Türkdilli ölkələri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir
Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əvvəllər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı altında fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatı yarandığı gündən Azərbaycan bu təsisatın türk coğrafiyasında inteqrasiya proseslərinin önünə çıxması üçün səmərəli addımlar atıb, türk dövlətləri arasında bütün istiqamətlərdə ortaq fəaliyyətin gücləndirilməsi ilə bağlı əhəmiyyətli təkliflər və təşəbbüslərlə çıxış edib.
Xatırlatmaq yerinə düşər ki, bu qurum 2009-cu ildə məhz Azərbaycanın təşəbbüsü ilə Naxçıvan şəhərində imzalanmış müqavilə əsasında beynəlxalq təşkilat statusu ilə təsis olunub. Ona görə də bu beynəlxalq platformada keçirilən hər bir yüksək səviyyəli tədbir ölkəmizin fəaliyyətinin gücləndirilməsi istiqamətində göstərdiyi ardıcıl səyləri səciyyələndirən məqam kimi dəyərləndirilməlidir. İlk fəaliyyət dövründə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın daxil olduğu TDT ötən dövr ərzində Özbəkistanın da bu təkilata əsas üzvlərdən biri kimi qoşulması, həmçinin müşahidəçi ölkə statusunda Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının bu qurumda yer alması Türk Dövlətləri Təşkilatının coğrafiyasını xeyli genişləndirmiş, onun geosiyasi proseslərə təsir imkanlarını artıraraq artıq çoxqütblü dünyada güc mərkəzlərindən birinə çevrilməsinə real şərait yaratmışdır.
Bu il iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsinin ardınca noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 11-ci sammitinin yekunları üzrə kosmosda əməkdaşlıq da daxil olmaqla təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı imzalanmış bir sıra böyük siyasi və iqtisadi əhəmiyyətli sənədlər, “Yaşıl düşüncə. Davamlı gələcək naminə birliyin qəbul edilməsi” devizini ehtiva edən Bişkek bəyannaməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə məhz getdikcə daha sıx birləşməkdə, genişlənməkdə və güclənməkdə olan türk dünyasının həmrəyliyinin yeni bariz ifadəsidir. Türk Dünyası Xartiyasının və qurumun yeni bayrağının qəbul edilməsi haqqında tarixi qərarlar isə türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlərin tanınmasına, çoxtərəfli əməkdaşlığın, qarşılıqlı tərəqqinin və birliyin gücləndirilməsinə mühüm töhfədir.
Beynəlxalq münasibətlər sistemində mövqeyi get-gedə güclənməkdə olan Türk Dövlətləri Təşkilatında Azərbaycanın yeri və rolu, dövlətimizin bu istiqamətdə ortaya qoyduğu strateji mövqeyi ilə bağlı fikirlərini ölkə Prezidenti cənab İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində konkret şəkildə açıqlayıb: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir… Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc