image-qanunla-reklam
image-_118936698_alieverdogan

Türkiyə ilə Azərbaycanın möhkəm birliyi dünyada gedən ağır, böhranlı proseslərdə, münaqişələrdə dünyaya sülh gətirən bir güc mərkəzi kimi meydana çıxacaq

image-lady-day-az

Türkiyə ilə Azərbaycanın möhkəm birliyi dünyada gedən ağır, böhranlı proseslərdə, münaqişələrdə dünyaya sülh gətirən bir güc mərkəzi kimi meydana çıxacaq

Rəşadətli Ordumuz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı. Apardığımız Vətən müharibəsində qələbə qazandıq. Bu günlər həm də Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni salnaməsi kimi tarixə həkk olundu.
Rəcəb Tayyib Ərdoğanın Milli Qurtuluş Günündə Azərbaycana səfəri, Füzuliyə, oradan da Şuşaya yollanması, birmənalı bəyanatlar səsləndirərək Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman ölkəmizin yanında dayandığını bildirməsi ölkəmizin gücünə güc qatdı.
Prezidentlərin Şuşadan verdikləri bəyanatlar isə həm qardaşlığın əzəmətini, həm də əsl müttəfiqlik konsepsiyasının ölməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
İyunun 16-da Türkiyə Prezidenti Milli Məclisdəki tarixi çıxışı ilə bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Prezident Ərdoğan parlamentdə bir çox mühüm məsələyə toxundu və birmənalı şəkildə  dünyaya çatdırdı ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Azərbaycan xalqının möhtəşəm Zəfərinin bölgədə daimi sülh və əmin-amanlıq üçün böyük bir fürsət yaratdığını söyləyən Prezident Ərdoğan dedi ki, Cənubi Qafqazdakı sülh və əmin-amanlıqdan yalnız Azərbaycan deyil, Ermənistan da daxil olmaq üzrə bütün bölgə ölkələri, hətta bütün dünya qazanclı çıxacaq.
İşğaldan azad olunmuş bölgənin inkişafı, burada rifahın artırılması, əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdə Türkiyənin yaxından iştirak edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsində böyük liderlik göstərərək bu Zəfəri ölkəmizə qazandıran Ali Baş Komandan İlham Əliyevə bir daha təbriklərini çatdırdı. Onun fikrincə, Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir. Bu zəfərlə Qafqazda qanayan bir yara qapanıb, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranıb.
Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi. Dağlıq Qarabağ münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu. Torpaqlarımızı da özlərinin hünəri hesabına deyil, məhz havadarlarının əli ilə zəbt etmiş erməni işğalçılarının bu dəfə döyüş meydanında qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə qalmasına şərait yaratdı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkənin ən yüksək mənsəbli dövlət rəsmiləri, millət vəkilləri, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Xalqımıza qarşı kənar təhdidləri uzaqlaşdırdılar. Türkiyə vətəndaşları Azərbaycanın haqq davasını bütün beynəlxalq aləmə çəkinmədən bəyan etdilər.
Vətən müharibəsinin gedişində Türkiyə həmişə qardaşı Azərbaycanın yanında oldu, Qarabağ problemini öz problemi hesab etdi. Təcavüzkar Ermənistanın havadarlarının təzyiqləri ilə qarşılaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qətiyyətlə bildirirdi ki, onun ölkəsi ədalətin, haqq işinin tərəfindədir və ona görə də Azərbaycanı dəstəkləməkdə davam edəcək. O, xəbərdarlıq edirdi ki, Ankara Ermənistan-Azərbaycan müharibəsinə üçüncü tərəfin qarışmasına dözməyib hadisələrin gedişinə dərhal müdaxilə edəcək.
Bu gün Türkiyə Azərbaycanın qələbəsindən sonra ərazidə sülhün qorunması prosesində də yaxından iştirak edir. Bildiyimiz kimi, Türkiyə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etmək işində Rusiya ilə birgə həlledici rol oynayır.
Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, eləcə də, iqtisadi inkişaf prosesinə Azərbaycanla dost olan ölkələrin şirkətlərinin cəlb edilməsi mühüm uğurlar vəd edir. Artıq Türkiyə şirkətləri ilə müqavilələr imzalanıb və bu şirkətlər işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayıb.
Türkiyə ilə Azərbaycanın möhkəm birliyi dünyada gedən ağır, böhranlı proseslərdə, münaqişələrdə dünyaya sülh gətirən bir güc mərkəzi kimi meydana çıxacaq. Əlbəttə ki, bu sülhü, tərəqqini istəməyənlər buna mane olmağa çalışırlar. Amma bu, mümkünsüzdür, çünki artıq birlik yaranıb və bu birlik dünyada sülhün, insanların gələcək xoşbəxt həyatı üçün mədəni müxtəlifliyi təmin etməklə demokratik prinsiplərin bərqərar olmasına xidmət edir.

Şahnaz Mustafayeva-Tarix diyarşünaslıq muzeyinin direktoru

 

Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun inkişaf dolu gələcəyi üçün birgə çalışan başqa iki ölkə yoxdur

44 gündə böyük zəfərə çatdıq. Xalq İlham Əliyev iradəsidən, böyük sərkərdə və qəhrəman komandan jestlərindən sevgi yaşadı, olmayan sevgi, unudulayan sevgi. Biz hər an Türkiyəni, türk qardaşlarımızı yanımızda gördük, qürur duyduq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə telefon zəngləri, Qarabağ savaşını anbaan nəzarətdə saxlaması və zəfər bayramımıza qatılması da bizə sonsuz sevgi oldu. Müharibədə şəhidlər verdik, əsgər və zabitlərimiz sağlamlığını itirdi. Milli Ordumuzun şəhid oğullarının ruhu şad olsun, onların ruhu qarşısında baş əyirik! Qazi qardaşlarımıza Allahdan sağlamlıq arzulayırıq! Artıq Vətən darda deyil, qan inildəmir. Qarabağ Azərbaycandır!
Bu günlər həm də Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni salnaməsidir. Türkiyə öz dəstəyini heç zaman Azərbaycandan əsirgəməyib. Azərbaycan da Türkiyənin hər zaman yanında olub. Doğma ölkənin apardığı haqq işinə yardım etməyi, həmrəylik nümayişini həmişə özünə mənəvi borc bilib. Son tarixi proseslər isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü “Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. Biz bu qələbəmizlə qardaş Türkiyə ilə yeni tarixi nailiyyətlərə imza ataraq, daha böyük uğurlar qazanırıq.
Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun inkişaf dolu gələcəyi üçün birgə çalışan başqa iki ölkə yoxdur. Bu, ilk növbədə, təbii ki, mənəvi bağlılıqlarımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən gəlir. Hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir.
Müasir dünyamızın iki parlaq lideri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu münasibətlərə nail ola biliblər. Onlar Azərbaycan – Türkiyə arasındakı münasibətləri iki qonşu ölkə arasındakı sıradan bir diplomatik əlaqələri iqtisadi-ticari tərəfdaşlıqların fövqünə ucalda biliblər. Bunu xarakterlərindəki ulu əcdadlarımıza xas comərdlik, qarşılıqlı güvən, verdikləri vədi tutmaları, səsləndirdikləri sözə də imzaları qədər dəyər vermələri ilə bacarıblar. İki ölkə rəhbəri arasındakı bu doğmalıq Azərbaycan və Türkiyə arasındakı ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfələrini verir. Bu iki parlaq liderin gələcəyə aydın baxışının, həyata keçirdikləri düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri tarixi hadisələrlə yadda qaldı.  Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, əslində, “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi. Bu isə mühüm tarixi hadisədir. Bu bəyannamə eyni zamanda 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərir. Başqa sözlə, Azərbaycan və Türkiyə bütün potensial gücünü bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədini qarşıya əsas hədəf kimi qoyur. Türkiyənin qısa vaxtda Şuşada baş konsulluğunu açmaq istəyi də qardaş ölkənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Bu həm də Azərbaycanın güclü, qüdrətli bir dövlət kimi dünyada nüfuzunun daha da artmasını, beynəlxalq aləmdə söz sahiblərindən biri kimi tanınmasını şərtləndirir.
Bütün bunlar deməyə əsas verir ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya göstərdi. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirlərinin ardınca dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan dünyaya mühüm mesajlar çatdırdılar.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olublar

Vətən müharibəsində gücümüzü düşmənə göstərərək qələbə qazandıq. Bu müharibə illərdir gözlədiyimiz zəfəri bizə yaşatdı. Qazandığımız zəfər anını bizə yaşadanların əməyi böyükdür. İllərdir ordumuz güc toplayıb, regionda ən güclü ordu sıralarındadı. Güclü döyüş sursatlarımız, texnikalarımız var. Biz maddi olaraq döyüş üçün hazır idik. Amma ən böyük dəstəyimiz mənəvi olaraq yanımızda olan dostlarımızdır.
Dost dedikdə Azərbaycan-Türkiyə qardaşlığı yada düşür. Bu qardaşlardan birinin adı çəkiləndə digərinin xatiri canlanır. Bu dostluq bir neçə gündə yaranan bir şey deyil, illərin əməyi, yardımı, dəstəyi, sevgisi və səmimi münasibəti sayəsində yaranıb və möhkəmlənib.
Tarixə diqqətlə baxsaq görərik ki, ta Osmanlı dövlətinin dövründə Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Balkan müharibəsində çiyin-çiyinə döyüşmüşdü. Adını kitablardan eşitdiyimiz, tarixinə bələd olduğumuz Çanaqqala döyüşündə Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparmışdı. Eyni zamanda, Nuru Paşanın əsgərləri o gün azərbaycanlı əsgərlərimizin yardımına gəlmişdi. Bu dostluq, qardaşlıq qarşılıqlı əmək və xoş münasibət sayəsində davam etmişdi.
Bir çox müharibədə Azərbaycan və Türkiyə igidləri bir amal üçün vuruşublarsa, bu birlik bu gün də davam etməlidir və edəcəkdir.

Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi

 

Azərbaycana qələbə qazandıran xalq-ordu birliyi

İllərdir dilimizdə tək söz, qəlbimizdə tək pıçıltı var idi. “Qarabağ Azərbaycandır!” ifadəsi həsrətimizi artırır, intiqam hissimizi alovlandırırdı. Axı bizi illər öncə canımızdan ayırmışdılar. Üst-üstə şəhərlərimizi almış, bizi təcavüzə məruz qoymuş, ana-qızlarımızı, məğrur döyüşən igidlərimizi öldürmüşdülər. Bizi bölməyə, düz ürəyimizdən vurmağa çalışmışdılar. Ağıllı insanlar bilirdi ki, şər nə vaxtsa, uduzacaq, xeyir qalib gələcəkdi. Azərbaycan xalqı buna inanır, qalibiyyətimizin gəlişini səbirsizliklə gözləyirdi.
Və o gün gəlib çatıb artıq. “Qarabağ Azərbaycandır!” ifadəsi zəfərimizin nümunəsi olub. Bu qələbənin ardında xalq-ordu birliyi dayanır. Bir qələbə ancaq birlik sayəsində qazanıla bilərdi.
Müharibə zamanı sosial şəbəkələrdən çox gözəl anların izləyicisi olurduq. Xalq yolda gözləyir, keçən hərbi maşınlara yemək, su və s. qoyurdular. Müdafiə Nazirliyi dəfələrlə ordunun, Azərbaycan əsgərinin heç bir ehtiyacının olmadığını bildirsə də, xalq ürəyini belə onlarla göndərmişdi döyüş bölgəsinə. Cavanlarımızın gülərək səfərbərliyə getdikləri canlanır gözümdə. Biz o gülüşləri fəxrlə izləyirdik. İllərdir müharibə görməyən cavanlar, döyüşü kitablardan oxuyan Azərbaycan gənci gülərək döyüşə gedirdi. Şəhidimizin sözləri səslərin qulağımda: Zərdab Şəhidi Anar Məmmədzadə – “Gecə rahat yatın, mən burdayam” demişdi. Bəs bu oğulları kim yetişdirmişdi? Bu mərd oğulları vətən sevgisi ilə böyüdən Azərbaycan xalqı yetişdirmişdi. Xalq mərd oğullarımızı illər öncədən Vətən üçün böyütmüşdü. Müharibə vaxtı da hər bir dəstəyini göstərmişdi. Əsgərinin həm yanında, həm arxasında dayanmışdı.

Vəfa Xəlilli-“Gəncliyə dəstək” İB-nin sədri

 

Zəngin tarixə malik olan Şuşa

Azərbaycanın qədim insan məskənlərindən biri, qədim Quruçay, Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin mövcud olduğu bölgədə yerləşmiş Qarabağ regionu Azərbaycan xalqının ulu əcdadlarının qədim və daimi vətənidir. Lakin “Böyük Ermənistan” xəstəliyinə tutulmuş erməni millətçiləri dünya ictimaiyyətini Qarabağ regionunun, o cümlədən Şuşanın tarixən ermənilərə məxsus olmasına inandırmağa çalışırlar. Xəstə düşüncəli ermənilər yaxşı bilir ki, Şuşa şəhəri Qarabağ xanı Pənahəli xan tərəfindən 1750-ci ildə salınmışdır. Şuşanın tarixinə dair yazılı mənbə XIX əsr müəllifləri Mirzə Adıgözəl bəy, Mirzə Camal Qarabaği, Əhməd bəy Cavanşir, Mir Möhsüm Nəvvab, M.S.Ordubadi tərəfindən yazılmış əsərlərdir:
Şuşa XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən tikdirilən Bayat, Şahbulaq qalalarından sonra daha mötəbər, daha uğurlu axtarış nəticəsi olaraq meydana çıxmış, həm təbii, həm də insan əli ilə yaradılan möhtəşəm qalaya, gözəl şəhərə çevrilib.
Qarabağ xanlığının mərkəzi, nəhəng strateji mövqeyi olan Şuşa şəhəri məscidlər, karvansaralar, bazarlar, hamamlar və s. tikililərin yaranması ilə tarixi-memarlıq diyarına çevrilib. Cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfərdən sonra Şuşa şəhərinin işğaldan azad olması nəticəsində öz tarixi mədəni qüdrətini özünə qaytarması istiqamətində böyük işlər görülür. İşğaldan azad olunmuş ərazilərin dirçəlməsində daim bizim yanımızda olan, qardaş Türkiyə də öz töhfəsini verməkdədir.

Qinyaz Nağıyev-Dəli Quşçu kənd sakini, fəal gənc

 

Heç zaman unudulmayacaq erməni cinayətləri

Ermənistanın planlı şəkildə başladığı münaqişə və müharibə 1992-ci il mayın 7-8-də Şuşa şəhərinin işğalı ilə nəticələndi. Mənfurlar qədim tarix və memarlıq abidələrini məhv etdilər, Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik edərək təhqir etdilər, Şuşa muzeylərini dağıtdılar. Bütün Azərbaycan xalqı bilirdi ki, Qarabağın ürəyi, Azərbaycanın qeyrət timsalı Şuşa kimi şəhəri işğal altında qalan xalq onu azad etmək üçün hər an hazır olmalıdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”. Ermənilərin bu gün də müxtəlif istiqamətlərdə apardığı antiazərbaycan siyasətinə bəraət qazandırmaq istəyirlər. Onların bu fikrə düşməsi Azərbaycanın qədim və zəngin tarixə malik olan Qarabağ bölgəsinin tarixi ənənələrini və mədəniyyətini erməni tarixi və mədəniyyəti kimi təqdim etməklə Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq istəyindən irəli gəlirdi.
“Qafqazın konservatoriyası” adlandırılan Şuşa Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan şəxsiyyətlərin vətənidir. Şuşa dünya mədəniyyəti tarixinə ensiklopedik biliyə, yüksək istedada malik olan böyük bəstəkarlar bəxş etmişdir. Ermənilərin bu müqəddəs şəhərimizə iddialarının nə tarixi, nə siyasi, nə də mənəvi haqları yoxdur. “Şuşa erməni şəhəridir” deyib ona böhtan atanlar Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz tərəfindən cəzalandırıldı ki, bir daha belə ifadələr işlətməsinlər.

Bəhruz Mustafayev-Vətən müharibəsi iştirakçısı

 

Otuz illik işğal tarixi

Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə mövcud saxta reallığın dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin mövcud saxta reallıq bir neçə günün içində darmadağın oldu.
Prezidentimiz cənab İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən isə xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də həmin metoddan istifadə etdi. Amma Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.
Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordunun qazandığı Zəfərlə vətən topağını doğma nəfəslərlə isindirdi.

Famil Abbasov-Vətən müharibəsi iştirakçısı

 

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu

Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan bu ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başladı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü. Bu müqəddəs Vətən müharibəsində qardaş Türkiyə həm dövlət, həm də xalq olaraq bizim yanımızda yer aldı.
Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.
Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular.
Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyirlər. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycanın Vətən müharibəsində zəfər qazanması bölgədə yeni reallıqlar yaradıb

Tarixə “Dəmir yumruq” əməliyyatı adı ilə düşən 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. Ermənistan silahlı birləşmələrinin törətdikləri növbəti təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları qısa zaman ərzində gücümüzü nəinki düşmənə, bütün dünyaya göstərdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün kifayət qədər böyük vaxt keçsə də, nəticə olmadı. Əslində, Azərbaycan sülhsevər dövlət kimi münaqişənin dinc yolla həllinin tərəfdarı idi. Lakin münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun, eləcə də Ermənistan siyasi-hərbi rəhbərliyinin mövqeyi məsələnin hərbi yolla həllini qaçılmaz etdi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bunun üçün danışıqlar prosesində maraqlıdır. Lakin bu danışıqlar imitasiya xarakteri daşıya bilməz və Azərbaycan öz torpaqlarını işğalçı Ermənistana bağışlayan deyil. Zaman deyilənləri sübut etdi. Rəşadətli Azərbaycan Ordusu uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad etdi. Azərbaycan Ordusu döyüş meydanında düşmənə ən ağır formada dərs verdi, Ermənistan Ordusu darmadağın edildi. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, Ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı.
Artıq Qarabağ münaqişəsi həll olunub və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi haqqında keçmiş zamanda danışmaq olar. Azərbaycan qalib ölkə olaraq gələcəyə baxır və regionda yeni münasibətlərin qurulmasında maraqlıdır. Təbii ki, Azərbaycan bundan sonra regionda həyata keçirilən bütün layihələrdə qalib ölkə kimi hər bir məsələni diktə edir və edəcək.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Bölgənin yeni inkişaf dövrü başlayır

Məlum olduğu kimi, 1941-ci ildə çəkilən və Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə bağlayan Mincivan – Culfa dəmir yolu xətti Ermənistanın hərbi təcavüzü nəticəsində 1991-ci ildən fəaliyyətini məcburi olaraq dayandırmışdır
44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz Azərbaycana Naxçıvan üzərindən Türkiyəyə, Orta Asiya və Sakit okeana uzanan strateji dəhliz qazandırıb. Qars-Naxçıvan dəmir yolu layihəsi Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək.
Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsi genişlənəcək.
44 günlük müharibənin sonunda Azərbaycanın xeyrinə imzalanan üçtərəfli bəyanat əsasında Zəngəzur dəhlizinin açılması yüksək resurs potensialına malik olan Naxçıvanın iqtisadi gücünü artırmaqla yanaşı, onu mühüm nəqliyyat qovşağına çevirəcək Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu dəhlizin yaranması regiondakı bütün ölkələrin maraqlarına xidmət edir.
Azərbaycan belə hesab edirik ki, regionda davamlı sülhün bərqərar olmasında əsas vasitə ölkələrarası əməkdaşlıqdır. Cənab Prezidentimiz İlham Əliyevin birbaşa təşəbbüsü ilə Naxçıvanla Azərbaycan arasında kommunikasiya əlaqəsinin bərpa edilməsi sayəsində bu imkanların getdikcə daha da artacağı gözlənilir.
Zəngəzur dəhlizinin açılması Naxçıvanın sosial-iqtisadi inkişafına, Azərbaycanın türk dünyası ilə birləşməsinə çox böyük müsbət təsir göstərə bilər. Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən, Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya və onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər.
Artıq Azərbaycan bu işlərə start vermişdir. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır və tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.
Dövlətimizin başçısının qeyd etdiyi kimi Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyənin bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Zəngəzur dəhlizinin işə düşməsi Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verməklə yanaşı, iqtisadi əlaqələrin genişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcək.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Şuşa öz yaralarını saracaq və yenidən dünyanın ən gözəl, ən abad şəhərlərindən birinə çevriləcək

Qədim tarixə malik, Qarabağın ən dilbər guşələrindən biri olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olmaqla yanaşı xalqımız üçün tarixi, mədəni əhəmiyyətə malik bir şəhərdir.
XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən tikilən Bayat, Şahbulaq qalalarından sonra meydana gələn, öz əzəməti ilə gözəl qala-şəhərə çevrilən Şuşa şəhəri sonralar xanlığın mərkəzinə, nəhəng strateji mövqeyi olan bir bölgəyə çevrilmişdir.
Azərbaycanın musiqi beşiyi, Şərqin konservatoriyası adlandırılan bu şəhər öz ərazisində yerləşən qiymətli tarixi- mədəniyyət abidələri, yetişdirdiyi görkəmli, məşhur şəxsiyyətlərin vətəni kimi tanınır.
Tarixə nəzər salsaq görərik ki, bu ərazi zaman-zaman yadelli hökmdarların, sərkərdələrin işğalçılıq planlarının önündə gəlib. Bu gözəlliyə, bu əlverişli mövqeyə yiyələnmək, onu mənimsəmək uğrunda mənfur qonşularımız tərəfindən həyata keçirilən işğal nəticəsində xalqımız öz dilbər guşəsindən 30 ilə yaxın bir müddət ayrı düşmüşdür. Ermənistanın planlı şəkildə başladığı münaqişə nəticəsində 1992-ci il mayın 8-də Şuşa işğal olundu. Qədim tarixi-memarlıq abidələri olan şəhər darmadağın edildi. Azərbaycan mədəniyyətinə ciddi zərbə endirildi.
Lakin Qarabağın ürəyi, Azərbaycan xalqının qeyrət timsalı olan Şuşa şəhərinin, eləcə də düşmən tapdağı altında qalan torpaqlarımızın işğalı ilə xalqımız heç zaman barışmadı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diplomatik fəaliyyəti, qəti mövqeyi, Müzəffər ordumuzun rəşadəti sayəsində 44 gün davam edən Vətən müharibəsindəki qələbə nəticəsində Şuşa şəhəri işğaldan azad olundu. Tarixi ədalət bərpa edildi, haqq öz yerini tutdu.
Bundan sonra aparılan bərpa və yenidənqurma işləri nəticəsində inanırıq ki, Şuşa öz yaralarını saracaq və yenidən dünyanın ən gözəl, ən abad şəhərlərindən birinə çevriləcək.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki