlər görməz, qulaqlar eşitməz olmuşdu… Nifrətindən düşmənə kin püskürən xalq, hava qaralana yaxın heç bir çağırışsız, heç bir təşkilatsız and yerimiz olan Şəhidlər Xiyabanına axın etməyə başladı.. Bakının küçələrini tanımaq olmurdu, Bakı minlərin, milyonların bir olub döyünən ürəyinə çevrilmişdi.. Bakı xaincəsinə öldürülən zabitlərinin qisasını istəyən, 27 ildir düşmən tapdağı altında qalan torpaqların azad olunması arzusu ilə alışıb –yanan, səbr kasası daşan, ali baş komandanın bircə əmrinə hazır olduğunu bəyan edən oğulların hayqırtısı ilə çalxalanırdı. Bakı, 1990-cı ilin qanlı yanvarından sonra ikinci dəfə əsrin xalqı adını almağa layiq olacaq möhtəşəm xalqın birliyinə şahidlik edirdi.

Nə bilərdik ki, hər şeyin taleyini məhz o gün dəyişəcəkdi….

İyulun 15-i Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosialiqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə prezidenti, ali baş komandan İlham Əliyev baş verən hadisələrlə bağlı sərt reaksiyasını bildirdi. Ermənistanın növbəti dəfə dövlət sərhədində törətdiyi təxribatları kəskin şəkildə pisləyən Ali Baş Komandan, Azərbaycan xalqının müdhiş birliyini də yüksək qiymətləndirdi. …

“Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər Xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər – mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”….(AR Prezidenti İlham Əliyev)

Çıxışında orduda xidmət etmək istəyən gəncləri səfərbərlik xidmətində qeydiyyatdan keçməyə səsləyən Ali Baş Komandan üstüörtülü şəkildə xalqına yaxın gələcəkdə baş verəcək hadisələr barədə məlumat verdi, bəlkə də o zaman çoxlarımız bu sözlərin mənasını sonacan anlamadıq, amma zəfər günü yaxınlaşırdı.. “…..

O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz….” (AR Prezidenti İlham Əliyev)

Ali Baş Komandanın həmin çağırışından dərhal sonra gənclər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi bölmələrinə axın etməyə başladı. Hər kəs sürətlə yaxınlaşan zəfər günündə payı olsun istəyirdi. Bütün ölkə 27 ildən sonra yenidən yaranan bir ümid qığılcımıyla həyəcanlanırdı…

Və o gün gəldi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə nəticəsində 27 ildən bəri işğal altında qalan torpaqlarını geri qaytardı, dünya hərb tarixinə qızıl hərflərlə düşəcək Zəfər qazandı…

Təsadüfi deyil ki, Vətən müharibəsi iştirakçılarına fəxri adlar verilərkən, prezident Tovuz döyüşlərində qəhrəmancasına həlak olmuş Azərbaycan Ordusunun zabitləri general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə Milli Qəhrəman adı verdi.

Əziz Polad və İlqar qardaşlarımız! Allah taala sizə necə gözəl tale yazıb ki, ölümünüz bir millətin 27 illik işğaldan qurtulması üçün zəmiləri alışdıran qığılcıma bənzər başlanğıc oldu!

Sizlər zatən bizim qəlblərimizin qəhrəmanları idiniz! Qəhrəman əsgərlər döyüşə sizin intiqamınızı almaq, şəhid olanda sizin yanınızda dəfn olunmaq arzusu ilə gedirdilər…

İntiqamınız alındı, ELİMİN, XALQIMIN, YURDUMUN, VƏTƏNİMİN QƏHRƏMANLARI! Zəfər qazandıq, davamçılarınız sizin başladığınız işi bitirdilər, fədakarlığınız hədər getmədi, ruhunuz rahatlandı.

Tovuz döyüşlərində alışan qığılcımın alovu böyüdü, böyüdü, igidlərimizin ürəyində düz Şuşaya qədər getdi.

Bizlər, bizim övladlarımız, övladlarımızın övladları-bu Vətən var olduqca bu torpaqların üzərində gəzən hər birimiz o igidlərə borclu olacayıq. Özümüzdən sonra gələcək nəsillərə-övladlarımıza, şagirdlərimizə, tələbələrimizə bu torpaqların müstəqilliyi yolunda, toxunulmazlığı uğrunda, düşmən tapdağından azad edilməsi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın fədakarlığı barədə danışacayıq, sahib olduğumuz sülhün o oğulların qanı bahasına əldə olunduğunu dönmədən öyrədəcəyik.. Onların qarşısındakı şərəf borcumuzu daha güclü, bir daha heç bir işğalçının göz dikə bilməyəcəyi Azərbaycan qurmaqla ödəyəcəyik…

Əlbəttə ki, bu haqq ödənməz, bu haqq unudulmaz, bu borca dəyər ölçülə bilməz.

Allah rəhmət etsin!

Zəfərin mübarək, Azərbaycan!

Əsmər Əliyeva

Bakı Dövlət Universitetinin dosenti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki