Qərb ölkələri sanksiya zamanı həmişə Rusiya üçün müəyyən qədər açıq pəncərələr saxlayırdı.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Trampın Rusiyanı sanksiyalarla təhdid etməsinin səbəbi haqda danışarkən deyib.
İqtisadçı bildirib ki, bu günə qədər Rusiyaya müxtəlif sanksiyalar tətbiq olunub:
“Trampın yanaşması isə fərqlidir. O düşünür ki, əgər razılaşma olmasa, Qərbin saxladığı pəncərələr də bağlanacaq. Məsələn, neft və qaz satışına ümumiyyətlə qadağa qoyulma ehtimalı var. Hətta ikili, yəni tək satanlara yox, alıcılara da sanksiya tətbiq edilə bilər.
Qısaca deyim ki, Rusiya hələlik sanksiyaların sərt üzünü görməyib. Ancaq belə bir ehtimal artıq mümkündür və bu, Rusiya iqtisadiyyatına doğrudan da çox ağır zərbə vura bilər”.
Qeyd edək ki, Trampın Rusiyanı müharibəni bitirməyəcəyi halda sanksiyalarla hədələməsi bəzi ekspertlərin təəccübünə səbəb olub. Çünki ABŞ-ın Rusiyaya sərt sanksiyaları artıq tətbiq etdiyi düşünülür.