image-qanunla-reklam
image-7e84a347e8-dovletciliyimizin-musteqilliyimizin-remzi

Üçrəngli bayrağımızın şanlı tarixi

image-lady-day-az

Üçrəngli bayrağımızın şanlı tarixi

Azərbaycan Respublikasının Dövlət Gerbi və Dövlət Himni ilə birlikdə Dövlət Bayrağı ölkəmizin milli rəmzləridir. Bayraq bir xalqın kimliyini, birliyini və milli suverenliyini  simvolizə edən ən vacib rəmzlərdən biridir. İstər tarixi bayramlarda, xalqımızın sevincli günlərində, Zəfər tədbirlərində, istərsə də dövlət-ictimaiyyət xadimlərinin, mədəniyyət nümayəndələrinin, eləcə də şəhidlərimizin dəfn mərasimində bayrağımızın həmin tədbirlərin əsas atributlarından birinə çevrilməsi göstərir ki, bayraq bizim üçün həm də milli həmrəyliyimizin rəmzidir.  Xalqın bayrağa olan sevgisi, birlik və vətənpərvərlik duyğularının göstəricisidir, ona görə də bayraq hər bir vətəndaş üçün müqəddəsdir və qorunması vacibdir.

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının təsdiq edilməsi haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olub.

Azərbaycanın Müvəqqəti  hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər.

Sonrakı tarixi hadisələr, xüsusən həmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu fikri söyləməyə əsas verir.  Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etdi.

Dövlət Bayrağımızdakı  üç rəng – mavi, qırmızı və yaşıl – hər biri ayrılıqda Azərbaycanın istiqlal ideologiyasını əks etdirir. Bu rənglərin ideoloji əsasını XX əsrin əvvəllərində  görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə tərəfindən ortaya qoyulmuş “Türkçülük, müasirlik və islamçılıq” prinsipi təşkil edir.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru

 

 

İdeoloji təməl

Bayraq istənilən ölkənin dəyər verdiyi ən mühüm atributlardan biridir. Buna görə də, Azərbaycan bayrağı hər bir azərbaycanlı üçün şərəfli və dəyərlidir. Bayraq hər bir millətin mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq qabiliyyətinin başlıca göstəricisidir. Buna görə də, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur mənbəyi hesab edilir. Bayraq həm də xalqın apardığı azadlıq mübarizəsinin ən real ifadəsidir. Məhz bu baxımdan Azərbaycan xalqının azadlığını, dövlətimizin suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəsini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.

Azərbaycan bayrağı  azadlıq və müstəqillik simvolu olmaqla yanaşı, zəngin tarixi keçmişə malikdir. Hər bir rəngi, hər bir simvolu xalqımızın mübarizəsini, inamını və dəyərlərini əks etdirir.

Bayrağımızın ilk dəfə qəbul edilməsi 1918-ci ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra milli rəmzlərin, o cümlədən bayrağın təsdiq olunması zərurəti yarandı. Müxtəlif variantlar müzakirə olunduqdan sonra, nəhayət, 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edildi.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.

Fərəhləndirici faktdır ki, qədim tarixə malik Azərbaycan Dövlət bayrağının yüksəklərdə dalğalanması üçün xalqımız çox çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçmişdir. Böyük qan bahasına başa gəlmiş bayrağımızın dövlət atributuna çevrilməsi və dünya birliyi tərəfindən tanınması Azərbaycan xalqının uzun əsrlər boyu apardığı mücadilənin nəticəsidir. Əlbəttə, əbədi müstəqilliyimizin ən ali simvolu olan üçrəngli bayrağımızın zirvələrdə əbədi dalğalanması hər bir azərbaycanlını qürurlandırır. Buna görə də, milli düşüncəmizdə bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərmiş, bu bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru

 

 

Bayraqdarımız – Ümummilli Lideri Heydər Əliyevin tarixi qərarı.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası (indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin binası) üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə – Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən  müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kurs və dövlətçilik fəlsəfəsidir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar, nəinki Naxçıvanı, bütövlükdə, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən dahi lider Heydər Əliyevin milli dövlət quruculuğu sahəsində qəbul etdiyi mühüm qərarlar Naxçıvanda milli dirçəlişin əsasını qoymaqla Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi gələcək fəaliyyətinin siyasi və ideoloji əsaslarını müəyyən etdi. Bu dövrdə xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi.Həmin gün Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda dalğalandırıldı, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edildi.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul olunub. Böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur

Bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən Dövlət bayrağı haqqında Ulu Öndər Heydər Əliyev danışarkən qeyd etmişdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”.

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş və 1920-ci ilin  aprelinədək dövlət statusuna malik olmuşdur. Həmin Bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq  təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında» qanun qəbul edərək onu  Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

2004-cü il iyunun 8-də «Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Sözügedən Qanunla Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.

Bu gün Dövlət Bayrağı respublikanın dövlət qurumları və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mühüm beynəlxalq tədbirlər, mərasimlər və məclislərlə yanaşı, iri miqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli bayrağımız təcəssüm etdirilir. Azərbaycan   Respublikası Prezidentinin «Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında» 2007-ci il  17 noyabr tarixli sərəncamı  Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini  müəyyən etmişdir.

Azərbaycan Respublikasının Dövlət Bayrağının ilk dəfə rəsmi surətdə qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikası dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də «Azərbaycan Respublikası Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» sərəncam imzalamışdır. O vaxtdan hər il noyabrın 9-da Azərbaycan   Respublikasının Dövlət Bayrağı Günü qeyd edilir. Bu bayram  qeyri-iş günü olan bayramlar sırasına daxil edilmişdir.

 

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki