image-970_50
image-1614697343_650x344-azerbaycan-cumhurbaskani-ilham-aliyevden-baskan-erdogana-tesekkur-1594043315525

” Türkiyə Azərbaycan münasibətləri möhkəm təməllərə əsaslanır” – Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları

image-728_90

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığı haqqında dediyi məşhur “Bir millət, iki dövlət” kəlamının nə qədər dəqiq ifadə olduğunu 44 günlük Vətən Müharibəsi dövründə bütün dünya bir daha gördü.
Müzəffər Azərbaycan Ordusu bu müharibədə həm də Türkiyə müdafiə sənayesinin keyfiyyətini və gücünü dünyaya göstərməklə, düşmən ordusu və onun hərbi texnikası haqqındakı mifləri darmadağın etdi, üstəlik, ən qabaqcıl dövlətlərin belə, Türk silahına marağını daha da artırdı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir ki, ölkəmiz hərbi potensialını durmadan gücləndirməkdədir və qardaş Türkiyə son dövrlərdə ilk olaraq qardaş Azərbaycanla yeni kontraktlar imzalayıb, bu ölkənin istehsal etdiyi ən müasir silahların Azərbaycana gətirilməsi üçün razılaşmalar əldə edilib.
Türkiyə və Azərbaycan birlikdə güclüdürlər,- bunu zaman-zaman ulu tarix sübut edib. Min illər boyu dar gündə Azərbaycan Türkiyənin, Türkiyə Azərbaycanın yanında olub və ən güclü düşmənin də başını birlikdə əzə biliblər. Güclü Türkiyə,  güclü Azərbaycan deməkdir və heç kəsin şübhəsi olmasın ki, dünyada bu iki qardaş ölkənin birliyini sarsıda biləcək qüvvə yoxdur.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri xalqlarımıza və dostlarımıza
sevinc və fərəh, düşmənlərimizə üzüntü və kədər bəxş etdi

Bu gün bütün dünya belə bir faktla razılaşır ki,Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük əks-hücum əməliyyatları ilə düşmənin 30 il ərzində qurduğu bəndləri, beton tunelləri, səddləri, istehkamları darmadağın edərək torpaqlarımızı işğaldan qurtarmasının əsas səbəblərindən biri də ötən illərdə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin müntəzəm olaraq keçirilməsi olmuşdur.
Belə bir önəmli fakt da bu fikrin doğruluğunu bir daha sübut edir: Türkiyə və Azərbaycan orduları təkcə 2019-cu ildə 10 dəfədən çox birgə hərbi təlim keçirmişlər.
Düzdür, pandemiya səbəbindən 2020-ci ildə birgə hərbi təlimlərimiz az keçirildi.
Əvəzində, bu ilin əvvəllərində Qars şəhərində, hətta az qala Ermənistandan da görünə biləcək bir ərazidə keçirilən genişmiqyaslı Türkiyə-Azərbaycan birgə hərbi təlimləri xalqlarımıza və dostlarımıza sevinc və fərəh, düşmənlərimizə üzüntü və kədər bəxş etdi.
Təlimdə nə qədər çətin və mürəkkəb olursa, döyüşdə bir o qədər asan olur…

Günel İsaməddinqızı – “Əkinçi” qəzetinin əməkdaşı

Türkiyə Azərbaycan münasibətləri möhkəm təməllərə əsaslanır

44 günlük Vətən müharibəsində ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı. Bu tarixi qələbə təkcə Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının bir zəfəri oldu. Müharibənin ilk vaxtlarından Azərbaycana öz dəstəyini açıq aşkar şəkildə nümayiş etdirən qardaş Türkiyə Cümhuriyyəti həm müasir texnikalar baxımından, həm də informasiya cəbhəsində haqq işimizə dəstək olmaqla yanımızda oldu. İki ölkə arasındakı bu isti münasibət, ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsi, xüsusi ilə peşəkar həbri kardların yetişdirilməsi, Türkiyə istehsalı olan müasir silah və avadanlıqların Silahlı Qüvvələrimizin tərkibində yer alması ölkəmizin inkişafına, hərbi gücümüzün artmasına şərait yaradır. Bu baxımdan hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələrin yüksələn xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

İlkin Əliyev –  Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi 

Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev son müsahibələrində və mətbuat konfransında birmənalı olaraq dedi ki, biz qardaş Türkiyə ilə müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı davam etdiririk və etdirəcəyik, Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik.
Əlbəttə bu, çox qürurvericidir. Axı, Türkiyə Ordusu dünyanın ən güclü ordularından biridir, NATO-nun isə ABŞ-dan sonra ikinci ən güclü ordusu məhz Türkiyə Ordusudur.
Şübhəsiz ki, dövlətimizin başçısının Türkiyə ilə Azərbaycan arasındakı geniş qanunvericilik bazasına əsaslanaraqAzərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq səyləri, artıq bu sahədə əməli-praktiki işlərin başlanması tezliklə bəhrəsini verəcək.
Bu isə o deməkdir ki, Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Ordusu tezliklə dünyanın ən güclü 50 ordusu sırasından lider ordular sırasına yüksələcək.

Xəyalə Səfərova – “Əkinçi” qəzetinin əməkdaşı

Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir

Heç bir tarixi əsası və kökü olmayan ermənilər daima türk millətinə qarşı düşmən kimi yanaşıblar. Buna səbəb ermənilərin türkiyə və digər qonşu xalqlara ərazi iddialarıdır. Bu mənfurlar XIX əsrdən başlayaraq çar Rusiyasının havadarlığı ilə cənubi Qafqazda məskunlaşdırıldılar. Xüsusən də Azərbaycan torpaqlarında Türkiyə dövləti ilə sərhəd ərazilərimizdə yerləşdirildilər. Məqsəd iki türk xalqı arasındakı bir başa əlaqənin yaranmasının qarşısını almaq idi. Bundan istifadə edən ermənilər qondarma “böyük ermənistan” xəyallarını reallaşdırmağa can atırdılar. Tarix boyu xain və satqınlığı ilə seçilən ermənilər birinci dünya müharibəsi dövründə osmanlı imperiyası ərazisində yaşasalarda öz bəd əməllərindən əl çəkmirdilər. Yaratdıqları silahlı dəstələr vasitəsilə türk əhalisinə qarşı törətdikləri cinayətləri ört-basdır etmək üçün özlərini yazıq və məhv edilmiş xalq kimi göstərərək qondarma soyqırımı oyununu ortaya atdılar. Bütün şər işləri kimi bu əməlləri də bəzi erməni havadarlarından başqa  heç bir dövlət tərəfindən qəbul edilmədi. Yaşadığımız dövrdə də ermənilərin Türkiyə dövlətinə qarşı əsassız tələblərinin saxtakarlıqdan başqa bir iş olmadığı dəfələrlə sübuta yetirilib.

Kərimova Vüsalə – Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktoru

Türkiyə özü müəyyən edəcək ki, Ermənistan ilə
sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər

Türkiyə Avrasiya məkanının real güclərindən biri, Yaxın Şərqin lider dövlətidir. Bölgədə siyasi münasibətlərin tənzimlənməsi, eyni zamanda sosial-iqtisadi və mədəni-mənəvi proseslərin əsas lokomotivdir.
Ermənistanın qondarma “erməni soyqırımı” siyasəti, eyni zamanda uzun illər Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzkar mövqeyi Türkiyə-Ermənistan münasibətlərinin kəskinləşməsinə səbəb olmuşdur. Qloballaşma, regional birlik və təşkilatların, iqtisadi inteqrasiyanın hökm sürdüyü bir dönəmdə dövlət sərhədlərinin qapalı olması, regional iqtisadi-ticari əlaqələrin pozulması, əlbəttə ki, tərəflərin heç biri üçün əlverişli deyildir.
Hətta Osmanlı imperiyasının təbəələri olduğu dönəmdə şovinist siyasətindən əl çəkməyən, başqa dövlətlərə casusluq və satqınçılıq etməklə Osmanlı dövlətinin maraqlarına zidd hərəkət edən ermənilər hazırda Türkiyə ərazisində sərbəst yaşam və vətəndaşlıq hüquqlarına malikdir. Bu hal sübut edir ki, Türkiyənin regionda yeritdiyi siyasət məhz Ermənistan dövlətinin təcavüzkar siyasətinə qarşı çevrilmişdir və beynəlxalq hüquq normalarına uyğundur.
Ermənistan dövlətinin istər Türkiyəyə, istərsə də onun beynəlxalq birlikdə ən sıx əməkdaşı olan Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyindən əl çəkməsi Türkiyənin Ermənistan ilə sərhədlərini açması, regionda vahid iqtisadi məkanın formalaşmasına və siyasi sabitliyin tam bərqərar olması ilə nəticələnə bilər. Əlbəttə ki, sadalanan şərtlər daxilində sərhədlərin açılması və əlaqələrin normallaşması məsələsini Türkiyə özü müəyyən edəcək…

Gülağa İsgəndərov – Zərdab rayon təhsil şöbəsinin müdiri

Bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır

26 fevral 2021-ci ildə tarixində cənab Prezident İlham Əliyev yerli və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən 4 saatlıq mətbuat konfrasında 50-dən çox sualları cavablandırmışdır. Cənab Prezident verilən suallara təmkinlə, məntiqlə, böyük məharətlə aydınlıq gətirdi. Ölkə başçısının müharibənin nəticələri və qarşıda duran vəzifələrlə bağlı məsələləri aydın şəkildə izah etməsi təkcə oradakı jurnalistləri deyil, bütün dünya ictimaiyyətini heyrətləndirmişdir. Mətbuat konfransında Türkiyə ilə Ermənistan əlaqələrinin normallaşması məsələlərinə də  toxunulmuşdur.   Belə bir deyim mövcuddur: “Sülh, müharibələrarası fasilədir”. Həqiqətən də, bəşəriyyət mövcud olandan bəri tarix ən dəhşətli savaşlara şahid olmuşdur. Şübhəsiz ki, müharibə tərəflərin hər biri üçün humanitar  və iqtisadi resurs itkisi ilə nəticələnir.
Ölkəmizin yerləşdiyi geosiyasi məkan və qonşu Ermənistan Respublikasının yeritdiyi işğalçı siyasət müharibəni bizim üçün qaçılmaz etmişdir. Lakin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə bir daha sübut etdi ki, regionda siyasi münasibətlərin tənzimlənməsində diktə edən tərəf məhz Azərbaycandır. Əlbəttə ki, sivil dövlətçilik ənənələrinə və beynəlxalq hüquq normalarına sadiq qalan Azərbaycan tərəfi regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır və revanşist siyasətin əleyhinədir.
Tarixi zəfərin bizə qazandırdığı ən mühüm iqtisadi-siyasi üstünlüklərdən biri də məhz Zəngəzur koridorunun açılmasıdır. Bu hadisə Türkiyənin qısa dəhliz və sərfəli şərtlərlə Asiya məkanına çıxmasını təmin etməklə yanaşı, hər iki ölkənin iqtisadi imkanlarının genişlənməsinə səbəb olacaqdır. Koridorun fəaliyyəti siyasi münasibətlərin bərpasına qarant rolunu oynaya bilər.  O cümlədən, Azərbaycan-Ermənistan münasibətlərinin dinc platformada davam etməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və regionda uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaqdır.

Xəyalə Veyisova – YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədri

Rusiya-Türkiyə Monitorinq Mərkəzi birgə fəaliyyət nəticəsində qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək

Rusiya-Türkiyə Monitorinq Mərkəzi İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan monitorinq mərkəzidir. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulmuşdur. Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri tərəfindən Azərbaycanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaratmaq üçün anlaşma memorandumu imzalandı. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda, Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verilmişdir. Azərbaycan öz vəsaiti hesabına, hər bir şəraiti olan bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Ağdamda açılan atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitonrinq Mərkəzi yanvarın 30-dan etibarən fəaliyyət göstərməyə başlamışdır. Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir. Monitorinq Mərkəzində həm Türkiyə, həm də Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərir. Monitorinq Mərkəzi Qarabağda atəşkəs rejiminin monitorinqini pilotsuz aparatalar vasitəsilə həyata keçirir. İnanırıq ki, mərkəz birgə fəaliyyət nəticəsində qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, habelə bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaqdır.

Səbuhi Kərimov – Yeni Azərbaycan partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri 

Azərbaycan-Türkiyə birliyi və qardaşlığı bundan sonra da inkişaf edəcək  və  güclənəcəkdir

Dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi  təsadüfü deyildir. Həqiqətən də, səmimi, möhkəm dostluq  hisslərini  heç nə  ilə sarsıltmaq mümkün deyildir.  Belə dostluq  nümunəsi  Türkiyə-Azərbaycan dostluq  münasibətlərində özünü  göstərir.  Eyni  soy kökə, dilə, dinə, mədəniyyətə  və bir çox qarşılıqlı  bağlara malik olan Azərbaycan və Türkiyə münasibətləri  yeni  mərhələyə  yüksəlmişdir. Əsası  tarixi köklərə söykənən bu iki qardaş dövlət  regionda və beynəlxalq  aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edir.      Böyük Öndər Mustafa Kamal Atatürkün  “Azərbaycanın sevinci  bizim sevincimiz, kədəri  bizim kədərimizdir”, Ümummilli  liderimiz Heydər Əliyevin  “Azərbaycan-Türkiyə  – Bİr  millət, iki dövlətdir” kəlamları 44 günlük Vətən müharibəsində  özünü bir daha sübuta yetirdi. Qardaş dövlət rəhbərlərinin  haqq işimizə verdiyi  tərəddüdsüz  dəstək həmrəyliyimizin bariz nümunəsidir.  İkitərəfli  münasibətlər bu gün  uğurla davam etdirilir. Azərbaycan-Türkiyə birliyi və qardaşlığı bundan sonra da inkişaf edəcək  və  güclənəcəkdir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru 

Dağlıq Qarabağ münaqişəsinə son qoyulub

Qardaş Türkiyə həmişə bizə dəstək olub və olacaqdır. Biz də Türkiyəyə öz minnətdarlığımızı bildiririk. Vətən müharibəsinin ilk günlərindən biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Prezidenti Rəcəb Tayyib  Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. O demişdir ki, “bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.  İki  türk  dövləti  qoşa  addımladıqca  daha  güclü  olurlar! Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.Dünya tarixi həqiqətləri bilməlidir. Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Vətən müharibəsi başa çatıb. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, işğalçılar torpaqlarımızdan qovuldu. Dövlət başçımızın siyasəti nəticəsində ölkəmiz regionun ən nüfuzlu ölkəsinə çevrildi.

Rəmzi Şirinov – YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri 

Rusiya-Türkiyə Monitorinq Mərkəzi atəşkəsə nəzarəti lazımi şəkildə təmin edərək sabitliyin qorunmasına birlikdə töhfə verəcəkdir

Regionda sülh və sabitliyin Türkiyə, Rusiya və Azərbaycan prezidentlərinin səyləri və qətiyyətli iradələri ilə təmin olunur. Türkiyənin həm ikitərəfli, həm də regional məsələlərdə Azərbaycan və Rusiya ilə nümayiş etdirdiyi həmrəyliyin Qafqazda sülh, sabitlik və inkişafın təmini üçün əhəmiyyətlidir. Bu baxımdan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin önəmi böyükdür. Birgə Monitorinq Mərkəzi vasitəsilə atəşkəsə nəzarəti lazımi şəkildə təmin edərək sabitliyin qorunmasına birlikdə töhfə verəcəkdir. Gələcəkdə bu əməkdaşlığın davam etməsi faydalı olacaqdır. Türkiyə və Rusiya əsgərləri birlikdə fəaliyyət göstərərək regionda sülh və sabitliyin təmin edilməsi missiyasını yerinə yetirəcəklər. Mərkəz atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, bu barədə məlumatlar və faktları toplamaq, problemləri araşdırmaq, atəşkəsin qorunması ilə bağlı birgə tədbirlər görmək istiqamətində fəaliyyət göstərəcəkdir.

Elyurə Məmmədova – Rayon mədəniyyət mərkəzinin direktoru 

Türkiyə Azərbaycan əlaqələri uğurla davam edir,
günü-gündən möhkəmlənir

Tarixə nəzər yetirsək Türkiyə Azərbaycan əlaqələrinin dərin köklərə malik olduğunun şahidi oluruq. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. 44 günlük vətən müharibəsində Türkiyə Cümhuriyyəti tərəfindən verilən mesajlarla bu savaşda birmənalı şəkildə Azərbaycanın yanında olmasının bütün dünya şahidi oldu. Bu dəstək təkcə siyasi sahədə deyil eyni zamanda Türkiyə istehsalı olan ən müasir texnikalardan ordumuzun istifadə etməsi müharibədə Silahlı Qüvvələrimizin üstünlüyünün təmin olunmasında xüsusi rol oynadı. Günümüzdə Türkiyə Cümhuriyyəti müasirləşən və dünya miqyasında inkişafına, müasir texnika və texnologiyaların istehsalına görə birincilər siyahısındadır. Təbii ki, ölkəmizin qardaş dövlətlə əlaqələrinin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlıq Azərbaycanın da daha da inkişaf etməsinə zəmin yaradır. Türkiyə Azərbaycan iki qardaş ölkə inkişaf yolunda birgə addımlamaqla daha böyük uğurlara imza atacaqlar.

Ələkbər Kərimov – Zərdab Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki