Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir.
Cari ilin noyabr ayının 6-da cənab Prezident İlham Əliyev Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edib.
Cənab Prezident çıxışında bildirmişdir ki, “Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır. Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”.
Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir.
Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib.
Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi
Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu.
Müstəqil xarici siyasət aparan respublikamız özünün cənubi qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən- günə artırmaqdadır. Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də türk ölkələri üçün önəmli tərəfdaşdır.
Prezidentimiz cənab İlham Əliyevin uğurlu, qətiyyətli siyasəti dövlətimizi həm regionda həm də beynəlxalq aləmdə yaxşı tanınmasını təmin etmişdir. Ulu öndər Heydər Əliyevin siyasətinin davam etdirən cənab İlham Əliyev hər zaman türk ölkələri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük önəm vermişdir.
Noyabr ayının 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və bu çıxışdan irəli gələn aktual məsələlər böyük önəm daşıyır.
Cənab Prezident bildirmişdir ki, “Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.
Xəyalə Abdulxalıqova – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi