image-qanunla-reklam
image-1683877309_cudo

“Uduzmuş idmançı haqqında söylənilən fikir onda mənəvi-psixoloji sarsıntı yarada bilər”

image-lady-day-az

Qətərin paytaxtı Doha şəhərində mayın 7-də başlamış cüdo üzrə dünya çempionatında Azərbaycan yığma komandası üzvlərinin uğursuz çıxışları mediada ciddi tənqid olunur. Son dövrdə müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr göstərən güclü və tanınmış cüdoçularımızın çempionatın ötən 4 günü ərzində tatamini məğlub tərk etmələri təəssüf doğursa da, idmanda hakim səhvlərinin və ya bəxti gətirməmək amilininin olmasını da unutmamalıyıq. 

“Qanunla.az” xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov bu məsələyə münasibət bildirib.

“Müxtəlif beynəlxalq mötəbər yarışlarda iştirak edən cüdoçularımız öz qələbələri bizi az sevindirməyiblər. İdmanda uğur və uğursuzluq təbii haldır, iki rəqibdən biri qalib, biri məğlub olur. Uduzmuş idmançı haqqında söylənilən hər hansı lüzumsuz söz, fikir onda mənəvi-psixoloji sarsıntı yarada bilər. Belə təzyiqə məruz qalan idmançıdan sonrakı yarışlarda uğurlu nəticə gözləmək mümkündürmü? Axı beynəlxalq yarışıların miqyası təkcə dünya çempionatı ilə məhdudlaşmır… Bunu nəzərə almaq vacibdir. Məsələn, Dohada medal ümidlərimizdən biri, “Judo Club 2012”nin yetirməsi, 90 kq çəki dərəcəsində mübarizəyə qoşulan Murad Fətiyev 1/8 finalda məğlub olsa da, təqdirəlayiq əzmkarlıq nümayiş etdirdi. Murad ilk qarşılaşmada rumıniyalı Aleks Kretə, sonra Avropa çempionatının ikiqat bürünc mükafatçısı yunanıstanlı Teodoros Tselidisə qalib gəldi. Onun 1/8 finaldakı rəqibi isə kubalı İvan Felipe Silva Morales idi: 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçı, dəfələrlə Panamerika çempionatının və bir sıra mötəbər turnirlərin qalibi… Bu təcrübəli idmançı ilə də Murad yüksək səviyyədə, sonadək mübarizə apardı və yalnız əlavə vaxtda məğlub oldu. Onun işlətdiyi fəndin hakimlər tərəfindən qeydə alınmaması da nəticəyə təsirsiz qalmadı. Ümidvaram ki, Muradın idman karyerasında uğurlu çıxışları, qələbələri hələ çox olacaq”.

Xatırladaq ki, Dohada 99 ölkədən 657 (343 kişi, 314 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 9 kişi və 4 qadın ilə təmsil olunur. Çempionat mayın 14-də başa çatacaq. Həmin gün yarış komanda formatında keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki